Dini dəyərləri necə təbliğ edək?

Son zamanlar sosial mediada dinlə bağlı olan paylaşımlar, dini dəyərlərə qarşı mübarizənin aparılmasına təkan verir. Bu cür paylaşım edən şəxslər bir sıra hallarda dinlə bağlı heç bir məlumatı olmayanlardır. Ümumiyyətlə, bu problem bir çox dünya ölkələrində ən aktual mövzulardan biridir. İnsanlar dini radikalizmə qarşı mübarizə üçün çalışırlar. Baş verən son hadisələri göz önünə gətirsək, demək olmaz ki, bu problem yalnız müasir dövrə aiddir. Çünki dini radikallaşma meylləri XX əsrin sonlarından etibarən xeyli artıb.

Bu cür təhlükənin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı, görüşlər təşkil edilməlidir. Xüsusən də internetin sürətlə inkişaf etdiyi bu zamanda, yetişməkdə olan gənc nəsil arasında ciddi tədbirləri həyata keçirilməli, onlarla söhbətlər edilməlidir. Çünki sosial şəbəkələrə nəzər salsaq, dinlə bağlı bir şəkil və yaxud da videolar çox qısa zamanda mediaya yayılır, bəzən isə insanlar arasında qınağa da səbəb olur. 

İstər ailələrdə, istərsə də uşaq bağçalarında, orta məktəblərdə normal dini bilgilərin çatdırılması üçün tədbirlər görülməlidir. Bu sahədə işini dəqiqliyi ilə bilən mütəxəssislər, psixoloqlar bu sahəyə nəzarət etməlidir. 

Məsələn, son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də təhsil müəssisələrində dini dərslərin keçirilməsi oldu. Məsələ ilə bağlı bir çox şərhlər yazıldı, kimisi bu addımı müsbət qiymətləndirsə də bu qərara qarşı çıxanlar da oldu. Burada söhbət uşaqların, yaxud da gənclərin dindar kimi yetişdirilməsindən getmir. Təhsil ocaqlarında dinlər haqqında məlumatlar verilməli, faydalı və zərərli tərəfləri qeyd edilməlidir. Bunlarla yanaşı, fərqli dinlərdən olan insanlar da bir araya gəlməli, bir yerdə yaşamağın mümkünlüyü haqqında məlumatlar verilməli, insanlara başa salınmalıdır. 

Bu gün ölkəmizdə multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Belə ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində addımlar atılır. İnsanlar fərqli dinlərdən olan şəxslərə qarşı təmkinli davranışı bunun bir sübutudur. 

Fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov qeyd edib ki, Avropada müasir cəmiyyətdə din məsələsini ilk dəfə fəlsəfi şəkildə araşdıran Nitsşe (Fridrix Nitsşe – 1844- 1900, alman filosofu – red.) olub: “Nitsşe “Zərdüşt belə dedi” əsərində yazır ki: “Allah artıq öldü, biz onu basdırdıq”. Ekzistensialist (Ekzistensializm (lat. exsistensia-varlıq) - XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biri – red. ) filosof olan  Martin Haydeqqer (1889-1976-red.) Nitsşenin bu fikrini belə izah edir. Haydegger yazır ki, Nitsşe varlıq aləminin Allahından bəhs etmir. Nitsşeyə görə insanların həyatında artıq Allah ölüb, insanlar artıq Allahla yaşamırlar, Allaha üz tutmurlar. Sənaye, inkişaf, texnologiya insanları sanki Allahdan uzaqlaşdırır və təcrid edir. Müasir dövrdə insanlar yaşam tərzində Allah sanki yox kimi davranırlar. Əvvəl olduğu kimi insanların bir-birinə sevgisi, məhəbbəti, qonşunun qonşuya münasibətləri dini cəmiyyətlərdə Allahdan qaynaqlanırdı. Yəni bunun mənşəyi Allah hesab edilirdi. Nitsşe bunların yox olmasından nigaranlığına görə deyir Allah ölüb. Haydegger Nitsşeninin fikrini belə şərh  edir. Haydegger deyir ki, Allahın ölməyi mümkün deyil, çünki Allah əzəli və əbədidir. İndi gələk məsələnin bugünkü müstəvisinə. 

Dindarlıq və din dedikdə bir həqiqi, bir də hüquqi dindən söhbət gedir. Hüquqi din özünü hüquq müstəvisində göstərir. Yəni əgər insan müsəlmandırsa onun irsi vərəsəsi olmalıdır, müsəlman qəbiristanlığında dəfn olunmalıdır. Yəni İslamın adət-ənənələrinə, hüququna  uyğun şəkildə öz həyatını başa vuracaq. Amma bir də var həqiqi dindarlıq. Sual yaranır ki, həqiqi dindarlığın meyarı nədir, həqiqi dindar kimdir və nəhayət həqiqi dindar olmaq üçün nə etmək lazımdır? İcazənizlə mən yenə Avropada ekzistensialist fəlsəfi cərəyanının İlahi formada yaradıcılarından biri olan Martin Haydeggerə müraciət etmək istərdim. O deyir ki, həqiqi dindarlıq insanlığın qəlbindədir, insanların daxilindədir, onun meyarı yoxdur, ona meyar vermək düzgün deyil. Amma bu ekzistensialist fəlsəfi cərəyanında birmənalı qarşılanmır. Digər filosoflar deyirlər ki, hər bir nəsnənin meyarı olduğu kimi dindarlığın da meyarı olmalıdır. Biz onu fərdin əməllərindən, rəftarından, danışığından, həyat tərzinə görə ölçə bilərik. Bu bir fəlsəfi məsələ olaraq Avropada sosiologiyada, psixologiyada və ən mühümü din fəlsəfəsində çox geniş müzakirələrə səbəb olub. Təbii ki, bu məsələlər Azərbaycanda da çox mühüm yer tutur. Bu müzakirə mövzusu çox aktualdır. Bir görüşdə bu məsələlərə tam aydınlıq gətirmək çətindir”.


A.Nəbiyeva


Bu yazı “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai  Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizə istiqamətində maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.  

10.05.2019 15:00 / Baxılıb: 411 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo