Azərbaycanda müasir opera yox dərəcəsindədir

Firəngiz Əlizadə: “Qəlbinin səsi ilə musiqi yazmaq, ifa etmək istəyən insana qadağa qoya bilmərik”

 

 

 

Ümidə Həsənli/AZADİNFORM. Bu il Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin 65 yaşı tamam olur. Professorun yubileyi xarici ölkələrdə də qeyd ediləcək. Bəstəkar sədrlik etdiyi qurum və gələcək planları haqqında “Azadinform”a müsahibə verib. 

- 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildən isə sədrisiniz. Rəhbər olandan sonra hansı dəyişikliklər etdiniz?

-  17 ildir Bəstəkarlar İttifaqının qurultayı keçirilmirdi. 1990-cı ilin faciəvi günlərindən sonra İttifaqın tarixində ilk dəfə olaraq konsertlər keçirilmədi. Həmin il Tofiq Quliyev sədr seçildi. Vəziyyət çətin olduğu üçün onun da əlindən heç nə gəlmirdi. Nəhayət, 2007-ci ildə qurultay keçirildi. Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan kimi bir çox xarici ölkədən gələn qonaqların qatıldığı qurultayda simfonik konsertlər, səhnə əsərləri, Opera və Balet Teatrında kamera konsertlər, estrada musiqisi daxil olmaqla 106 əsər ifa olundu. Qurultaydan sonra Bəstəkarlar İttifaqının tarixində yeni bir fəal mərhələ başladı. Simfonik, kamera musiqisi, uşaqlar, gənclərlə iş bölümü, musiqişünaslıq, folklor bölümləri fəaliyyətə başladı və komissiyalarımız, onların tərkibi formalaşdı. Bu yaxınlarda isə 4 günlük gənclərin plenumunu keçirdik. Azər Dadaşov və Cəlal Abbasov bu bölümə rəhbərlik edir. Artıq Bəstəkarlar İttifaqı Azərbaycanın musiqi həyatında  mühüm rol oynayan bir quruma çevrilib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyevin ənənəsi ilə getməklə 21-ci əsrdə tamamilə yeni mərhələ başlayıb. 

- Rəhbər olmaq qadından nə tələb edir?

Şərq anlayışı ilə rəhbər olmaq fərqlidir. Mənim üçün rəhbər olmaq daha da çox işləmək və  böyük məsuliyyətdir. Bu işin heç bir ləzzəti, üstünlükləri yoxdur. Amma sadəcə başa düşürəm ki, burda oturmuşamsa, məsuliyyətli olub işləməliyəm, çox insana cavab verib, onların könlünü almalıyam. Elə işlər var ki, onları edə bilmirəm. Çünki dövlət qurumu deyilik, bir tərəfdən azad, bir tərəfdən asılıyıq, maliyyə imkanlarımız zəifdir. Təvazökar maliyyə imkanlarımızla zövqlü, elitar konsertlər, tədbirlər və mümkün olan hər şeyi peşəkar,  səviyyəli etməyə çalışırıq. Böyük, təmtəraqlı, texniki baxımdan yüksək səviyyəli, bol işıqlı tədbirlər edə bilmirik. 

- Rəhbərlik yaradıcı fəaliyyətinizə mane olmur?

- Təbii ki, olur. Amma bütün günü burda oturmalıyam, evdə də rahat olmuram. Hər dəqiqə yeni informasiya daxil olur. Əvvəl internetdə ancaq özümə və bəstəkarlıq fəaliyyətimə aid informasiyalarla maraqlanırdım, cavab verirdim, indi isə onları şəxsi işim olduğuna görə sona saxlayıb təşkilatın işləri ilə məşğul oluram. Amma yenə də bunları bir araya gətirib əsərlərimi də yazıram, mümkün olan konsertlərdə də iştirak edirəm. 

- UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülən yeganə azərbaycanlısınız. Bu mükafata nə zaman və məhz hansı layihənizə görə layiq görüldünüz və sizin üçün anlamı nədir?

- 2005-ci ildən YUNESKO-da çıxış edirəm. Həmin vaxtdan yaradıcılığım izlənirdi. Parisdə “Yo yo ma” və İsrail-Fələstin münaqişəsinə həsr etdiyim layihə isə buna təkan oldu. Xaricdə çox mükafat almışam. Fransa mediasının mükafatını almışam. Haqqımda ilk kitab Almaniyada çıxdı. Bu ada isə 2007-ci il mayın 28-də 60 illiyim münasibəti ilə layiq görüldüm. 2008-də təqdimat oldu. Yaradıcı insan heç bir fəxri ad və titula məhəl qoymamalıdır. O, həmişə öz yolu ilə getməlidir. 5 yaşımdan seçdiyim yolla gedirəm, ona görə də versələr də sağ olsunlar, verməsələr də. 

- Bəstəkarlar İttifaqının bayağı mahnıların qarşısını almaq üçün hansısa layihəsi varmı?

- Nizamnamədə sadiq qaldığım bəndlər var. Lakin son qurultayda qarışıqlıq olduğuna görə Bəstəkarlar İttifaqına qəbulun yumşaldılması ilə bağlı irəli sürmək istədiyim bəzi təkliflər qaldı. Bir neçə bəstəkarımızla istəyirdik ki,  özfəaliyyət bəstəkarlarını da bura cəlb edək. Məsələn, ali təhsili olmayan, lakin gözəl mahnılar yazan musiqiçi, pianoçu, tar, kamança ifaçılarını da ittifaqa cəlb etmək istəyirdim. Onlar təcrid olmamalıdırlar. Lakin adlarını çəkmək istəmədiyim bəzi bəstəkarlarımız ucbatından bu məsələlərin heç birini müzakirə edə bilmədik. Qəlbinin səsi ilə musiqi yazmaq, ifa etmək istəyən insana qadağa qoya bilmərik. Amma insanlar burada tarazlıq və qanun-qayda görməlidir. Bayağı mahnıların qarşısını almaq üçün nəğməkar bəstəkarların əsərləri çoxluq təşkil etməlidir. Bax, bu zaman zövq formalaşar. 80 faiz gözəl mahnılar olsa, 20 faiz zövqsüz mahnıları heç kəs dinləməz. Yaxşı mahnılar yazılır, lakin onları təbliğ etmək lazımdır. 

- Bakı Musiqi Akademiyasında tələbələrin səviyyəsi sizi qane edirmi?

- 1992-ci ilə qədər dərs deyib professor adını almışam. Xarici ölkələrdə müəllimlik fəaliyyətim çox olub. Tələbələrimizin səviyyəsinin daha yüksək olmasını arzu edirəm. Gənc bəstəkarlarımız dünyanın hər yerində təhsil alırlar. Türkər Qasımzadə Amerika, Xədicə Zeynalova, Günay Mirzəyeva Almaniya, Kəmalə Əlizadə İtaliya, Səid Qani Amsterdam Konservatoriyasında oxuyur. Onlar Azərbaycan musiqisini yeni zirvələrə aparacaq istedadlı insanlardır. Təkcə məni narahat edən onların burda Konservatoriyanın bakalavr, magistr, aspiranturasını bitirib orada yenidən 1-ci kursdan başlamalarıdır. Mən Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayev və Cövdət Hacıyevin sinfində oxumuşam, heç vaxt xarici ölkədə təhsil almamışam və mən öz təhsilimi bitmiş qəbul edirəm. 

- Artıq 3 ildir ki, Beynəlxalq “İpək Yolu” festivalı keçirilir. Bu festivalın nəticəsini necə qiymətləndirirsiniz? 

- Festivalda iştirak edən insanlarla yanaşı yüksək qiymətləndiririk. Millət vəkili Yaqub Mahmudov, Xalq yazıçısı Anar, onun həyat yoldaşı musiqişünas Zemfira xanım, Cənubi Koreya, Rusiyanın səfirləri özəlliklə festivala tamaşa etmək üçün Şəkiyə gəlirlər. Amma hərdən ordan-burdan festivallarımızın çoxluğu haqqında eşidirəm. Mən onlara demək istəyirəm ki, “İpək yolu” kimi festival yoxdur, ola da bilməz. Çünki bizim festivalın konsepsiyası tarixi məkanlarda konsertləri keçirmək prinsipinə əsaslanır. Səhrada konsert salonu tikib orda festival keçirməklə heç kimi təəccübləndirmək olmayacaq. Bethovenin simfoniyasını istənilən yerdə dinləmək olar. Lakin biz milli musiqimizi, muğam sənətimizi dünya xalqlarının milli musiqi alətləri, kostyumlarında tarixi məkanlarda nümayiş etdiririk. Bu, tamamilə başqa effekt verir. Məsələn, 22 ildir “Əsli və Kərəm” operası səhnədə oynanılmırdı. Onu bərpa edib keçən il Bakıda keçirilən “İpək yolu” festivalında açıq hava altında Şirvanşahlar sarayında təqdim etdik. Heydər Əliyev Fondunun “Üzeyir dünyası” layihəsi çərçivəsində “Arşın mal alan” operasını da hazırlayırıq. Tarixi məkan, həmin dövrün ab-havası tamam başqa təsir yaradır. “Arşın mal alan” Vyanada qoyulmuşdu. Musiqi tərəfdən çox gözəl idi. Qaradərili aktrisa Gülçöhrənin ariyasını oxuyurdu. Amma məndən soruşdular ki, nəyə görə cinsdə, əlində telefon qadın sevgilisi ilə bir-birini görə bilmir. Müasirləşəndə mövzu itir. 

- Fortepiano sonatası, fortepiano ilə orkestr üçün konsert, simli kvartet, simfoniya, oratoriya kimi əsasən ağır janrlarda olan əsərlərin müəllifisiniz. Bəs mahnı janrında niyə yazmırsınız? 

- Mahnı janrında heç vaxt yazmamışam, heç meyilim də yoxdur. Ciddi musiqidə ağır janrlarla bağlı planlarım çoxdur. 

- Violonçel ilə fortepiano üçün "Habilsayağı" əsəriniz Habil Əliyevə həsr edilib?

- Rastropoviçin ən gözəl tələbələrindən biri olan İvan Monigetdi Bakıya gələndə ona Habil Əliyevin plastinkasını vermişdim. Moskvada dinləyəndən sonra mənə məktub yazıb dedi ki, Habil Əliyev yaradıcılığı məşhur skripkaçı David Ostranı kölgədə qoyur. Onun ifası, xırdalıqlarına valeh olduğunu bildirdi və xahiş etdi ki, ifa etdiyi violençel üçün Habil Əliyevin kamança ifasına bənzər yeni əsər yazım. Bunun mümkün olmadığını dedim, çünki kamança ilə violençel arasında fərq çoxdur. Amma çox xahiş etdi və bu əsər yarandı. Uğurlu əsər oldu, məşhur şirkətlər tərəfindən 11 dəfə diskdə çıxıb. Dünyanın bütün violençel ifa edən məşhur musiqiçiləri “Habilsayağı”nı ifa edib. 

- Sintez əsərlərin üstünlüyü nədir?

- "Ağ atlı haqqında əfsanə" rok-operası  və “Sənin adın Dənizdir” operası, eləcə də “Boş beşik” baleti sintez əsərlərdir. “Sənin adın Dənizdir”də əsas qəhrəmanlardan olan amerikalı rəssam qız atası ilə qərbsayağı ariyalar, oğlan xanəndə anası ilə muğam ifa edir. “Boş beşik”də simfoniya ilə Türkiyənin Mersin şəhərinə məxsus davul, zurnadan da istifadə edilib. Hər musiqinin öz mənası, məqsədi, üslubu var. Musiqi təsirli olmalıdır və insanlara xoş təsir bağışlamalıdır. 

- İlk dəfə 2007-ci ildə səhnəyə qoyulan “İntizar” operasından başqa, “Boş beşik” baleti, “Ağ atlı haqqında əfsanə” operanız var. Amma niyə  Azərbaycan səhnəsində əsərinizin qoyulmur?

- Bizim Opera və Balet Teatrında mənim əsərimi tapa bilməzsiniz. Niyəsini bilmirəm. “İntizar”ın 2009-cu ildə konsert ifası oldu, 2010-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyev Sarayında nümayiş etdirildi. Hərdən faciəvi günlərdə televiziya kanallarında göstərirlər. 

- İtaliya, İsveç, Almaniya, Meksika, ABŞ, İngiltərə, Hollandiya kimi ölkələrdə beynəlxalq musiqi festivallarında iştirak etmisiniz. Hansı ölkədə musiqini daha yaxşı qəbul edir?

- Dünyanın hər yerində müxtəlif səviyyəli insanlar var. Mədəni insanlar hər şeydən xəbərdardırlar. Amerikada elə fermerlər var ki, prezidentlərin tanımırlar. Hər zaman Azərbaycanı tanıyan, muğamımıza böyük ehtiramları olan ən məşhur musiqiçilərlə təmasda olmuşam. Lakin Almaniya, İsveçrə, Avstriya hər zaman seçilir və hazırda müasir musiqinin mərkəzi hesab edilir. Orada məşhur festivallar keçirirlər, musiqiçiləri çox yüksək səviyyədədir. Onlarda mənim xoşuma gələn cəhət insanla onun peşəkarlığına görə davranmaqdır. Bu, çox yüksək musiqi mədəniyyətinin göstəricisidir. 

- Azərbaycan musiqisində hansı janr geri qalır? 

- Azərbaycanda bəstəkarlar bütün janrlarda musiqilər yazırlar. Lakin bunun təbliğ edilməsində bəzi çətinliklər var. Səhnə əsərləri - opera, baletlər daha gec-gec ərsəyə gəlir. Azərbaycanda müasir opera yox dərəcəsindədir. Çünki çox böyük zəhmət, səviyyə tələb edir. Lakin bizim başqa Türkdilli ölkələrdə olmayan operalarımız var. Bizim elə operalarımız var. Desəm ki, Azərbaycan bəstəkarları opera yazmır, şər atmış oluram. Bunları səhnələşdirmək və təbliğ etmək lazımdır. 

10.07.2012 15:42 / Baxılıb: 2303 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo