Günel Həmidova ilə BİR GÜN...


“Həyatda ən dəyərli hədiyyəmi Allahımdan almışam” 

 

AZADİNFORM “BİR GÜN” rubrikasından növbəti müsahibəni oxucularına təqdim edir. Bu dəfəki həmsöhbətimiz vaxtilə Space TV-də teleaparıcı kimi fəaliyyət göstərmiş, hazırda isə Xəzər Tv-də yayımlanan “Bir ailəm var” teleserialının baş qəhrəmanlarından biri, sevilən gənc xanım aktrisa Günel Həmidovadır.

 

Günel xanım, ilk olaraq başlayaq etiraflardan... Deyirlər etiraf insana güc gətirir, amma bəzən də, göz yaşı... Bu deyimlə razısınızmı? 

 

- Bu bir qədər geniş anlam kəsb edir... Çünki etiraf etmək hər insana məxsus deyil. Bunu hər kəs bacarmaz... Həyat çətin bir prosesdir... Onu dürüst, saf yaşamaq daha da çətin. Çünki, zəmanəmizdə yalan danışmayan insana rast gəlmək demək olar ki,  qeyri-mümkündür. Deyərdim ki, insanın ucası isə səhvlərini dərk edib etiraf edən kəsdir... Səhv etmək hər kəsə məxsus xüsusiyyətdir. Sadəcə bu səhvi anlayıb düzəltməyə çalışırıqmı? Bax burada bir az cavab vermək çətindir, çünki, büdrəyirik. Şahidi olmuşam ki, əksərən günahkar özünü haqlı sayır. Yəni, etiraf etməyi lüzumsuz sayanlar çoxdur. Məncə insanın öz səhvlərini dərk etməklə yanaşı onu düzəltməyə çalışması onun böyüklüyüdür. Etiraf etməyi isə ar bilmək lazım deyil. Ona görə də, etiraf insana göz yaşı gətirsə də, bu yaşlar təmizliyə götürən göz yaşlarıdır...

 

Bəs, siz bu məqamı yaşamısınızmı? 

 

- Əlbəttə, yaşamışam... Həyatda ideal insan olmadığı kimi, səhvsiz insan da yoxdur. Lakin yenə də deyim, əsas odur ki, o səhvi anlayaq və özümüzü aldatmayaq... Mən də səhv etmişəm və bunu etiraf etməkdən çəkinməmişəm...

 

Tənhalığı sevən insansınız?

 

- Yox, bu hiss mənə yaddır. Sadəcə atamı itirdiyim zaman özümü çox tənha hiss etdim... Bu hissi heç kimə arzulamıram. Ancaq, heç sevmirəm təkliyi, tənhalığı... Hətta, sizə deyim ki, mən tək qalanda belə adicə şəhərin səs-küyü, maşınların səsi və s. olmayanda sıxılıram. Mən hüzuru təklikdə yox çoxluqda görürəm... Səsli-küylü Bakı bu baxımdan mənim üçün doğmadır... 

 

Günel xanım, deyirlər, tənhasansa bu o demək deyil ki, sən zəifsən. Bu o deməkdir ki, sən layiq olduğun şeyi əldə etmək üçün gözləyə biləcək qədər güclüsən. Ancaq bəziləri buna sadəcə tənha insanların uydurması kimi baxırlar. Siz bu barədə nə düşünürsünüz? Sizcə tənhalıq zəif insanlara məxsus bir haldır?

 

- Yox, qətiyyən bu cür deməzdim. Çünki elə götürək dahilərimizi, şairlərimizi onlar tək qalan zaman necə böyük işlər görüblər, şah əsərlər yaradıblar... Elə buradan müşahidə edək ki, tənhalıq heç də zəiflik deyil, həm də zəif insanlara məxsus bir hal deyil. Həyatda heç kim bilmir sabah başına nə gələcək. Elə insanlar var ki, onlar istəmədən tənha qalırlar. Kimisi doğmasını, yaxınını itirir və tək qalır. Burda zəifliyin bir göstəricisi yoxdur axı. Zəiflik o ola bilər ki, tənhalığa qapılıb elə oradaca qalmaq və heç bir şey etməmək. Lakin həyat gözəldir və hərəkət deməkdir. İnsan daim özü və gələcəyi üçün nə isə etməlidir ki, yaşamını təmin edə bilsin... Bax bunları edə bilməmək zəiflərə məxsusdur deyərdim...

Yəni, tənhalığın heç də pis olmayan tərəfləri də var. Əgər təklik bizim həyatımızın dəyişməz bir hissəsidirsə, ondan bu qədər qorxmağa dəyərmi? Sən əgər yaralanmısansa qarşındakı sadəcə yaranı görür və əzab çəkdiyini bilir, lakin o sənin həmin əzabını yaşamır. İnsan uşaq ikən kimlərinsə köməyinə möhtac olur, bəs, böyüdükdə buna ehtiyac varmı? Həyat heç bir zaman qarşımıza özümüzün həll edə bilməyəcəyimiz məsələləri qoymur. 

 

Bəs bu halda niyə öz gücümüzü yoxlamırıq ki?

 

- Əslində özünün tənhalığını dərk etmək insanı ilk olaraq üzür. Amma belə olan halda kiməsə nəyisə sübut etməyə, özünü doğrultmağa, başqasından anlayış gözləməyə, özünü nədəsə günahlandırmağa ehtiyac qalmır. İnsan özü başlayır öz həyatını düşünməyə, öz gücü ilə qalxmağa, kiminsə onun əlindən tutacağını gözləmir artıq. Özü nələrəsə nail olur və bu nailiyyətlərdə heç kimə borclu olmur. Yıxıldıqda kimsə ona görə üzülmür, yıxılır və yenidən qalxır. İnsan özü özünə tək arxayın olur. Bəlkə də, belə həyat bir çox tanışlıqlara son qoyur, lakin mənası olmayan tanışlıqlara son qoyur. Eyni andasa daha da böyük dostluqlara yol açır. Artıq yetişmiş, azad bir insan olur. Tənhalığın xoşbəxtliyi bax elə bundadır.

 

Həyatında həmişə ''çox şey'' sandığınız  insanların əslində "heç bir şey" olmasının yükünü daşımaq sizcə nədir?

 

- Bu insan üçün deyərdim, ən təsiredici məqamlardan biridir... Çünki birinə dəyər verirsən, inam bəsləyirsən və etibarlı bir insan hesab edirsən, bir sözlə, gözündə o insan hamıdan seçilir və ən yaxşı insan tipini bağışlayır. Yəni, ona qarşı həssas olursan. Ancaq bəzən həmin ürəyini qırmaqdan qorxduğun insan səni elə param-parça edər ki, vallah heç özün də inanmazsan olanlara... Deyirlər, ürəyə girmək çətindir, amma gözdən düşmək asandır... Yəni, yaşayan biri kimi deyirəm ki, məyusluq çox pisdir... İnsan biləndə ki, sənin qarşında heç də sanmadığın bir insan olub bəzən özünə qarşı heyfslənirsən. Lakin bu da var ki, bundan sonra dərsini də alırsan. Hər insanı dəyərli, əziz sanmaq olmaz kimi həyat dərsi... Həmçinin, məncə dəyərli olmaq üçün əvvəlcə dəyər verməyi bacarmaq lazımdır ki, çox şey sandığımız insanın əslində isə heç bir şey olmadığını zamanında anlaya bilək...

Buna görə də, insanlar haqqında hər hansısa fikir bildirəndə tələsmək lazım deyil. Çünki zahiri görünüş insanı aldadaraq, dəyərsizə dəyərli və dəyərliyə isə dəyərsiz dedizdirə bilər...

 

Günel, ətrafınızdakı insanlardan məmnunsunuz? Bu gün sizin əhatənizdə daha çox pozitiv yoxsa, neqativ ruhlu insanlar çoxluq təşkil edir?

 

- Mən özüm çox pozitiv insanam. Elə bu cür olduğum üçün də ətrafımda neqativ insanlar çoxluq təşkil edə bilməz. Mənim əhatəmdə, bu gün çox gözəl insanlar cəmləşib. Mən onları çox sevirəm, onlarla xoşbəxtəm demək olar ki... 

 

Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda onların dəyərini anlaya bilməzdik. Doğru insanı tapmaq sizcə bu qədərmi çətindir? 

 

- Bəli, səhv insanlar səhvləri etməmək üçün bir işarədir. Əslində bu həyatda səhv və ya düz insan anlamı mənim üçün birmənalı deyil. Çünki ola bilər ki, mən özlüyümdə düzəm, ancaq bu düşüncələrim kimlər üçünsə səhvdir, həmçinin də əksinə... Məncə, elə həyatın gözəlliyi də, anlamı da onu bu cür vasitələrlə dərk etməkdir. Çünki yolumuza səhv insanlar çıxmasa doğrunun dəyərini necə bilərdik? Demək ki, onların da qarşımıza çıxması uca Yaradanın insana qarşı olan sevgisidir... Doğru insanı isə tapmaq, deyərdim, nə çətin nə də asandır... Sadəcə diqqət və saflıq istər...

 

Günel xanım, bu gün yetərincə uğurlara yiyələnirsiniz, tanınırsınız, sevilib, seçilirsiniz... Olubmu ki, öz-özünə sərhəd qoymusunuz: çox yüksəyə çıxa bilmərəm, məndə "yüksəklik" qorxusu var, heç kimi yarı yolda buraxmaram. Məndə "alçaqlıq" qorxusu var. Bunları özünüz üçün deviz halına gətirmisinizmi?

 

- Çox gözəl bir deyimdir... Bəli, mən həyatda nə çox yüksəkliyə  nə də  alçaqlığa can atmışam... Sadəcə həyat tərzimi, bu günümü və sabahımı çalışmışam normal təmin edə bilim. Aparıcı kimi də çalışmışam, hazırda aktrisa kimi fəaliyyət göstərirəm. Lakin bu müddət ərzində mənim devizim o olmayıb ki, tanınım, məşhur olum və s. Mən sadəcə qazandığım və qazanacağım məvaciblə normal yaşamımı təmin etməyi qarşıma hədəf qoymuşam. Bu baxımdan məndə yüksəklik qorxusu yoxdur, çünki ona can atmıram. Yarı yolda buraxmağa gəlincə isə çalışıram sözümə və özümə sadiq olum. Çünki kimisə yarı yolda buraxmaq insanlığa xas bir keyfiyyət deyil axı... Çünki bu dünyada kim nə edirsə bir gün həmin etdiyi hadisə il rastlaşır... Qarşılaşdığım pisliklərə görə isə heç vaxt acıqlı, heyf çıxmaq iqtidarına olmuram. Düzdür, əvvəlcə çox əsəbi oluram və öz-özümə çox söz deyirəm: mən də bunu edəcəyəm, onu edəcəyəm və s. Ancaq bir az sonra isə hər şey keçir və mən onları Allahın öhdəsinə buraxıram... 

 

Çox gözəl. Sizcə həyatın keyfiyyəti uzunluğundadır ya mənasında?

 

- Əlbəttə ki, mənasında... Çünki uzun yaşamaq olar, ancaq onu mənasız yaşadınsa onda elə yaşamamış kimi varsan. Axı mənasız həyatı yaşamağın nə anlamı var ki? Ona görə də, uzun və mənasız yaşamaqdansa heç yaşamamaq daha yaxşıdır...

Həyat haqqında tarix boyunca bir çox fəlsəfi nəzəriyyə irəli sürülüb, həyatın başlanğıcı, qayəsi, mənası mövzusunda əsassız və insanı qane etməkdən uzaq müxtəlif şərhlər verilib. Həyatımızın mənası və məqsədi – bu məfhumlar hamımız üçün mühüm, maraqlı və tale yüklüdür. Çalışmaq lazımdır ki, bu tale yükünü bir az da özümüz yükə çevirməyək...

 

Uğurlarımız olduğu qədər də uğursuzluqlarımız da az olmur... Hətta, heç bir şey qaydasında getmir bəzən, nə edirsən elə, yenə də olmur! Ən çətini də elə budur: bütün bunlara rəğmən gülmək məcburiyyətində qalmaq. Çətinliyə düşəndə siz nə edirsiniz?


- Çətinliyə düşəndə tək qalıb ağlayıram... Lakin bu çox az çəkir. Və tezliklə toparlanıb o problemdən çıxış yolu axtarıram. Ailəm hətta mənə təəccüblənir ki, sən problemlərə qarşı necə bu cür pozitiv ola bilirsən? Sanki heç nə olmayıb... Çünki  belə etməsəm məncə, daha da məhvə doğru gedərəm. Çətinliyə düşəndə depressiyaya düşmək yox, həmin çətinlikdən çıxmaq üçün çarələr axtarmaq lazımdır. Belə etməsən heç kim sənə kömək edə bilməz. İnsanın elə ən böyük kömək edəni özüdür... Həmişə Allaha şükür etmişəm və hər dəfə demişəm ki, hətta insanın başına pislik də gələndə üz döndərməməlidir. Çünki o an üçün Allah öz bəndəsinin qarşısına ən məsləhətli tərəfi çıxarır. Nə isə xoşagəlməz hadisə baş verərkən ona da şükür etmək lazımdır, unutmamalıyıq ki, bundan da pis ola bilərdi...

 

Günel xanım, məlumdur ki, siz vaxtilə teleaparıcı kimi də fəaliyyət göstərmisiniz. Hazırda isə aktrisa kimi fəaliyyət göstərirsiniz. Maraqlıdır, teleaparıcı olaraq Günel Həmidova içindəkiləri daha yaxşı  ətrafa çatdıra bilir ya aktrisa olaraq?


- Deyim ki, mən bir işi sevməsəm heç vaxt onu edə bilmərəm. Hətta oradan güclü gəlir əldə etsəm belə onu etmərəm. Ancaq teleaparıcılığı da çox sevirəm. Lakin aktrisa həm teleaparıcıdır, həm həkimdir, həm müəllimədir və bir sözlə çox şeydir. Aktrisa peşəsi çox çətin bir sənətdir. Burda özünü təsdiq etmək çox da asan başa gəlmir. Çünki obrazı dərindən yaşamaq lazımdır. Mən isə özümü və içimdə olanları təbii ki, aktrisa olaraq ətrafa daha yaxşı çatdıra bilirəm. 

 

Hazırda Xəzər TV-də yayımlanan “Bir ailəm var” teleserialının baş qəhrəmanlarındansınız. Maraqlıdır, çəkildiyiniz bu serialdan başqa daha hansı Azərbaycan seriallarını izləyirsiniz? Ümumiyyətlə hazırkı teleserial bazarındakı vəziyyət barədə nə deyə bilərsiniz?


- Deyə bilərəm ki, Xəzər TV-də çalışdığıma görə yox, sadəcə olaraq bu telekanalda yayımlanan bütün teleserialları izləyirəm. Çünki çox bəyənirəm, ailəm də bu fikirdədir. Bir sözlə həmin telekanal ailəmizin telekanalıdır. 

Hazırkı teleserial bazarındakı vəziyyətə gəlincə isə deyə bilərəm ki, bu gün dövlət başçısı tərəfindən bu sahəyə böyük diqqət var. Yəni bir neçə illər öncə teleserial bazarı yox səviyyəsində idisə, bu gün artıq bu sahə inkişafa doğru irəliləyir. Çünki diqqət və dəstək var. Bu əlbəttə ki, incəsənət aləmini sevindirir. 

 

Bir az teleserialdakı canlandırdığınız obrazdan danışaq... Hazırkı obrazınızdan razısınızmı? Həm xarakter baxımından, həm də rol baxımından, sizcə hansı xüsusiyyətinizə görə bu rolu sizə veriblər?

 

- Teleserialın rejissorları  Rüfət Şahbazov və Vüsal Məmmədov bu rolu mənə təbii ki, inanaraq veriblər... Və birdən-birə məni dram janrında çəkilən seriala dəvət ediblər. Onlar mənə sözsüz ki, inandılar, dəvət etdilər və mən də onların inamını doğrultmaya bilməzdim. Fikrimcə, bu inam öz əksini uğurlarımızda və tamaşaçı rəğbətində tapır...

Şəms Təbrizi deyirdi ki, sevməyənə qarışqa da yükdür, sevənə isə fil də qarışqa kimi görünər. Dağı belə qaldırar insan, aşiq olub inanınca. Bəs, sizin anlamınızda sevgi necədir? Necə olmalıdır?

 

- Sevgi mənim üçün böyük məfhumdur. Burada heç də nə hazırda hamının birmənalı anladığı qadın və kişi sevgisindən getmir. Anaya, vətənə, dosta, bacıya, qardaşa olan hislərimiz var ki, bu və digər əzizlərimizlə bizi sevgi birləşdirir. Allaha səmimi inanan insanın qəlbində Allah sevgisi olur. Bu sevgi tərtəmizdir, məsumdur. Səbirlidir, güclüdür, səbəblərə görə dəyişmir, azalmır, zəifləmir. Getdikcə artır... Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allahdır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. İnsanın bütün hüceyrələri Allah sevgisinə görə yaradılıb. Buna görə Allah aşiqlərinin üzündə onları başqalarından fərqləndirən nur olur. Baxışları donuq, cansız, təbəssümləri belə süni görünən, ruh kimi gəzən insanlar isə həqiqətən Allah sevgisini yaşamayan bədbəxt insanlardır. 

 

Hər hansısa xoşbəxtliyə nail olan zaman, çoxları düşünür ki, əslində bu dünyada hər kəsə yetəcək qədər xoşbəxtlik varmış. Sadəcə onunla rastlaşmaq məqamı olurmuş. Sizcə bu dünyada hər kəsə yetəcək qədər xoşbəxtlik varmı? Elə isə niyə hər kəs xoşbəxt deyil ki?

 

- Mən deyərdim ki, xoşbəxt olmaq elə insanın özündən asılıdır. İnsan istəsə adi kiçicik bir şeylə də özünü xoşbəxt edə bilər. Lakin istəsə... İstəməsə,  nə olur olsun o yenə naşükürlük edəcək və xoşbəxt olmadığından gileylənəcək.

Əslində xoşbəxtlik  gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir. Xoşbəxtlik  insanın içindən doğur, xaricdən bunu almaq, ya da əldə etmək mümkün deyil. Mənə görə xoşbəxtlik – hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissi keçirməkdir. Təbii ki, bu hissi  uca Allah insana bəxş edir.

Bəziləri yalnız özünü düşünüb öz xoşbəxtliyini axtarır və  nəticədə onlarda heç nə alınmır və alınmayacaq.  Ancaq digərlərini düşünüb onlara öz xoşbəxtliklərini tapmaqda kömək etsələr  nəticədə özləri də bir o qədər sevinəcəklər. Yəni, bəli, hər kəsə yetəcək qədər xoşbəxtlik var, insan istəsə adi bir şeydən də xoşbəxt olmağa qadirdir...

 

Hədiyyə almağı sevirsiniz?

 

- Bəli, həm hədiyyə almağı həm də hədiyyəni verməyi çox sevirəm. Məncə, bunu sevməyən insan çox az tapılar. Bu, insanı rahatladır, şənləndirir və həyata, insanlara sevgisini daha da artırır. Lakin deyim ki, bəziləri qətiyyətlə bunu inkar edirlər və hədiyyə almağı yox, məhz verməyi xoşladıqlarını bildirirlər. Əslində isə belə deyil. Həmin şəxslərin hədiyyə almaqdan imtina etmələrinin sadə bir səbəbi var, nə vaxtsa hədiyyənin əvəzini qaytarmaq onlar üçün arzuolunmaz görünür. Lakin elə insanlar da var ki, hədiyyə aldıqları kimi verməyi də xoşlayırlar. Məncə, belələri ruhən zəngin və ürəyiaçıq olurlar. Ümumiyyətlə, hədiyyə almaq da, vermək də böyük bir incəsənətdir. Bu incəsənəti dərk etmək isə hər kəsə nəsib olmur...

 

Bu günədək ən böyük hədiyyəni  həyatdan yoxsa insanlardanmı almısınız?

 

- Həyatda ən dəyərli hədiyyəmi Allahımdan almışam. Və ona görə də, hər zaman Ona şükür edirəm...

 

Sonuncu sual... Etiraflarla başlayıb tale ilə bitirək. Deyirlər nəyəsə başlamaq üçün insan öz taleyinə güvənməlidir. Bəziləri isə bunu bacarıqla əlaqələndirirlər. Necə düşünürsünüz burada tale, yoxsa bacarıq əsasdır ki?

 

- Məncə nəyəsə başlamaq üçün əvvəlcə insan öz məsuliyyətini dərk edərək bacarığına, özünə güvənməlidir. Çünki həyatda elə şeylər var ki, orada taleyə bel bağlamaq mənasızdır... Çox şey insanın özündən və bacarığından asılıdır. Tutaq ki, mən nəyisə etmək istəyirəm və deyirəm ki, taleyimdə varsa olacaq, bu düzgün deyil axı... Doğrudur, insan öz qəlbində daim yaxşı şeylərə ümid etməli, beynində isə daim yaxşı şeyləri düşünməlidir ki, nəticə ürəkaçan olsun. Lakin bununla bərabər özü də çalışmalıdır...

 

Fidan ƏLİYEVA

8.10.2014 13:04 / Baxılıb: 3002 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo