Həyat sən nə qəribəsən teleserialının 100-cü seriyasında sürpriz olacaq

“Həyat sən nə qəribəsən” serialının çəkiliş meydançasından reportaj

 

Bir müddət əvvəl hamının narahatlıqla dilə gətirdiyi bir məsələ var idi. Son illər Azərbaycanda filmlər çəkilmir, kino sahəsi demək olar ki, iflic vəziyyətdəydi. Xüsusilə milli seriallarımız yox idi. Nəzərə alsaq ki, son illər seriallara maraq daha çoxdur, onda bizdə serial təcrübəsizliyinin olması, maddi problemlər, vəsaitin əldə olunmasında qarşıya çıxan çətinliklər vəziyyəti bir qədər də gərginləşdirirdi. 

Bu günsə keyfiyyətli seriallarımızın azlığından şikayət etsək də, onların içərisində maraqlılarının da olduğunu qəbul edirik. “Xəzər” televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gələn “Həyat sən nə qəribəsən” serialı da baxımlıların sırasına daxil olanlardandır. Serialda baş verən hadisələr bədbin notlar üzərində qurulsa da, izləyici baxımından serialın reytinqi ən ön yerlərdədir. Biz də serialın çəkiliş prosesindən xəbərdar olmaq üçün qeydiyyat dəftərimizi əlimizə alıb, çəkiliş məkanına yollandıq. Gördüyümüz mənzərə ilə sizi tanış etmək istəyirik.

 

Uğurumuzun davamı

 

Çəkilişlər bir neçə məkanda aparılırdı, gərgin rejimlə işləyən yaradıcı heyət növbəti seriya üçün hazırlıqları davam etdirirdi. Prosesləri kənardan müşahidə etdiyimizi görən serialın baş prodüseri, həkim obrazının ifaçısı Şahin Yusifov məqsədimizi anlayıb,ona ünvanladığımız sualları cavablandırdı. Prodüser ilk olaraq onu qeyd etdi ki, bu proyektə “Aramızda qalsın”, “Qayınana” serialları ilə başlayıb. Həmin layihələr uğur qazanıb və bu layihə də həmin uğurun davamı kimi həyata keçirilib. Şahinin sözlərinə görə, onlar Azərbaycan teleməkanında ilk dəfə günlük serial çəkməyə başlayıblar: “Əminliklə deyə bilərəm ki, Azərbaycanın ən professional texniki heyəti “Həyat sən nə qəribəsən” serialında toplanıb və yaradıcı heyəti tamamilə yerli mütəxəssislərdən qurulub. Gördüyünüz kimi, çəkilişlərimizi real məkanlarda aparırıq. Yəni onlar maket olaraq hazırlanmır. Serialda gördüyünüz villalar, bina evləri, kafelər, ofislər, holdinqlər gerçəkdir. Çəkilişlərimizin əsas hissəsi AAAF Parkda aparılır. İş qrafikimiz çox gərgindir. Belə ki, hər gün səhər saat 09:00-da texniki heyətlə toplaşırıq, orada günün çəkilişlərini müzakirə edirik, daha sonra rejissor texniki heyətə öz tapşırıqlarını verir. Yaradıcı heyət isə çəkiliş aparılacaq məkanı qrafikə uyğun hazırlayır”. 

 

Daha sonra suallarımızı serialın əsas yaradıcı heyətinə ünvanladıq. Serialın quruluşçu rejissoru, Türkiyənin təcrübəli rejissorlarından sayılan, uzun müddət TRT-1 və STV kanalında quruluş verdiyi serialları ilə tanınan Naci Çelik Berksoyu çəkiliş məkanında aktyorlara göstəriş verərkən yaxaladıq. Danışmaqla arası olmadığını söyləyən rejissor yalnız yaradıcı heyətdən çox məmnun qaldığını dedi: “Azərbaycanı çox bəyənirəm. İşlədiyim yaradıcı heyətin işgüzarlığı məni daha çox çalışmağa vadar edir. Serialın nə qədər uğurlu alınıb-alınmadığını isə tamaşaçılar daha çox bilir. Əgər hazırladığımız işi baxımlı serial kimi qiymətləndirirlərsə, bu bizim üçün sevindirici haldır”.

 

Serialın rejissoru, “Aramızda qalsın” serialından tanıdığımız gənc rejissor Ramin Nəbiyev “Həyat sən nə qəribəsən” serialının reytinq qazanmasının səbəbini açıqladı: “Seriallarımızın bu qədər maraqlı olmasının səbəbi “ailənizin kanalı” devizinə sonuna qədər sadiq qalmağımızdır. Həm texniki heyət, həm də aktyor heyətimiz günün əsas hissəsini bir yerdə ailə kimi mehriban və səmimi şəkildə bərabər çalışırıq. Məncə, hər şey birlikdən, kollektivdən başlayır. Bizim uğurumuz birliyimizin arxasında gizlənir”. 

 

Bu iş güclü komanda tələb edir

 

Serialın ssenaristi Valeh Əhmədov işlədiyi serialın başqalarından fərqini açıqladı: “Bizim serialın fərqi ondan ibarətdir ki, buradakı ssenari hansısa xarici filimdən götürülməyib, serialın ssenarisi bizə məxsusdur. Serialda baş verən hadisələri isə bu gün tamaşaçıların marağına uyğun şəkildə yazmağa çalışırıq və yaradıcı heyətimiz də ona gözəl şəkildə obraz verir. Məhz elə ona görə də serialımız maraqlı alınır”.

 

Baş prodüserin sözlərinə görə, “Həyat sən nə qəribəsən” serialının aktyor heyəti uzun müddətli kastinqlərin nəticəsində onlarla insanların arasından seçilmiş aktyor və aktrisalardan ibarətdir. Əsas rollarda isə - Asya Atakişiyeva, Tural Baxış, Zülfiyyə Qurbanova və Ruslan İsmayılov çəkilir.

 

Baş qəhrəman obrazını canlandıran Asya Atakişiyeva bizimlə söhbətində çəkiliş zamanı maraqlı hadisələr baş versə də, ekran qarşısında tam ciddi obrazda olduğunu dedi: “Serialda Həyat obrazını canlandırıram. O, bəxti gətirməyən yetim biz qızdır. Həyatın nə sevgidə, nə də həyatda heç bəxti gətirmir. Baş verən bütün bədbəxt hadisələrə baxmayaraq, Həyat sınmır, yaşadığı dəhşətlərdən sonra möhkəm dayanmağa güc tapır, baş verən bu qədər haqsızlıqların üzünə mərd şəkildə baxa bilir. Əslində onun bu xüsusiyyətini təqdirəlayiq qiymətləndirirəm”.

 

Daha sonra gülərüz aktrisa bizim vasitəmizlə serialın ssenaristinə səsləndi: “Burdan ssenaristimizə səslənirəm. Ümid edirəm ki, onlar Həyata çox gözəl və xoşbəxt günlər qismət edəcəklər (gülür). Ümumiyyətlə, serial işi elədir ki, ortalığa gözəl bir nəticə çıxarmaq üçün ilk növbədə yaxşı komanda olmalıdır. Şükürlər olsun ki, bizim yaradıcı heyətimiz işini bilən, peşəkar insanlardan ibarətdir”.

 

Fiziki və mənəvi olaraq yoruluruq

 

Ağca rolunun ifaçısı Zülfiyyə Qurbanova işini bilən, peşəkar komanda ilə çalışdığı üçün özünü xoşbəxt hiss etdiyini dedi. Çəkiliş zamanı çətinlik yaşadığını söyləyən Zülfiyyə, buna maraqlı bir açıqlama gətirdi: “Çəkiliş zamanı bəzi çətinliklərimiz olur ki, iş prosesində bunların olması normal haldır. İşimi, mənə həvalə olunan rolu sevirəm. Bunun üçün də heç bir çətinlik gözümə görünmür. Serialda bədbin hadisələr olsa da, çəkilişlərimiz heç də bədbin notlar üzərində qurulmur. Yəni çəkilişlərimiz maraqlı keçir. Ən gərgin səhnələri çəkəndə belə kamera arxasında maraqlı hadisələr baş verir. Canlandırdığım obraza gəlincə isə, Ağca kifayət qədər dəyişkən xarakterli bir qızdır. Ssenarist hər dəfə ssenarini mənə təqdim edəndə obrazımın edəcəklərini oxuyub çox təəccüblənirəm. Hər dəfə “Bu qız bunu da etdi” deyirəm”. 

Zülfiyyə Qurbanova çəkiliş zamanı baş verən maraqlı hadisələrdən danışdı: “Həyat ilə Ağcanın maraqlı bir səhnəsi vardı. Deməli, Naci bəy mənə bu səhnədə tortu Həyatın üzünə vurmağımı tapşırmışdı. Sən demə, rəssamımız olan Xuraman xanım bu tapşırığı eşitməyibmiş. Rejissor bizə həmin səhnənin bir dubla çəkilməli olduğunu demişdi. Çəkiliş başladı və mən tortu Asyanın üzünə vuran an kadr arxasından möhkəm qışqırıq səsi gəldi. Sən demə, Xuraman xanım elə başa düşüb ki, bu səhnə rejissor tapşırığı deyil, mənim şəxsi improvizəmdir. Həmin an kadr arxasında olmaq lazım idi ki, o səhnəni görəydiniz” (gülür).

 

Sadiq obrazını canlandıran Tural Baxışın sözlərinə görə, çəkilişlər həftənin 6 günü getdiyi üçün ağır iş rejiminə köklənir: “Bütün həftə işləyirik deyə, fiziki və mənəvi olaraq çox yoruluruq. Buna baxmayaraq, çəkiliş məkanında olduğumuz vaxtlarda kollektivlə birlikdə gözəl dəqiqələr keçiririk və bu, tamamilə bizim yorğunluğumuzu çıxarır. Yaratdığım obraza gəlincə isə, Sadiq gənc, maddi cəhətdən çox zəngin olsa da, ürəyində bir boşluq var. Həmin boşluğu doldurmaq üçün həyatına girən Həyatı dəlicəsinə sevir və onun uğrunda bütün çətinliklərdən keçməyə hazırdır”. 

 

Sonda serialın baş prodüseri Şahin Yusifov tamaşaçılara bizim vasitəmizlə yeni xəbər göndərdi: “Serialın tamaşaçılarına ilk dəfə olaraq sizin vasitələrinizlə demək istəyirəm ki, serialın yeni sauntraktı artıq hazırdır. Müğənnilərin seçimi bitib. İki gənc, bir xanım və bir kişi ifaçının dueti ilə sauntraktımız ifa olunacaq. Ancaq müəyyən səbəblərdən onların adını açıqlamaq istəmirəm”. 

 

Xəbəriniz olsun ki, bu il üçün serialın 185 seriyasının efir həyatı görəcəyi nəzərdə tutulub. 22 gün sonra 100-cü seriyanın çəkilişlərinə başlanılacaq. Serialın yubileyi olan 100-cü seriyada tamaşaçıları sürpriz gözləyəcək. Bizə verilən məlumata görə, serialda baş verəcək bu dəyişiklik bir çoxlarının təəccübünə səbəb olacaq. 

 

Xəyalə Rəis 

31.01.2014 13:45 / Baxılıb: 4520 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo