Binəqədi qəsəbə bələdiyyəsi ekoloji vəziyyəti yaxşılaşdırır

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan respublikamızın sosial-iqtisadi inkişaf konsepsiyası Azərbaycan xalqının mənafeyinə xidmət etməklə, ölkəmizin milli maraqlarını qoruyur və əhalinin rifah halının daha yaxşılaşdırılmasını təmin edir. Ölkədə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi və mədəni kütləvi tədbirlərin uğurlu nəticələri Azərbaycan xalqının həyatında aydın hiss olunur.

Əlbəttə, ölkəmizin hər yerini əhatə edən çoxsahəli tərəqqi Binəqədi rayonuna da öz müsbət təsirini göstərmişdir. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramlarının icrası çərçivəsində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində abadlıq - quruculuq, yenidənqurma və təmir işləri aparılmışdır.

Ölkə Prezidenti İlham Əliyevin göstərdiyi bu qayğı sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu əhval-ruhiyyə yerli rəhbərliyə imkan verir ki, qəsəbələrin inkişafı üçün daha böyük işlər görsünlər.

Binəqədi qəsəbə bələdiyyəsi də işini həmin proqramlara uyğun quraraq, öz fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. 

Rayon İcra Hakimiyyətinin dəstəyini həmişə hiss edən Binəqədi bələdiyyələri ərazilərdə maliyyə imkanları daxilində bir sıra yerli əhəmiyyətli layihələr həyata keçirmişlər.

Binəqədi qəsəbə bələdiyyəsi fəaliyyət istiqamətini müəyyənləşdirərkən vətəndaşların sosial sifarişlərinə əsaslanır. Sifarişləri əsasən yazılı və şifahi müraciətlər, bələdiyyə üzvləri və məhəllə komitələrinin iştirakı ilə keçirilən xüsusi qəbul günləri, məhəllələrdə və əhalinin sıx toplaşdığı yerlərdə görüşlər vasitəsilə öyrənilir.

Bu məsələnin zəruri olduğunu Azərbaycanda yerli “Demokratiya həftəsi” çərçivəsində keçirilmiş “Açıq qapı günləri”, ziyalılar, ağsaqqallar və gənclərlə görüşlərdə daha  aydın görürük.

Cəmiyyətdə  müsbət rəy yaratmış bu kimi tədbirlərdə ziyalıların, ağsaqqalların, qadınların və gənclərin müraciətlərinin yerində dinlənilməsi və araşdırılması məqsədilə bələdiyyələr öz inzibati ərazi vahidləri daxilində səyyar görüşlər keçirmişlər. Eyni zamanda vətəndaşlarla birbaşa əlaqənin yaradılması üçün bələdiyyədə “Qaynar xətt”, “Bələdiyyə poçtu” qutuları və “Məlumat lövhələri” yerləşdirilmişdir. “Demokratiya həftəsi” çərçivəsində bələdiyyənin inzibati binasında və insanların daha çox toplaşdığı yerlərdə əhalinin maarifləndirilməsi məqsədi ilə “Fəal vətəndaş olaq”, “Səs verək, bölüşək, iştirak edək”, “Yerli demokratiya həftəsində fəal iştirak edək”, “Bələdiyyə - vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”  adlı şüarlar yerləşdirilmişdir. 

“Demokratiya həftəsi” çərçivəsində bələdiyyənin inzibati ərazi hüdudları daxilində məhəlli komitələrinin yaxından iştirakı ilə sakinlərlə bələdiyyə üzvlərinin görüşləri təşkil edilmişdir. Görüşlərdə sakinlərin müraciətlərinin dinlənilməsi ilə bərabər 2013-cü il ərzində görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələr barədə hesabatlar verilmişdir. 

Bütün bunlarla kifayətlənməyərək, kütləvi informasiya vasitələrində, o cümlədən, İctimai Televiziyada, “Bələdiyyə həyatı” qəzetində “Demokratiya həftəsi”nin məram və məqsədi barədə məlumatlar verilmişdir. 

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü planlaşdırarkən əsasən həftə ərzində olan təkliflər nəzərə alınmış və zaman keçdikcə bu təcrübənin səmərəli nəticəsi  görülməkdədir. 

“Demokratiya həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər bələdiyyələrin işinə əhalinin marağını artırmış və onların yerli məsələlərin həllində fəallığını açıq-aydın hiss etdirmişdir.  

Müsbət hal kimi qeyd olunmalıdır ki, bələdiyyə-vətəndaş əlaqələrinin genişləndirilməsi istiqamətində yerli “Demokratiya həftəsi”nin çox böyük təsiri olmuşdur. Qeyd olunan tədbir çərçivəsində vətəndaşların hər birinin təklif və müraciətləri diqqətlə dinlənilmiş, bununla əlaqədar  “Tədbirlər Planı” hazırlanmış və müvafiq qurumların yaxından iştirakı ilə yerli əhəmiyyətli məsələlərin həllinə nail olunmuşdur. 

Belə ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, məişət tullantılarının daha müasir texnikalar və səmərəli üsulla mütəmadi toplanılması, daşınması işinin təşkili Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bələdiyyəmizin balansına əvəzsiz verilmiş ixtisaslaşdırılmış “MAZ” və “FORD” markalı maşınlar vasitəsilə gündəlik həyata keçirilməkdəyik. Habelə, bələdiyyə tərəfindən sakinlər arasında məişət tullantılarının müəyyən olunmuş məntəqələrdə konteynerlərə atılması və ətraf ərazilərin çirkləndirilməməsi ilə bağlı maarifləndirmə işləri aparılmışdır.

“Demokratiya həftəsi” çərçivəsində vətəndaşların sosial sifarişləri yerində müəyyənləşdirilmiş, onların yerli sosial müdafiə və inkişafla bağlı təklifləri öyrənilmişdir. Vətəndaşlar tərəfindən irəli sürülən təkliflər sırasında təhsil, tərbiyə, insanların sağlamlığı və sosial rifah halının daha da yüksəldilməsi ilə bağlı məsələlər üstünlük təşkil etmişdir.  Eyni zamanda fiziki tərbiyə, asudə vaxtın səmərəli təşkili və məşğulluq kimi məsələlər də irəli sürülən təkliflər sırasında olmuşdur. 

Binəqədi qəsəbə bələdiyyəsi irəli sürülən bu və ya digər təkliflərin reallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. İlk növbədə vətəndaşların məşğulluq məsələlərinin həlli məqsədi ilə rayon Məşğulluq Mərkəzi ilə əlaqə yaradılmış, əmək qabiliyyətli qəsəbə vətəndaşlarının ixtisaslarının artırılması və yeni peşələrə yiyələnmələri məqsədilə müvafiq kurslarda iştiraklarının təmin olunmasına nail olunmuşdur. Bir çox istiqamətdə işlərin icrası bu gün də davam etdirilməkdədir. 

Bundan başqa, sakinlər tərəfindən mövsümə uyğun olaraq torpaq əsaslı məhəllə daxili yolların abadlaşdırılması xahişi də nəzərə alınmış və məhəllə daxili yollara daş, çınqıl, karbonat örtüyü verilmişdir. 

Eyni zamanda sakinlər tərəfindən xeyir-şər evlərinin tikilməsi haqqında müraciətləri Rayon İcra Hakimiyyətinin köməkliyi ilə iki ünvanda həyata keçirilmiş və sakinlərin istifadəsinə verilmişdir.

Bu məqalə “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ətraf mühitin yaxşılaşdırılması üçün yerli bələdiyyələrlə birgə tədbirlərin keçirilməsi” layihə çərçivəsində çap olunur.

 

20.08.2014 14:18 / Baxılıb: 709 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo