Azərbaycan Avropa üçün regionda ən perspektivli bazar sayılır

Ləman Hüseynzadə / AZADİNFORM. “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin tənzimlənməsinə dair yeni sazişin imzalanması ilə bağlı danışıqlar aparılır. Bu danışıqların artıq yekun mərhələsinə keçiblər. Çox güman ki, ilin axır aylarında bu saziş imzalana bilər”.

Bu fikirləri Azadinform-a politoloq İlqar Vəlizadə Azərbaycan-Avropa İttifaqı münasibətlərindən danışarkən deyib.

Politoloq deyib ki, sözügedən saziş əslində ikitərəfli münasibətlərin əsas tərəflərini müəyyən edir: “Eyni zamanda bu istiqamətlər üzrə əməkdaşlığın qurulmasını təmin edir. İkitərəfli münasibətlərdə əsas aktual və vacib məsələlər enerji sahəsində əməkdaşlıq, viza rejiminin yumşalması ilə bağlıdır. Bundan başqa, ikitərəfli ticarət əlaqələrinin qurulmasına xidmət göstərən hansısa yeni layihələrin həyata keçirilməsi ilə bağlı da danışıqlar ola bilər. Çünki Azərbaycan təkcə öz neft və qazı ilə deyil, digər məhsullarla da Avropa bazarlarına çıxmaq niyyətindədir. Həmçinin Avropa istehsalçıları Azərbaycan bazarında maraqlıdırlar. Çünki Avropa üçün Azərbaycan bazarı regionda ən böyük və perspektivli bazar sayılır”.

İ.Vəlizadə əlavə edib ki, digər tərəfdən, regionda həyata keçirilən nəqliyyat layihələri ikitərəfli münasibətlərdə önəm kəsb edir: “Belə ki, son illər ərzində Azərbaycan vasitəsilə bir çox subregional nəqliyyat dəhlizləri formalaşıb. Onların əsas məqsədi Avropa ölkələri, Mərkəzi Asiya, Yaxın və Orta Şərq, eyni zamanda Çin kimi regionlarla rabitələr qurmaqdan ibarətdir. Azərbaycan burada açar ölkə rolunu oynayır. Bu istiqamətlər həm Azərbaycan, həm də Avropa üçün önəmlidir və ikitərəfli münasibətlərin prioritetlərini təşkil edir”. 

16.05.2019 15:15 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo