Büdcə profisiti yaranıb

Həbibə/AZADİNFORM. 2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 5610,8 mln. manat, xərcləri 4882,1 mln. manat olub, 728,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

“Azadinform” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin 6 ayının yekunları ilə bağlı hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, ötən dövrdə dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib ki, bu da proqnoza nisbətən 552,6 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 mln. manat və ya 14,0 faiz çoxdur.
Cari ilin 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən proqnoza 125,3 faiz əməl edilməklə büdcəyə 2562,9 mln. manat və yaxud 517,2 mln. manat çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 559,1 mln. manat və ya 27,9 faiz çox vəsait təmin edilib.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 542,4 mln. manat və ya proqnoza nisbətən 0,8 mln. manat çox vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 mln. manat və ya 20,4 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 2461,0 mln. manat vəsait transfert olunub.
Sair daxilolmalar üzrə büdcəyə 44,5 mln. manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən 34,6 mln. manat və ya 4,5 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 mln. manat və ya 3,3 dəfə çox demədir.
Büdcə xərclərinə gəldikdə, hesabat dövründə 94,8 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 mln. manat və ya 14,2 faiz çox icra edilib. 2011-ci ilin 6 ayında cari xərclərə dövlət büdcəsi xərclərinin 62,6 faizi həcmində və ya 3058,3 mln. manat vəsait sərf olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 239,0 mln. manat və ya 8,5 faiz çoxdur.
Əsaslı xərclərə 1775,2 mln. manat və ya dövlət büdcəsi xərclərinin 36,4 faizi həcmində  vəsait yönəldilib. Bu isə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 357,7 mln. manat və ya 25,2 faiz çoxdur. Həmin vəsaitin 1348,0 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 427,2 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.
Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 1,0 faizi həcmində və ya 48,6 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 mln. manat və ya 21,8 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 38,4 faizi və ya 1,9 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199,0 mln. manat və ya 11,9 faiz çox olub.
2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin 6 ayı ərzində dövlət büdcəsi xərclərindən fuksional təsnifata uyğun olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 31,0 mln. manat və ya 22,0 faiz, səhiyyə xərclərinə 34,4 mln. manat və ya 21,2 faiz, nəqliyyat və rabitə xərclərinə 3,2 mln. manat və ya 15,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 62,1 mln. manat və ya 10,2 faiz, təhsil xərclərinə 50,9 mln. manat və ya 9,9 faiz, iqtisadi fəaliyyət xərclərinə 5,3 mln. manat və ya 7,8 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 5,2 mln. manat və ya 7,5 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,8 mln. manat və ya 6,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,5 mln. manat və ya 4,1 faiz, ümumi dövlət xidmətlərinə 9,2 mln. manat və ya 2,5 faiz çox vəsait yönəldilib.
2011-ci ilin 6 ayında istifadə olunan 1348,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 217,9 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 1130,1 mln. manat vəsait yönəlib.

26.07.2011 15:55 / Baxılıb: 452 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo