Azərbaycan BMT Modelinə ev sahibliyi edəcək

Samir Soltanov/AZADİNFORM. “Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı” üzrə birgə layihəyə əsasən Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) oktyabrda keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası (TŞ) Model Konfransını təşkil edirlər.

AZADİNFORM xəbər verir ki, 4 günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə hazırlanmış 2 günlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər. Daha sonra onlar Kiber Terrorizm üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar. Gənclər BMT səfirləri və diplomatlarının yerinə keçərək Təhlükəsizlik Şurası toplantısı zamanı siyasi müzakirələrdə rol oynayacaqlar. BMT Modelində iştirak tələbələrə gələcəyin siyasətçiləri üçün dəyərli olan tədqiqat aparmaq, yazı, natiqlik və təhlil kimi bacarıqları inkişaf etdirməkdə yardımçı olacaq. Konfransa hazırlıq çərçivəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İP əməkdaşlarından ibarət nümayəndə heyəti avqustun 26-30-da BMT-nin Nyu-york Qərargahına səfər edəcəklər. Səfərin məqsədi BMT Modelinin idarə olunmasında beynəlxalq təcrübəni öyrənmək və Bakıda keçiriləcək tədbirə yüksək səviyyəli beynəlxalq məruzəçiləri cəlb etməkdir. Səfər çərçivəsində BMT Baş Katibinin Gənclər üzrə Elçisi Əhməd Əlhəndavi, İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini Launski  Tieffensal, BMT-nin İP-nin Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru Sultan Cihanoğlu və BMT-nin İİD-nin Təşviqat Bölməsinin direktoru Mahir Nasser ilə ikitərəfli görüşlər keçiriləcək. Nümayəndə heyəti həmçinin Nyu-York şəhərində BMT-nin İİD tərəfindən keçirilən illik BMT Model seminarında iştirak etmək imkanı əldə edəcək. 

Qeyd edək ki, Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu 2 il ərzində Azərbaycan 2012 ci ilin mayında TŞ-ə sədrlik edib və növbəti sentyabrdan 1 aylıq müddətə yenidən başçılıq edəcək.


22.08.2013 16:59 / Baxılıb: 718 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo