Kaspi Global Azərbaycanda iki teleserial çəkir

 

AZADİNFORM. Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkilir. “Azadinform” Lent.az-a istinadən xəbər verir ki, filmlərin hazırlanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub. “Aydın” və “Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq. 

Serialları çəkən “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənlinin verdiyi məlumata görə, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” əsərinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri gedir.

 

 

Şirkət rəhbəri onu da əlavə edib ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Kriminal melodram janrında olan serialın əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyəti ilə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günahsızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. 

Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb. 

Qeyd edək ki, iranlı kinematoqrafçılar Azərbaycan tamaşaçısına sentyabr ayında “Nizami” kinoteatrında nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən tanışdır. Sözügedən film “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan “Su başında durmuşuq, çinarla mən” filmi Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınıb.

Sənədli kino hekayətinin ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edəni Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifətdir. 

 

21.11.2012 13:10 / Baxılıb: 1078 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo