Region TV televiziya şirkəti MTRŞ-nın keçirdiyi tenderin qalibi olub

Adəm Abbaslı/AZADİNFORM. “Region TV” televiziya şirkəti Milli Teleradio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.  

“Region TV” televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə),  RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azəbaycanın ilk televiziya şəbəkəsidir. 

“Region TV”-nin Bakıda yayıma başlayacağı tarix isə 2014-cü ilin may ayına planlaşdırılır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.   

Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq “Region TV”, eləcə də bütün regional kanalların yayımı  rəqəmsal (DVB - T) formatda həyata keçiriləcək. 

Qeyd edək ki, bütün regional televiziya kanalları ən müasir televiziya avadanlıqları ilə təchiz olunub və Cinegy texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malikdir.  

“Region TV”-nin yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın ilk xəbər kanalı  - TTV-nin əsasında yaradılıb. “Region TV”-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. “Region TV”-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi  diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.

Hesab edirik ki, ümumi televiziya şəbkəsi və Region TV-nin yayıma başlaması ilə artıq, Azərbaycanda müasir televiziya sənayesinin inkişafında növbəti mərhələyə qədəm qoyur.   

“Region TV”-nin kollektivi tenderin qalibinin müəyyənləşdirilməsində MTRŞ-nın etimadına görə bu quruma təşəkkürünü bildirir və öz işləri ilə Azərbaycan tamaşaçısının sevgi və hörmətini qazanmağa səy göstərəcəyini vəd edir.

“Region TV” televiziya kanalı yaradıcı qrupların televiziya verilişləri istehsalı üzrə təkliflərini dinləməyə hazır olduğunu bildirir, həmçinin Azərbaycanın bölgələrində işləməyə hazır olan peşəkar televiziya işçilərinin müraciətlərini qəbul edir. Müraciətlər office@regiontv.az  elektron ünvanı vasitəsilə qəbul olunur. 

14.03.2014 17:54 / Baxılıb: 863 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo