Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıbmı?

Leyla Məhərrəmova/AZADİNFORM. Vətəndaş cəmiyyəti həm demokratik, həm də totalitar rejimli dövlətdə mövcud ola bilər. Lakin rejimdən asılı olaraq onun fəaliyyətində fərqlilik özünü göstərir. Belə ki, əsasında insan amili duran vətəndaş cəmiyyətinin özü antitotalitar prinsiplərə söykənir. Bu cəmiyyətdə insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferası diqqət mərkəzindədir. Burada humanizm prinsipləri, qanunlara, əxlaq kodekslərinə hörmət mühümdür. 

Özündə demokratik ideyaları daşıyan bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.

Bəs Azərbaycanda necə?  Bizdə vətəndaş cəmiyyəti formalaşıbmı? Bu suallara cavab tapmaq üçün həm də ekspertə müraciət etdik.

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin Sədri Elməddin Hacılı

AZADİNFORM-a bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin tarixi qədim olsa da, müasir dövrümüzdə bu münasibətlər hələ formalaşıb başa çatmayıb. Bunun da səbəbləri bir sıra tarixi-siyasi proseslərin nəticəsidir. Müasir dövrümüzdə formalaşmağa başlayan vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı son illərdə dövlətin də diqqəti və dəstəyi ilə daha da sürətlənib. 

Ekspert ölkədəki vətəndaş cəmiyyətinin durumunu beynəlxalq təcrübə ilə də müqayisə edib: “Biz beynəlxalq təcrübə deyəndə nümunə kimi həmişə ABŞ və bir sıra Avropa ölkələrini nəzərdə tuturuq. Şübhəsiz ki, həmin ölkələrdə artıq oturuşmuş və ənənə halını almış vətəndaş cəmiyyəti münasibətləri var. Bu da onların tarixi inkişaf yolu ilə bağlıdır. Bizim onlardan öyrənəcəyimiz bir sıra məqamlar var”. O, həmçinin qeyd edib ki, elə ölkələr də var ki, bu gün vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında Azərbaycan modelindən, təcrübəsindən, bizim bu istiqamətdə qazandığımız uğurlardan istifadə edir. 

Təbii ki, demokratiyanın inkişaf etdiyi və vətəndaş cəmiyyətinin formalaşdığı bir dövlətdə vətəndaşların elektron hökumət və onun  xidmətlərdən yararlanması üstünlükdür. Bu gün dövlətlər və cəmiyyətlər sürətlə elektronlaşmaya doğru gedir. Və bu gün dünyada e-hökumət deyilən bir anlayış meydana gəlib. 

Bəs vətəndaş cəmiyyəti və elektron hökumət anlayışının nisbəti necədir? Elektron hökumətdən yararlana bilirikmi?

Bu sualımızı isə həm ekspert, həm də vətəndaşlar cavablandırıb. 

Elməddin Hacılı bildirib ki, Azərbaycan da bu prosesdən kənarda deyil. Həm dövlət, həm də vətəndaş cəmiyyəti bu gün elektron vasitələrdən istifadə edir, münasibətlərini elektron vasitələr üzərindən qurur. Lakin əhalinin məlumatlılıq səviyyəsi qənaətbəxş deyil: “Məncə, bu gün e-hökumətlə bağlı bir sıra işlər görülsə də, dövlət-vətəndaş cəmiyyəti ilə birlikdə bir sıra layihələr həyata keçirsə də, bu gün əhali arasında bu barədə məlumatlılıq qənaətbəxş deyil. Hesab edirəm ki, bu e-hökumət nədir, onun faydaları və imkanları haqqında əhali arasında dövlət-vətəndaş cəmiyyəti birlikdə bir sıra maarifləndirmə işləri apara bilər”. Ekspert elektron hökumətlə bağlı bir sıra proqramları əhali tərəfindən asan istifadə olunması üçün onların təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. 

Mövzu ilə bağlı gənclər arasında apardığımız sorğunu olduğu kimi təqdim edirik. 

“Elektron hökumət?”, “ O, nədir elə?” deyə cavab verənlər də oldu. 

Elektron xidmətlərdən razı olanlar da tapıldı.

Misranə Həsənzadə: “Çox rahatdır. Şəxsən mən poçtda ödəməkdənsə paypointi üstün tuturam. Metroda olur paypoint yolumun üstündədir, bir də əziyyət çəkib poçta getmirəm. Növbədə poçta baxanda demək olar olmur. Üstəlik poçt mən bilən 6-ya qədər işləyir. Ancaq paypoint metro açıq olduğu müddətdə işləyir”.

Bəzi vətəndaşlar isə elektron xidmətlərdən yararlanmağın sərfəli olmadığını qeyd etdi. Yəni maddi imkanlarının buna imkan vermədiyini bildirdilər.

Sorğunun nəticəsi elektron xidmətlərə münasibətin fərqli olduğunu göstərdi. Elektron xidmətlərin nə olduğunu bilməyən, ondan yararlanan və yararlanmayan var. Ekspertin fikri ilə razılaşsaq, mövcud sahədə maarifçiliyin aparılması labüddür.  

Ümid edək ki, ölkədə vətəndaş cəmiyyəti öz inkişafının yeni mərhələsinə qədəm qoyduqca, elektron xidmətlərdən istifadə də normal şəkil alacaq.

15.11.2013 16:12 / Baxılıb: 545 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo