Oqtay Əsədov Radek Vondraçek ilə görüşüb

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azadinform xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, spiker bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini vurğulayıb: “Çexiya ölkəmiz üçün dost və əhəmiyyətli tərəfdaşdır. Biz Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulmuşdur. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə başçılarımız əhəmiyyətli rol oynayıblar. Belə ki, 2015-ci ildə Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Prezident İlham Əliyev də müxtəlif dövrlərdə Çexiyada səfərlərdə olub. Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik”. 

O.Əsədov əlavə edib ki, bu gün Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi məhz Azərbaycanın payına düşür: “Belə hesab edirik ki, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrimizin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcəkdir. Bu mənada qarşılıqlı biznes forumların da rolu danılmazdır. Hazırda Azərbaycanda müxtəlif sahələr üzrə 26 çex kapitallı şirkətlər fəaliyyət göstərir. Çexiyanın idxal etdiyi neftin 30 faizindən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Qlobal miqyaslı mövcud neft və qaz kəmərləri və reallaşmaqda olan layihələr bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirmiş oldu. Eyni zamanda ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Bu sahədə münasibətlərimiz günü-gündən genişlənir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti bunun əyani sübutudur”.

Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçek ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib: “Çexiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Azərbaycanın neft və qaz ixracı sahəsində əldə etdiyi nailiyyətlərdən onlara da pay düşür. İqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün qarşılıqlı biznes forumların əhəmiyyəti danılmazdır. Çexiya Azərbaycana 1,3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu ölkəmizin Azərbaycan iqtisadiyyatına olan marağından xəbər verir. Qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlər önəmlidir. Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı  genişləndirmək niyyətindədir”. 

Vondraçek Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bildirib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşmış və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. 

Qeyd edək ki, görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Sahibə Qafarova, Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert və digər rəsmi şəxslər iştirak ediblər.

16.05.2019 17:25 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo