Park və xiyabanlar rayonu: Binəqədi - FOTOLAR

   Bu gün Azərbaycanın bütün bölgələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni-yeni inzibati və yaşayış binaları, müxtəliftəyinatlı sosial obyektlər, xidmət və istirahət mərkəzləri,  park və xiyabanlar istifadəyə verilir. Bütün bunlar insanların rifah halının yüksəlməsinə, yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edir. Binəqədi Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu məqsədlə həyata keçirilən tədbirlər təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbə və mikrorayonlarda da qabarıq hiss olunur, rayon sakinlərinin razılığı ilə qarşılanır. Geniş quruculuq tədbirləri çərçivəsində yeni parkların salınmasına, köhnələrinin isə əsaslı şəkildə qurulmasına xüsusilə diqqət yetirilir. Elə bunun nəticəsidir ki, hazırda Binəqədi paytaxt Bakının tabeliyində  park və xiyabanlar rayonu kimi də məşhurlaşmağa başlayır.

   İlk öncə qeyd edək ki, Binəqədi rayonunun ən böyük iki parkı ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın adını daşıyan parklardır. “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında, Azadlıq Prospektində yerləşən Heydər Əliyev adına istirahət parkı 2013-cü ilin yayında tamamilə yenidən qurulub, şəhər sakinlərinin istifadəsinə verilib. Parkın giriş hissəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ulu öndər Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb. Parkda paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb. Beş hektara yaxın sahəni əhatə edən parkda əvvəllər mövcud olan, lakin baxımsızlıq üzündən yararsız hala düşmüş tikililər sökülüb, bütün kommunikasiya xətləri dəyişdirilib. Parkın yerləşdiyi ərazinin mürəkkəb relyefi nəzərə alınmaqla tikintidə landşaft memarlığından istifadə edilib. Dünyanın müxtəlif ölkələrindən gətirilən çoxillik bitkilər əkilməklə yaşıllıq zolaqları salınıb. Parkda əvvəllər mövcud olan ağac növlərinin bir qismi saxlanılıb. Bununla yanaşı, 60 min kol, 10 min sarmaşıq, 600-dən çox uzunömürlü ağac əkilib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Bununla yanaşı, parkda uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri də quraşdırılıb. Gənclərin istirahəti və asudə vaxtlarını səmərəli keçirməsi üçün isə parkın mərkəzi hissəsində yerləşən İnternet kafedə hər cür şərait yaradılıb.

   İstirahət məkanının ən yüksək ərazisində 85 metrlik platforma quraşdırılıb. İstirahət guşəsinin bu hissəsində fərqli ölçülərdə 70-dən çox kürəşəkilli xüsusi fənərlər quraşdırılıb. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən məharətlə istifadə olunub. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə də yaradılıb. Fəvvarə parka xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada, həmçinin müxtəlif tədbirlərin keçirilməsi üçün avanqard üslubda səhnə və amfiteatr formasında oturacaqlar quraşdırılıb. Çoxsaylı güzgülərdən ibarət kürə formalı memarlıq elementi də parka yaraşıq verir. Parkın işıqlandırılması da mükəmməl formada həyata keçirilib. Belə ki, parkın gecə işıqlandırılması üçün ətrafa füsunkar yaraşıq verən 2630 lampa quraşdırılıb.

   Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində, Cavadxan və İlqar Cümşüdov küçələrinin kəsişməsindən başlayaraq, “Nəsimi” metrostansiyasının çıxışına qədər uzanan Zərifə Əliyeva adına istirahət parkı isə ümummilli lider Heydər Əliyevin sağlığında istifadəyə verilib. Ulu öndər bu parkın və oradakı fəvvarənin mərkəzində ucaldılan Zərifə xanım Əliyevanın heykəlinin açılışından sonra Binəqədi sakinləri ilə görüşüb, onlara bu parkda mənalı istirahət arzulayıb. Ötən müddət ərzində bu parkda da xeyli quruculuq işləri görülüb, çoxsaylı çinar və həmişəyaşıl şam, zeytun ağacları, ən müxtəlif gül kolları əkilib, yeni skamyalar quraşdırılıb. Parkdakı kafeteriyada şəhər sakinlərinin istirahət və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Balacaların əylənməsi üçün isə parkda ən müxtəlif atraksionlar quraşdırılıb.

   Bu ənənənin davamı olaraq, son iki ildə “Abad Məhəllə” layihəsi çərçivəsində Binəqədi rayonun ayrı-ayrı ərazilərində də yeni istirahət parkları tikilib, küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənib, müasir küçə fənərləri, yeni, yaraşıqlı dayanacaqlar quraşdırılıb. Misal üçün, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 115 saylı binanın arxa hissəsində sakinlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün yeni məhəllələrarası park salınıb. Parkda fəvvarə daxil olmaqla bir sıra qurğular quraşdırılıb, yeni gül kolları, həmişəyaşıl ağaclar əkilib. Məhəllə daxili parkda əhalinin asudə vaxtının  səmərəliliyinin təmin edilməsi məqsədilə hər cür şərait yaradılıb, oturacaqlar,  uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb.

   Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi məqsədilə Binəqədi rayonunda ölkənin ən böyük məscid kompleksi tikilib, ötən ilin sonunda istifadəyə verilib. Qafqazın ən böyük məscid kompleksinin tikintisi ilə bərabər, ətrafdakı yaşayış binalarının fasadında, məhəllədaxili yollarda və parklarda da geniş abadlıq işləri görülüb. Məscidə ibadətə gələnlərin rahatlığını təmin etmək məqsədilə Həmzə Babaşov, Zeytunluq, Üzeyir Hacıbəyov və Svetlana Məmmədova küçələrini, bir sözlə, 9-cu və 6-cı mikrorayonları ən qısa məsafədən birləşdirəcək yol tikintisi aparılıb. S. Məmmədova küçəsi 201 və 203 saylı binaların, R. Behbudov küçəsi, 1a və 1b saylı binaların,  fasad örtükləri dəyişdirilib. H. Babaşov küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20 və 21 saylı evlərdə yenidənqurma işləri aparılıb. Bundan əlavə, sözügedən ərazidə yaşıllaşdırma işləri də aparılıb, bəzi evlərin qarşısında dekorativ ağaclar, müxtəlif növ gül kolları əkilib, yaşıl qazonluq salınıb. Mir Cəlal küçəsi boyunca nəqliyyat vasitələrinin hərəkət etdiyi hissədə isə yol genişləndirilib və hərəkət istiqamətlərini ayıran səkidə yaşıllaşdırma işləri aparılıb. Həmin ərazidə də müxtəlif növ gül kolları, qazonlar salınıb.

   S. Məmmədova 205A ünvanında  yerləşən köhnə parkda abadlıq işləri aparılarkən 2 min kvadratmetrədək ərazidə yaşıl çəmən örtüyü salınıb, leylandra, klumba və digər ağaclar, 500-dək qızılgül və xrizantema gül kolları əkilib, geniş bəyaz söhbətgah quraşdırılıb. Parkda yeni işıq dirəkləri, oturacaqlar, urnalar, uşaq əyləncə, həmçinin idman meydançası yaradılıb. 246 saylı məktəbin önündə isə çoxsaylı leylandra növlü şam ağacları əkilib. Sözügedən ərazinin abadlaşdırılması işləri çərçivəsində “Məscid döngəsi” kimi tanınan hissədə yolu əhatə edən hasar örtükləri də xüsusi dizaynla yığılıb, şəbəkə işləri ilə bəzədilib. Bu işlərin davamı kimi, məscidin ətrafındakı zeytunluq adlanan ərazinin önündə də yaşıl çəmən örtüyü salınıb, 25 ədəd buksus, 2400 ədəd  müxtəlif  gül kolları əkilib.

   “Abad Məhəllə” və “Təmiz Binəqədi” layihələri çərçivəsində Binəqədi rayonunda yeni məhəllədaxili parklardan biri də 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 69 ünvanında salınıb. Ümumi hissəsinin 1350 kvadrat metr ərazisində qazon örtüyü salınan parkda bir fəvvarə, iki söhbətgah, 24 işıq dirəyi, 20 oturacaq ,12 urna və  idman qurğuları meydançası quraşdırılıb. Bundan əlavə, sözügedən parkda mindən çox müxtəlif adda yerli və Hollandiyadan gətirilmiş gül və ağac kolları, 165 jasmin sarmaşıq kolu, həmçinin jasmin çətiri əkilib. Parka açılan birinci mərtəbədəki mənzilləri gün işığından və yağış sularından qorumaq üçün xüsusi günlüklər quraşdırılıb. Rayon sakinlərinin rahat və firavan yaşayışının təmin edilməsi məqsədilə yaradılan bu park indi ətraf binalarda yaşayanların ən sevimli istirahət yerinə çevrilib.

   Son olaraq qeyd edək ki, rayon ərazisindəki yaşayış məntəqələrində yeni parkların salınması, abadlıq, təmir-bərpa işləri cari ildə də geniş vüsət alacaqdır. Bu işlər çərçivəsində hələlik növbəti istirahət parkının 6-cı mikrorayon İlqar Cümşüdov küçəsində salınması planlaşdırılıb. Öz müasir görünüşünə görə digərlərindən tamamilə fərqlənəcək bu və bunun kimi başqa yeni parkların da paytaxt, eləcə də Binəqədi rayon sakinlərinin sevimli istirahət məkanına çevriləcəyini əminliklə indidən söyləmək mümkündür.

 

Adəm ABBASLI

“Azadinform” İnformasiya Agentliyinin müxbiri

Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 Avropa oyunları ərəfəsində elan olunan və “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir

28.01.2015 08:00 / Baxılıb: 1526 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo