Eltən Qədimbəylinin Uğur sirri

AZADİNFORM-un “Uğurun sirri” layihəsinin növbəti qonağı rejissor Eltən Qədimbəylidir.



Eltən Qədimbəyli: “İnsanlar seçillməyi yox, faydalı olmağı düşünməlidirlər”


Uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?


- Uğurun rəngi göyqurşağıdır. Dadı dəyişkəndir. Hər dəfə fərqli-fərqli dadları kəşf edirsən. Səsi əldən və dildən aldğın alqış. Sənin xoşbəxt etdiyin və qürurlandırdığın sevdiklərinin, sənin tanımadıqlarının alqışıdır. Bu səs sənə boşuna yaşamadığına bir daha əmin edir. Qoxusu cəzbedici və həyəcanlandırıcıdır. Səni öz arxasınca getməyə ona çatmağa motivə edir. Görüntüsü aldadıcı, sehirləyicidir. Amma bu sənin başını gicəlləndirməməlidir. Ona toxunmaq mümkün deyil, zirvəyə çatdığında ondan sonra daha böyük fəth etməli zirvələrin olduğunu görürsən.

Uğur məncə bir fürsət, imkan, şans və vəhşi bir atdır. O at ki, səni çox irəliyə apara bilər. Amma o atın belində qalmaq çox çətindir. Yəni hansısa bacarıq və təcrübən ilə bacara bilsən də, amma o səni üzərindən ata bilir. O həm də əhilləşməyi istəyən bir atdır. Və onu əhliləşdirmək, daima yanında saxlamaq böyük bacarıqdır ki, bu da hər adama nəsib olmur. Zamanla insanlar bəlli yerə gedir, amma at sonra onu öz üzərindən yerə atır.  Hər insanın öz uğur atı var. İnsan öncə özünü tanımaqdan başlamalıdır. İnsanı idarə edən onun beynidir. Bəzi insanlar beynini idarə edir, bəzilərində isə bu əksidir. Beyinlə ürək fərqlidir. İnsanı ürəyi idarə edir, ruhu idarə edir. Öz ruhu ilə beynini idarə etmək çox nadir insanlarla müvəffəq olur. Belə olduğu zaman bu cür şəxslər beynlərini idarə etməyi öyrənir. Məncə uğurlu insan beynini idarə etməyi bacaran insandır. Və beyni öyrənmək lazımdır. İnsan öz beyninin işləmə prinspini anlamalı və öz beyinini idarə etməyi öyrənməlidir. Belə olduğu zaman o daha çox uğur qazanacaq.


Bəs, beyniniz sizi idarə edir yoxsa siz onu?


- Beynimi tam idarə edə bilsəydim ideal və dahi insan olardım. Əslində zaman-zaman beynimi mən idarə edirəm, zamanla da beynim məni idarə edir. Ona görə də özümü yeniləməyə çalışıram. Beynini idarə edənlərdən olmasam da buna can atanlardanam. Müəyyən zamanlarda buna nail oluram, bəzən isə olmuram. Nail olduğum zamanda uğurlar qazanıram. Ən azından uğur qazanmağın necə mümkün olduğunu anlayıram.  Yeri gəlmişkən söyləyim ki, özümü xoşbəxt insan hesab edirəm. Həm də özümü nə zəif insan, nə də ki, ağıllı  hesab etmirəm. Özümdən həm narazı, həm də razıyam. Necə deyərlər, orta.


Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə?


- Əlbəttə ki. Nəsə səhv olmasa biz öyrənə bilmərik. Hətta ağrı acı belə bizə faydalıdır. Ağrıya görə minnətdar olmalıyıq Tanrıya. Ağrılar və səhvlər bizi məhv olmaqdan qoruyan nəsnələrdir. Bunlar olmadan biz məhv olarıq. Elə bununla bağlı belə bir fikir yazmışdım: Bu həyatda buraxdığım səhvlərdən qazandığım təcrübə, geri qaytara bilməyəcəyim heç nəyi almayacaq qədər ağıllandırıb məni.


Apardığınız mübarizədə uğursuzuqlarla üzləşəndə nə edirsiniz?


- Bu həyatda sevdiyim insanlar və qazandığım uğurlar mənim psixoloji dayaq nöqtələrimdir. Ruhdan düşdüyüm anlarda bu nöqtələrdən güc alaraq, yoluma davam edirəm.

Həmçinin günahı birinci özümdə axtarıram. Fikirləşirəm: görəsən harada səhv buraxmışam ki, uğursuzluqla üzləşmişəm. Birinci işim bu olur. Bununla bağlı bir fikirim vardı:  əgər sənin başına bir iş gəlibsə günah səndədir. Çünkü başına iş gələn sənin başındır. Hesab edirəm ki, cəmiyyətdəki bir çox problemlərin həlli, insanların problemi özündə axtarmasından başlaya bilər. Dünyada iki asan şey var. Birincisi, başqasını günahlandırmaq, digəri isə bəhanə. İnsanlar günah axtarmağa özlərindən başlasalar hər şey avtomatik düzələr. Özündə günahı tapmadan başqasını günahlandırmaq mənə görə qeyri-etikdir. Bu həm də boş-boşuna insanları stressə salmaqdır. İnsanlar günahkar olduqlarını çox zaman sonra anlayır və üzr istəyirlər. Coşmadan, hay-küy salmadan və hirslənmədən öncə sakitləşib günahı özündə axtarmağa çalışmalısan. Günahı iynənin ucu qədər özündə tapmadan heç kimdə günah axtarmaq düzgün deyil. 


Hər insanda bir istedadın olduğunu söyləyirlər, bunu necə üzə çıxarmaq olar? 


- Məncə də belədir. Hər birimizdə indivedual istedad var. Sadəcə biz daxilimizdəki olan bu istedadı üzə çıxartmalıyıq. Bununla bağlı belə bir fikirim var: Kainatın bütün sirləri doğulandan insanın beyninə yüklənib, biz əslində əldə etdiyimiz informasiyaların köməyi ilə beynimizdəkiləri kəşf edirik. Yəni hər insanın əslində doğuşdan beynində bir istedad var. İstedad elə bir şeydir ki, o münbit bir şərait istəyir. O incə toxum kimidir, bitkidir. Münbit şəraitə düşdüyündə çiçəklənir. Ona baxmasan orada da itib batır. Həm də bulaq kimidir. Onu görən olmasa o istedad batıb gedər. 


Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?


- İnsanın bu həyatda elədikləri yaxşılıqlar və qazandıqları uğurlar onun psixoloji nöqtələridir. Hər insan bu dayaq nöqtələrini formalaşdırır. Bəs bunlar nədir? Sizin qazandığınız və ya sevdiklərinizin qazandıqları uğurlar. İnsan öz psixoloji dayaq nöqtələrini hazırlamalıdır. Daha çox yaxşılıqlar etməlidir ki, sevgi enerjisi axsın. Ruhdan düşdüyündə ilham və enerji alaraq irəli getsin. Belə olduğunda imunitet çoxalır, insan depressiya düşmür. Ümumiyyətlə insan problemin yaranma səbəbinin niyəsini düşünməlidir. İşə başladığın andakı ruhu xatırlayıb, ruhlanmalısan ki, o ruh səndə yenidən olsun. Yəni bir sözlə əvvəlki ruhun səndə necə yaranmasını axtarıb tapmalısan. Gördüyün işi yüz faiz nəticələndirməli, strategiyanı düzgün qurmalısan. Unutmamalıyıq ki, uğurun böyüyü və kiçiyi olmur. Ətrafındakı dostlarının uğurları olsa belə insan psixoloji dayaq nöqtələri hazırlaya, ruhi sağlamlığını təmin edə bilər. Nəticədə pozitiv insana çevriləcək, beyni də, ruhu da işlək olacaq. Və həmçinin söyləmək istərdim ki: dərinliyini bilmədiyin quyuya girmə, girdiyin quyu belə səni qınayar.


Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?


- Hər bir şəxs individual varlıqdır. Psixoloji dayaq nöqtələri də elə ona önəmlisən mesajını vurğulayan şeylərdir. Necə ki, bir insana salam verməsən salam da ala bilməyəcəksən. İlk addımı özün başlamalısan. Ağıllı adam heç vaxt yox cavabı almayan adamdır. Çünki o, nəyi, niyə, nə vaxt, harda, kimdən və necə istədiyini bilər… Bu həyatda nələrisə əldə etmək üçün nələrisə vermək lazımdır. Bizim fiziki varlığımız böyük element deyil. Önəmli olan mənəvi varlığınla nə verdiyindir. Bir insana salam vermək ona xoş iş görməkdir. Yaxşılıq etməklə öz önəmini artıra bilərsən. Qarşılıq gözləmədən yaxşılıq etmək lazımdır. Belə olduğu zaman o sənə mənəvi kapital olaraq geri dönəcək. Həm də bu yerdə unutmamalıyıq: bir insanı dəyərindən çox qiymətləndirdiyinizdə, öz dəyərinizi aşağı salırsınız.


Övladlarınızın gələcəkdə uğurlu ola bilməsi üçün nə edirsiz? Daha fərqli davrana bilirsiniz?


- Hesab edirəm ki, hər kəs övladının qəhrəmanı olmalıdır. Mən də bir ata olaraq çalışıram ki, maksimum uşaqlarımın qəhrəmanı olum. Çünkü siz uşaqlarınızın qəhrəmanı ola bilməsəniz onlar özlərini başqalarına bənzədəcək. Bu da sizinlə onlar arasında uçurum yaradacaq. Beləliklə mənəvi olaraq onları itirəcəksiniz. Övladlarının gələcəkdə uğurlu ola bilməsi üçün özünü təkmilləşdirməlisən. Tərbiyyə verdiyinizdə danışmaq yox, nümunə vermək lazımdır. Çünkü uşaqlar nümunəni daha çox qavrayır, nəinki hansısa nəticələri.


Sizcə uğura götürən yolda insanların ən güclü silahı nədir?


- Məncə insanın ən güclü silahı özüdür. Ağılla ürəyin birləşməsidir. Çünkü beynsiz ürək  və ürəksiz beyin bir işə yaramaz. Belə bir sözüm də var: bilikli birlik gücdür, biliksiz birlik gic!

İnsan daxilində bir birlik yarada bilmirsə, beynlə ruhunun sintezi yoxdursa, heç bir silah və ya gücdən bəhs etmək olmaz.  Ağıldan söz düşmüşkən, bu yaxında yazdığım bir cümləni xatırlamaq yerinə düşərdi məncə. Yazmışdım ki: ALLAH ağılı qadına yox, kişiyə verib. Amma qadına ağıldan qat-qat üstün olan intiusyanı verdiyi üçün dünyanı kişilər yox qadınlar idarə edir.


Uğurun yaşı olur yoxsa başı, nə düşünürsüz?


- Maraqlı sualdır. Məncə hər ikisi olur. Təcrübədə, beyin də vacibdir. Amma yaşdan və başdan önəmli olan bir şey var. Uğurun ürəyi olmalıdır. Özü də hər mənada ürəyi, yəni, həm də ki, hissiyyatı.


Fərqliliyiniz və fərdliliyiniz haqında nə deyə bilərsiz? Nəyə görə Siz sizsiniz? 


- Bütün insanlar individaldırlar. Bütün insanlar kimi mən də individual olduğuma inanıram. Bunun içində həm də sıradanlıq və bənzərlik var. Sonucda mən də bir insanam. Əvvəllər fərqli olmaq istəyirdim. İndi isə tamamilə fərqli düşünürəm:  fərqli yox, faydalı olmalıyam. Əgər mənim fərqliliyim insanlara faydalı olacaqsa belə olmaq istəyirəm. Elə bənzərliyim də faydalı olacaqsa buna gedərəm. İnsanın fərqli olmağı həyata rəngarənglik qatar. Eyni düşüncəli cəmiyyətdə yaşamaq insanı kütləşdirir və zəiflədir. Biz təbiətlə bir bütün içərsində olmalıyıq. Təbiətin isə ən qiymətli varlığı zinətidir. Ən təhlükəli varlıqdır yer üzündə insan. İnsanlar həm özlərinə, həm də təbiətə faydalı olmağı düşünməlidirlər, nəinki seçilməyi. Bu günə kimi öz fəaliyyətimdə  gənclər yetişdirmişəm və bü gün bəlli bir iş kariyeram var. Əlimdən gəldiyi qədər faydalı olmağa çalışmışam. Valideynlərimin üzünə baxdıqda qürurla baxa bilirəm. Bu mənim üçün böyük qiymətdir. Onları utandıracaq nəsə etməmişəm. Mənim üçün ilk etapda valideynlərimdir, onların mənə verdiyi dəyər və qiymət. Bu gün çox şükür ki o dəyəri onlardan alıram. Faydalı olmaq üçün çalışıram və hesab edirəm bu məndə pis alınmır. 

Elə yeri gəlmişkən fərqliklə bağlı yazdığım bir cümləni xatırlamaq istərdim: bizi sizdən fərqləndirən yanlış olduğunu düşündüyünüz doğrularımızdır.


İnanmaq asandır, yoxsa inandırmaq? 


- Sevmək sevdirə bilməkdir məncə, inanmaq da inandıra bilməkdir. Bu dünyada asan olan nəsə yoxdur. Hər şey çətindir. Sevmək də, inandırmaq da, sevdirə bilmək və inanmaq da. Bütün bunun üçün insanın mədəniyyəti olmalıdır, insan olduğunu dərk etməlidir.


Həyatın enini və uzununu ölçdüzmü heç, yaşamı uzun edən nədir? 


Hesab edirəm yaşam uzun deyil. Həyat çox qısadır mənə görə. Düşünürəm ki, hər bir insanın bir fiziki və mənəvi varlığı var. Fiziki varlıq qısadır. Amma mənəvi varlıq isə çox vacib məsələdir. Mənəvi varlıq fiziki varlıqdan uzundur. Mənəvi və ruhi həyat, fiziki həyatdan uzundur.  Dahilərimizin ruhi varlıqları da bu günə kimi bizlərlədir və hələ də yaşayırlar. Ümumiyyətlə, bu həyatda vücüdundan başqa verəcək heç nəyi olmayan ruhu üçün heç nə ala bilməz…


Əgər Sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi,  nəyi dəyişdirərdiz?



- İnsanların eyni dildə danışmasını istəyərdim. Bunun üçün bütün dilləri ləğv edərdim. İnsanlar eyni dildə danışa bilmədikləri üçün anlaşa bilmirlər. Əslində dünyəvi dil var, bu da musiqi dilidir. Amma hər kəs də bu cür danışa bilmir. Eynilik maraqsız olmazmı desəniz, hər birimiz insanıq, bu məgər maraqsızdırmı deyərdim. Həm də hamımız okisigen qəbul edir, su içirik. 

Təəssüf ki, son vaxtlar xarici görkəmi gözəlləşdirməyə hər kəs səy göstərir. Həyat tərzimiz vizual gözəlləşir. Bir estet olaraq bu xoşuma gəlir. Amma və lakin daxili aləmimiz daha önəmli deyilmi? Bəs daxilimizi gözəlləşdirmək üçün nə etməliyik? Unutmayın insanları xarici görkəminizlə cəlb edə bilərsiz, amma onların diqqətini daim öz üzərinizdə saxlamaq üçün daxilən də çox gözəl olmalısız. Yoxsa həyatınızı müvəqqəti və cılız münasibətlərlə məhv edəcəksiz.


Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, Sizin payınıza ən çox hansı əməl düşüb? 


- Hamısı. Riyaziyyatı sevməsəm də insan inkişaf elədikcə, əvvəl toplanan, çıxılan, sonra vurulan və bölünənlərdən olur. İnsan həyatı boyunca müxtəlif məqamlarla rastlaşır. Səhv buraxmadan uğur qazanmaq olmur. Məğlubiyyəti dadmayan insan qalibiyyətdən həzz ala bilməz. Səhv buraxmadan ugur qazanmaq olmur. Məğlubiyyəti dadmayan insan qabiliyətdən həzz ala bilməz.

 

Bəs Siz özünüz-özünüzə dost ola bilsəydiniz, özünüzə sizin kimi bir dost istəyərmiydinizmi? 


- İnsan bu həyatda özünə bənzəyən insanları daha çox sevir. Bu həyatda olan dostlarım hamısı mənə bənzəyir, mən də onlara bənzəyirəm. Çünki biz özümüzü sevdiyimiz üçün özümüzə bənzəyən insanlarla ünsiyyətdə olmağa daha çox can atır. Bundan dolayı özümlə dost olmaq istəyərdim. Amma içimdəki vəhşinin gündən-günə vəhşiləşən, məni əhatə edən bu cəmiyyətə qoşulacağı gündən çox qorxuram.


Uğurlu olmaq istəyən gənclərə nə söyləmək istərdiniz?


Heç vaxt heç nə üçün tələsməsin. Və heç vaxt heç nəyə gec qalmasın, gecikməsin. Bəzən biz vaxt itirməmək üçün tələsib, səhv qərar veririk və sonra bu səhvi düzəltmək üçün itirməyə qorxduğumuz vaxtdan da çox vaxt itiririk. Vaxtınıza qənaət edin, səhv buraxmayın. Unutmayın, hər problemin öz həll edilmə vaxtı var. Düşünürəm ki, istedadlı və yaradıcı adamın istedadı və yaradıcılığı qədər səbri də olmalıdir ki, uğur qazanacağı günə qədər dözüb, ruhdan düşməyərək yaradıcılıqla məşğul ola bilsin. Səbr çox önəmli məsələdir. Çünkü həyatımızdakı doğruları yanlışlara, yanlışlarımızı isə doğrulara çevirə bilən sadəcə zamandır. Həqiqət zamandır.

Həm də onu deyərdim ki:  əgər həyatda uğur qazanmaq istəyirsinizsə bilmədiklərinizi bilən, eşitmədiklərinizi deyən, görmədiklərinizi göstərən sizdən fərqli düşünən, düzgün tənqid etmə mədəniyyəti olan insanlarla ünsiyyətdə olun. Həmçinin onlara söyləmək isətdim ki: bu həyatda heç kimi heç nə üçün gözlətməyin. Verəcəyiniz nə olursa olsun tez verin. İnsanın təmənnası gözlədiyi vaxt ərzində çoxalır və əksər hallarda alacağından çox olur. Bu səbəbdən hər şeyi vaxtında dəyərini itirmədən vermək məsləhətdir. Unutmasınlar ki: ziyalı çox kitab oxuyan yox, oxuduğu kitabların niyə yazıldığını anlayandır. İnsanın beyni bu həyatda qarşısına çıxan problemləri kəsib, doğrayan bir qılıncdır. Bu qılıncı itiləyən həyatdan qazandığı təcrübələr və oxuduğu kitablardır. Vaxtınızı və enerjinizi içinizdəki yatmış vulkanı oyatmağa yönəldib, bunu bacarsanız püskürdüyünüz enerjidən dünyanı heyrətə gətirə bilərsiz. Bu həyatda yaşamağı ya sən başqalarının səhvlərindən öyrənirsən, ya da başqaları sənin… İşgüzar adam üçün ən mühüm ən vacib və ən önəmli ilkin kapital can sağlığıdır. Ölməyi də ən çox istəyənlər bu həyatda yaşamağı bacarmayanlardır… Həm də ki, birinin bədbəxliyindən istifadə edərək, xoşbəxt olmaqdan böyük bədbəxtlik yoxdur. Ümumiyyətlə, həyatdan sahib olduqlarını dəyərləndirmədən yenilərini istəmək qudurğanlıq və görməmişlikdir.


Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü? 


- Məncə bu dünyada xoşbəxt olmağın ən asan yolu dəli olmaqdır… Amma dəlilər öz xoşbəxtliklərinin fərqinə vara bilərlərmi? Hər halda “Çayı vurub keçən dəlinin fəlsəfəsi” ilə yaşamaq istəyi yaman cəzbedici gəlir… Həmişə yarı gerçək, yarı zarafat belə bir söz deyirəm: dünyada ən xoşbəxt insan dəlilərdir. Özümün həyat fəlsəfəsini belə vurğulayırdım ki: mənim ən böyük qəhrəmanım çayı vurub keçən dəlidir.  Ağıllı fikirləşənəcən dəli çayı vurub keçir. Vaxtında hər şeyə qərar vermək lazımdır. Dəli olmağı da yerində bacarmaq bir gözəllikdir.

 

Hesab - kitab dəftəriniz var?


- Hər axşam yatmamışdan qabaq özüm-özümə hesabat verirəm və o hesab-kitab da beynimdədir. Hesab-kitab dəftərimdə bu sualların cavabını yazıram: nə etdim və nə etmədim, yaxşılıq etdimi yoxsa yox, özümü nə qədər inkişaf etdirdim və s. Məni ən çox xoşbəxt edən yaxşılıq imkanının əlimə düşməsi və bu fürsətin olmasıdır. 


Təbliğ etdiyiniz gercəklər hansılardır, necə düşünürsünüz sevginin təbliğata ehtiyacı varmı? 


- İnsan unutqandır və daima yadına nələrisə salmaq lazımdır. Müasir dünyamızda informasiya çox olduğuna görə zamanla çox şeyləri unuduruq. Bir çox mənəvi dəyərlər tez-tez xatırladılmalıdır.


Yaşamaq və var olmaq arasında fərq nədir?


- İnsan özü üçün yaşayırsa o var olmaqdır. Özü üçün yaşayan insan sadəcə vardır. Əgər özün üçün yaşamırsansa o məhz yaşamaqdır.  Sadəcə özü üçün yaşamayanlar yaşayır. Çox sevdiyim bir cümlə var: heç vaxt əldə etmətikdlərini əldə etmək üçün heç vaxt etmədiklərini etməlisən. Hesab edirəm ki, uğur qazanmaq üçün həqiqətən də insan həyata sarılmalıdır, xoşbəxt olmaq və etmək üçün bir səbəb tapmalıdır. İnsanlar dünyanı xilas etmək və onu daha da yaxşı etmək deyəndə, özünü və sevdiklərini xoşbəxt etməyi nəzərdə tuturlar. Yəni insanlar xoşbəxt olmaq üçün yaşayırlar və düz də edirlər məncə.

 

Cəfər Mənsimi

3.02.2014 10:09 / Baxılıb: 1113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo