Nazir müavini BMT-nin Nyu-York Qərargahında rəsmi görüşlər keçirir

AZADİNFORM. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İnkişaf  Proqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-York Qərargahında rəsmi səfərdədir. 

AZADİNFORM xəbər verir ki, nümayəndə heyəti ilk olaraq BMT-nin  İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini Peter Launski-Tieffental ilə görüşüb. Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır.  

Nümayəndə heyəti eyni zamanda BMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə səfiri Əhməd Əlhəndavi ilə görüşüb. Gənclər üzrə səfir Azərbaycanda Gənclər siyasətinin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və Gənclər üzrə Dövlət Proqramını dövlətin Gənclərə qayğısı kimi qiymətləndirib.

Əhməd Əlhəndavi BMT-nin Gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib. 

Nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı Azərbaycanda həyata keçirilən Gənclər siyasətini, Gənclər təşkilatları və Gənclər Evlərinin fəaliyyətini əyani müşahidə etmək üçün Ə.Əlhəndəvini Azərbaycana dəvət edib. 

Səmimi və dostluq şəraitində başa çatan müzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb.  

Xatırladaq ki, dörd günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək. 

Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik edib və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu York Qərargahına rəsmi səfəri davam edir.

27.08.2013 18:55 / Baxılıb: 747 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo