Fərid Ələkbərli: Bəzi dillərdə olan əlyazmaların tərcüməsi üçün mütəxəssis lazımdır

Atif Eyvazov/AZADİNFORM. “Vatikanda apardığım tədqiqatlar nəticəsində əldə etdiyim və Bakıya gətirdiyim Nizami Gəncəvinin 7 nadir əlyazması tədqiqata cəlb edilib.


 XVI-XVII əsrlərə aid və gözəl tərtibatlı, səlis və əllə köçürülən bu əlyazmalar səhvlərin az olması ilə səciyyələnir”. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində AMEA Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru  Fərid Ələkbərli deyib. 

Hazırda əsərlərin nüsxələrinin Əlyazmalar İnstitutunda saxlanıldığını diqqətə çatdıran F.Ələkbərli deyib ki, əsərlər arasında “Xəmsə”nin tam nüsxəsi də var. 

F.Ələkbərli bildirib ki, Nizami Gəncəvinin Vatikandakı əsərlərinin bəzi qiymətli əlyazmaları zədələnmiş halda olduğu üçün Vatikan restavratorları onları bərpa ediblər. Onun sözlərinə görə, bu əlyazmaların bərpası üçün tələb olunan vəsait Heydər Əliyev Fondu tərəfindən ayrılıb. Bu vəsait hesabına Vatikanda 50-yə yaxın orta əsr Azərbaycan əlyazması, o cümlədən Nizami Gəncəvinin orta əsr əlyazmaları bərpa olunub. Vatikandan gətirilən əlyazmalar ərəb, fars, türk, sənədlər, məktublar isə əsasən orta əsr italyan, fransız və latın dillərindədir. Monqol və uyğur dillərində də sənədlər var. F.Ələkbərli qeyd edib ki, hazırda ərəb və  fars dillərində olan əlyazmalar tərcümə olunur. Onun sözlərinə görə, latın və başqa dillərdə olan sənədlərin tərcüməsi üçün xüsusi mütəxəssislər lazımdır: “İndi Əlyazmalar İnstitutunda saxlanılan bütün sənədlər tədqiqatçıların üzünə açıqdır. Məsələ ilə maraqlanan mütəxəssislər latın və başqa dillərdə olan istənilən sənədləri gəlib tədqiq edə bilərlər”. 

24.09.2012 14:32 / Baxılıb: 610 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo