Xaosun memarı - Corc Soros


Rusiyanın “Rossiyskaya qazeta” nəşrində Corc Soros haqqında “Xaosun memarı” başlıqlı məqalə dərc olunub. “Kaspi” qəzeti həmin məqalənin tərcümə variantını təqdim edir.

 

Amerikalı maliyyəçi və səhmdar, macar əsilli yəhudi Corc Sorosun adını bir çox ölkələrdə nifrət və lənətlə xatırlayırlar: 1990-cı illərin əvvəllərində külli miqdarda funt sterlinqin dövriyyəyə buraxılmasından əziyyət çəkmiş ingilis bankirlərdən tutmuş Şərqi Avropa dövlətlərinin liderlərinə, onun iştirakı ilə təşkil olunmuş “narıncı inqilablar”da “məhv olan qurbanlar”a qədər.

 

Bu yaxınlarda onun adı Makedoniyada “hallandı”. Son dövrə qədər dinc və firavan olan bu kiçik Balkan ölkəsindəki sakitlik Vaşinqton qırğılarının ürəyincə deyildi. Makedoniyada az qala növbəti “rəngli Soros” inqilabı baş verəcəkdi. Gəlin obyektiv olaq: heç kim Sorosun uğurlu biznesmen, Qərbdə valyuta mübadiləsi sahəsinin “kral”ı olduğunu inkar etmir. O, 19 milyardlıq varidatının çoxunu birjada səhmlərin qiymətini aşağı salmaqla qazanıb. Soros təkcə maliyyə sahəsində uzaqgörənliyi ilə fərqlənmir. O, ölkə daxilindən əldə etdiyi məlumatlardan yüz faiz istifadə etmək qabiliyyətinə malikdir. Lakin biznesmen açıq manipulyasiya etməkdən də çəkinmir. Və yaxud, sadə dillə desək, özünə yaxın analitik resurslar vasitəsi ilə siyasi və maliyyə çevrələrinə, yenə də özünün idarə etdiyi spekulyantlarla birlikdə maliyyə bazarını çalxalayan “dezinformasiya” buraxır. Belə ki, 1998-ci ilin 13 avqustunda Soros bildirib ki, Rusiyada devalvasiya tələb olunur. Həmin dövrün rəhbərlərinin təminatına baxmayaraq, bir neçə gündən sonra rubl çökdü.

 

Soros həqiqətən də şər dahisidir. O, pulunu və özünü, obrazlı dillə desək, insanlardan gizlədən “Skruc dayı” deyil. Müəllimi, avstriyalı fəlsəfəçi Karl Popperdən təsirlənən Soros “açıq cəmiyyət”in tərəfdarı olduğunu həmişə bildirib. Bu onun həyat fəlsəfəsidir. Soros o “ağa”lardandır ki, “qədirbilən auditoriyaya” ianələr verir. Bunun qrantlar və yaxud dərsliklər şəklində olmasının heç bir fərqi yoxdur. Baxmayaraq ki, 1990-cı illərin əvvəllərində köməkçiləri vasitəsi ilə Rusiya universitetlərini bu dərsliklərlə doldurmağa çalışırdı. Bu addımlar ölkə rəhbərliyi, siyasətçilər və ziyalılar tərəfindən mənfi qarşılanmışdı.

 

Soros bu cür ianələri ABŞ-da deyil, digər dövlətlərdə xərcləməyə üstünlük verir: artıq onun fondu 25 ölkədə fəaliyyət göstərir. O, qurban verən şəxslərdən biridir. Üstəlik, bu ianələr milyonlarla dollara bərabərdir. Lakin o öz fondundan bur çox hallarda xeyriyyəçilik məqsədi ilə istifadə etmir. Bunu qeyd etmək kifayət edir ki, 3 dəfə evli olan, 5 uşaq atası və eynicinsli nikahların tərəfdarı olan Soros 20 il ərzində ABŞ-da marixuananın leqallaşdırılması üçün mübarizə aparan hərəkata 200 milyon dollar məbləğində pul xərcləyib. O, 2004-cü ildə seçkiqabağı kampaniyada, aralarında olan soyuq münasibətə görə, Corc Buşu gözdən salmaq məqsədi ilə 27 milyon dollar pul xərcləmişdi. Qoy bunlar ABŞ-ın daxili işi olaraq qalsın. Lakin bizi başqa məsələlər daha çox narahat edir: Soros imperiyasına daxil olan “xeyriyyə” fondları ayrı-ayrı ölkələrdə QHT-ləri maliyyələşdirərək, burada müxtəlif “rəng” və “çalarlara” malik inqilablar etməyə çalışır. Buna misal kimi, 2003-cü ildə Gürcüstanda baş verən “qızılgül” və Ukraynada iki dəfə başverən “narıncı-maydan” inqilabını göstərmək olar. 

 

Deyilənə görə, onu gözünə uzun müddət baxmaq mümkün deyil. Bir ekspertin dəqiq ifadə etdiyi kimi, insan onun ağrı və ümidsizlik dolu baxışları ilə rastlaşmaq istəmir. 

 

Gəlin iqtisadi və siyasi analizləri bir anlıq qırağa qoyaq. İlk öncə onun etdiyi hərəkətlərin motivlərini anlamağa çalışaq. Bunları ilk öncə onun uşaqlıq illərində axtarmaq lazımdır. O, sənədləri saxtalaşdıran atasının hesabına Almaniyada yəhudi düşərgələrinə düşməkdən xilas ola bilib. İkinci Dünya Müharibəsindən başlayaraq SSRİ, daha sonra Rusiya ona öküzün qırmızı rəngi görməsi kimi təsir edirdi. Yeri gəlmişkən, onun atası vəkil və yazar olub. Birinci Dünya Müharibəsi zamanı könülü olaraq hərbi xidmətə gedib. Lakin daha sonra, ruslara əsir düşdükdən sonra, Sibirə göndərilib. Lakin Sorosun atası əsirlikdən qaçaraq, yenidən öz doğma şəhəri Budapeştə qayıda bilib. 

 

İkinci Dünya Müharibəsi zamanı sağ qalmağı bacaran Corc Soros əzab və qorxu dolu uşaqlıq illərindən öz həyat fəlsəfəsini yarada bilib. Sadəcə olaraq, onun bir fikrini qeyd etmək kifayət edir: “Mən heç vaxt başqalarının dediyi qaydaları qəbul etmirdim. Əgər mən bunu etsəydim, artıq sağ qalmazdım”. Bu sözləri başqa bir fikri ilə tamamlamaq mümkündür: “Mən sizin edə biləcəyiniz hər şeyə tüpürmüşəm. Mən hər şeyi bacara bilirəm. Və mütləq buna nail olacağam”.

 

1992-ci ilin 16 sentyabrı İngiltərə üçün “qara çərşənbə” olaraq tarixə düşdü. Həmin gün Soros İngiltərə funt sterlinqini Almaniya markasına nisbətən aşağı salaraq, bir milyard dollar məbləğində pul qazana bilmişdi. Lakin 1950-ci illərdə o, İngiltərədə iş tapa bilməmişdi. 1940-cı illərdə London İqtisadiyyat Məktəbini bitirdikdən sonra Soros öz ixtisasından başqa, alma satıcısından tutmuş menecerliyə qədər bütün işlərlə məşğul olmuşdu. İngiltərə bankları milliyyətinə və himayədarı olmadığına görə ona pul verməkdən həmişə imtina edib. Lakin 40 ildən sonra Soros hiyləgərcəsinə birjalardan bir qədər Britaniya valyutasını almağa müvəffəq olur. 1992-ci ilin 16 sentyabrında o, birdən-birə birjalara 5 milyard funt sterlinq buraxaraq, həmin valyutanı çökdürə bilmişdi. Bütün Britaniya bu hadisədən şokda idi. Onlar Atlantik okeanının o biri tayından belə bir addım atılacağını gözləmirdilər. Soros isə bu günü britaniyalıların əksinə olaraq, “ağ çərşənbə” adlandırmışdı. 1997-ci ildə o, birja spekulyantları vasitəsi ilə başda Malayziya və Sinqapur olmaqla, bəzi Asiya-Sakit okean bölgəsinə aid olan ölkələrin valyutalarını da aşağı salmışdı. Bundan sonra onun növbəti hədəfi Çin idi. Lakin Pekində onun cəhdlərinin qarşısı alınmışdı.

 

“Mən hər şeyi bacarıram və mən bunu edəcəyəm”- məhz bu prinsiplərə görə onun hərəkətləri izah oluna bilər. Həmçinin bu prinsiplər vasitəsi ilə Soros ABŞ üçün lazımsız olan bir çox rejimləri devirə bilmişdi. Onlar bir –birlərini yaxşı tapıblar - Ağ Ev və birjanın böyük Oyunçusu.

 

Bu cür insanları qəhrəmanlıq hərəkətləri etmək üçün kökləmək lazım deyil. Güclü və çiçəklənən Rusiya Soros üçün göz ağrısı kimi bir şeydir. Hələ 2014-cü ilin mart ayında, Poroşenko prezident olmadığı və Donbasda qan tökülmədiyi vaxtda, ABŞ kəşfiyyatının keçmiş işçisi Skot Rikard “Press-TV” kanalına verdiyi müsahibədə sensasiyalı fikirlər səsləndirib. O bildirib ki, ABŞ dövləti təkcə “Maydan-2014” inqilabı üçün 5 milyard dollar pul xərcləyib. Lakin onun digər fikirləri bu şokedici rəqəmlərin “kölgəsi”ndə qaldı. Belə ki, S.Rikard qeyd edib ki, Kiyevdə hakimiyyət çevrilişinə sponsorluq edən əsas şəxslər “Ebay” şirkətinin rəhbəri Pyer Omidyar və Corc Soros olub. 

 

Soros dolları üçün insan əzabları və hissləri maraqlı deyil. Nasist zülmündən sağ qala bilən şəxs üçün uşaqlıq illərini keçirdiyi dövlətdən yüz kilometrlərlə uzaqlıqla qan tökülməsi, çölə çıxan 5 yaşlı uşağın raket zərbəsi nəticəsində ayağının qopması və sair kimi hadisələr o qədər də önəmli deyil. 

Sorosun pulu sağa-sola xərcləyərək yalnız xaos yaratmaq istədiyini düşünmək sadəlövhlük olardı. Sadəcə olaraq, o, Vaşinqtonun gizli işlərini görə biləcək potensialda olan şəxsdir. Bilderberq klubunun üzvü olan şəxslər kölgədə qalmağa və mediada görünməməyə üstünlük verirlər. Lakin Soros öz fikirləri haqqında bölüşməkdən çəkinmir. O, 2015-ci ilin aprel ayında Brüsseli Rusiya ilə münaqişədə Ukraynaya hərbi dəstək verməyə çağırırdı.

 

Bu yaxınlarda Soros dünyanı Vaşinqton ilə Pekin arasında olacaq dünya müharibəsi ilə qorxutmağa çalışırdı. Hətta bu barədə iki məsləhət də verdi. Birincisi, o, ABŞ hökumətini Çin yuanını Beynəlxalq Valyuta Fondunun səbətində saxlamağa çağırırdı. İkincisi, ABŞ rəhbərliyinə Rusiya ilə Çin arasında əlaqələrin daha da güclənməsinə mane olmağı məsləhət görürdü.

 

Əlbəttə, belə fikirləri Corc Sorosun yaşı ilə də əlaqələndirmək mümkündür. 2015-ci ilin 12 avqustunda onun 85 yaşı tamam olacaq. Lakin bir şeyi başa düşmək lazımdır ki, Soros hansı yaşda olmasından asılı olmayaraq fikirlərin onun üçün necə nəticələnəcəyini əvvəlcədən hesablayır. Təkcə öz maraqları üçün deyil, həm də əldə edəcəyi böyük gəlir üçün. 

 

Yeri gəlmişkən, Sorosun bir müddət bundan əvvəl Kiyevdə olduğu bildirilirdi. Lakin o, jurnalistlərin gözündən yayına bilib. Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Viktor Medvedçuk milyarderin Ukrayna səfəri haqqında danışarkən qeyd edib ki, Soros baş nazir Yatsenyukun köməyi ilə “Naftoqaz Ukrayna”nı üç hissəyə parçalamağa və özəlləşdirməyə çalışırdı: “O, pulun, korrupsiyaya bulaşmış sistemin olduğu ölkələrdə fəaliyyət göstərir. Lakin Ukraynada, hökumətin korrupsiyaya qarşı mübarizə apardığı dövrdə belə bir şərait mövcud deyil”.

 

Tərcümə etdi:

Sənan Əhliman 

2.06.2015 11:19 / Baxılıb: 1549 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo