Şairlər niyə içir? - Sorğu

“Şair” sözü eşidərkən, zaman-zaman insanların təsəvvüründə səliqəsiz geyinmiş, tərki-dünya, daim məst-sərxoş gəzib-dolaşan bir insan obrazı canlanıb.

Maraqlıdır ki, bu obraz dövrə görə bəzi fərqli xüsusiyyətlər nəzərə alınmazsa, dəyişməz qalıb.
Əlbəttə, bunu da qeyd etmək vacibdir ki, klassik ədəbiyyatda təqdim edilən "məst olmaq" anlayışı ilə hazırda qəbul edilən, spirtli içkilər içərək fiziki cəhətdən sərxoş olmaq anlayışı tam fərqli məfhumlardır. Biz bu sorğumuzda əksər şairlərin sözün gerçək mənasında sərxoşluğa meylinin səbəblərini tapmağa çalışmışıq. Bakuinfo.Az-ın “Şairlər niyə içir?” sualını tanınmış qələm adamları cavablandırır.
Musa Yaqub: “Mənə elə gəlir, şairlərin niyə içib-içməməsinin böyük sirri yoxdur. Şair azadlığa can atmaq istəyir, ona görə içir. Şairlərin belə qəribə bir xarakter olur. Yəni hər şeydə azadlıq axtarırlar. Axı içkidə azadlığa canatma var. Deyirsən, nə qədər istəyirəm, içəcəm, çünki mən sərbəstəm. Şairlər belə hisslərlə yaşayır. Amma buna bədən dözmür, ürək dözmür. Zaman keçir, canında ağrılar, içkinin fəsadlarını hiss eləyirsən. Ümumiyyətlə, içki çox ağır söhbətdir və çox ağır mövzudur. Həmişə o fikirdə olmuşam ki, içki mövzusunu ümumiləşdirib bir hala gətirmək ağır məsələdir. Mənim xeyli yaşım var. Düzü, içməklə bağlı bu günə kimi heç kimə tövsiyə verməmişəm. Heç verə də bilmərəm. Nə də deyə bilmərəm ki, elə içmə, belə iç. Çünki içki bir az da şəxsi məsələdir. Bircə bildiyim odur və həmişə özümə də deyirəm ki, içki həddində gözəldir. Gərək aludə olmayasan. Gərək içkiyə boyun əyməyəsən, içkiyə məğlub olub uduzmayasan, onun arxasınca getməyəsən ki, həmişə içə biləsən. Yoxsa ki, içirsən, içirsən, cavan yaşında canın azara düşür, sonra onun-bunun ağzına baxa-baxa qalırsan. Görürsən, hamı içir, sən də fikirləşirsən ki, kaş mən də bir yüzcə qram vura biləydim. Bunların hamısını nəzərə almaq lazımdır”.
Aqşin Yenisey: “Keçən əsrin ortalarında Amerika alimi Oldz siçovullar üzərinda apardığı tədqiqatlarla sübut etdi ki, cənnət və cəhənnəm anlayışı bütün canlıların beyinlərinin "emosional xəritəsində" konkret yer adlarıdır. O, elektrodlar vasitəsilə müxtəlif heyvanların beyin təbəqələrinə impluslar ötürərək, hətta onların yerini də tapdı. Sübut etdi ki, cəhhənəm nöqtələri beyinin daha dərin, cənnət nöqtələri isə nisbətən qabıq təbəqəsində yerləşir. Kənar təsirlər vasitəsilə beynin həm cənnətini, həm də cəhənnəmini oyatmaq olar. Yaradıcılıq insan beyninin daha çox cəhənnəm payının təsiri altında yaranır. Beynin cəhənnəmi oyaq olanda insan daha çox qorxu, həyəcan, əsəb, iztirab keçirir. İnsan uzun müddət bu gərginliyin altında yaşaya bimədiyi üçün, daima beyninin cənnətini oyadan vasitələr axtarır. Qədim yunan mifologiyasında eyş-işrət allahlara xas həyat tərzi idi. İçki, siqaret, narkotik vasitələr və s. bütün bu "ziyanlı" vərdişlər insanın öz beynindəki cənnəti oyandırmaq, öz cəhənnəmidən müxəqqəti də olsa qaçmaq, qurtulmaq cəhdləridir. Yaradıcı adamlara isə bu cənnət ikiqat lazımdır, çünki onlar adi adamlar kimi, yalnız gündəlik problemlərin cəhənnəmidən savayı, həm də yaradıcı gərginlik içində yaşayırlar. Oldzın və mənim dediklərimi daha aydın başa düşmək üçün ətrafımızdakı o dünyanın cənnətini qazanmaqdan ötrü bu dünyanı cəhənnəmə çevirən insanlara diqqətlə fikir verin. Bu cür adamlar yaşadıqları həyatdan heç bir zövq almağı bacarmayan, öz beyinlərinin cənnəti inkar edib, yalnız cəhənnəminin təsiri altında olanlardır. Onların heç bir yaradıcı funksiyası yoxdur, ona görə də hətta belə adamlar içki içəndə belə beyinlərinin cənnəti oyanmaq əvəzinə, cəhənnəm həyəcanı, ağrısı daha da şiddətlənir, onlar aqressiv olurlar, qisas almaq üçün günahkar axtarırlar və s. Sufilərin şəraba bağlılığı da Oldz təcrübələrinin fəlsəfəsi idi; bu dünyadakı cənnətə sahib olmaq.  Ona gəörə də yaradıcı adamların içki içməsini əxlaq, sağlamlıq, iradəsizlik kimi qiymətləndirmək, sadəcə, savadsızlıqdır. İnsanları əxlaqsız, iradəsiz, xəstə edən içki yox, beyinlərində gəzdirdikləri cəhənnəmləridir. Onu da deyim ki, alimlər insan beyninin yalnız beş faizinin cənnətdən ibarət olduğunu da hesablayıblar”.
Kənan Hacı: “Şairlər ona görə içirlər ki, onlar da başqaları kimi, adi insanlardır. Həkim, prokuror, mühəndis, aqronom, fəhlə niyə içirsə, şairlər də ona görə içirlər. “İçməyən şairdən şair çıxmaz” ifadəsi çox səfeh bir fikirdir. İçkini şairin faciəsi kimi anlamaq da kökündən yanlış bir düşüncədir. İçki təkcə çoxlu istedadları deyil, başqa sahənin adamı olub meyə ifrat dərəcədə aludə olan insanların da axırına çıxıb. Ömründə dilinə araq vurmayan gözəl şairlərimiz də var. İstedadı olmayan adam lap pivə çəlləyinin dibinə də baş vursa, ondan şair çıxmayacaq”.
Əsəd Qaraqaplan: “Həyat, yaradıcılıq adamı ağır enerjiylə yükləyərkən sən həyatının bütövlüyünü tənzimləməkdən ötrü içkiyə, qadına, ən yüngül əyləncələrə meyl etmək zorunda qalırsan. Ki, yenidən həyatını, yaradıcılığını qaydasına salıb, balanslaşdıra biləsən. Çox vaxt atılmış uşaqlar kimi gündəlik həyatda, ötəri qayğılarda hardasa naqis olmağa məcbursan ki, öz içinin təmizliyini qoruya biləsən. Dostoyevskini qınayırlar, o içki düşgünü, qumarbaz, nə bilim, qadınlara meyilli olub. Amma anlaya bilmirlər ki, Dostoyevskini ayaqda saxlayıb, bütün bu böyük əsərləri yazdıran da bütün bunlar idi. Amma bütün bunlarla yanaşı, içkini də ehtiyac olmadan içmək düzgün deyil. Yəni sən öncə bütün bunları öz içində duymalı, sonra buna qərar verməlisən. Məsələn, hansısa yaradıcı məhşurun dediyi bir məhşur kəlamı həyatına tətbiq etmək və dəyərləndirməkdən ötrü ən azından onun gəldiyi yol qədər yol gəlməlisən. Ona görə hansısa məşhurun sözü, həyat tərzi, içkisi, yüngül əyləncələrə meyli bunu duymayan adamlarda yalnış effekt yaradır. Mənim niyə içki içdiyimi bilməkdən ötrü mənim yaşantılarımı, duyduqlarımı duymaq lazımdı. Əlbəttə, içki, qadın və s. burda yalnız bir vasitədi, adam içməyib də başqa əyləncələrlə həyatını, yaradıcılığını balanslaşdıra bilər. Amma bütün bu vasitələrdən birinin, ya da bir neçəsinin olması, mən deyərdin, hətta qaçılmazdı. Bəzən yaradıcı adama ağıldankəm, səfeh, heç nəyə yaramayan biri kimi baxılsa da, çox zaman bunu o, özü istəyir. Çünki bütün bu yersiz, mənasız iradlardan, ətrafın basqısından yaxasını kənara çəkib yazmaqdan ötrü bunun vacibliyini duyur. Mənə həmişə elə gəlib ki, içdikcə imanım artır”.

Sərvər Şirin
Bakuinfo.Az

14.07.2015 11:51 / Baxılıb: 837 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo