Həyəcan keçirən abituriyentin valideyni nə etməlidir? Psixoloq danışır

Aygün Nəbiyeva / AZADİNFORM. Universitetə qəbul olunmaq hər bir şagirdin arzusudur. Qəbul imtahanları onların həyatına bütünlüklə təsir edir, yaddaşlarında silinməz izlər buraxır. Artıq imtahanların ilk mərhələsi yekunlaşıb. Sırada olan ikinci mərhələyə ümid bağlayan abituriyentlər var ki, onlar “birdən qəbul olmaram” düşüncəsi ilə hər gün stres yaşayır, bəziləri isə buna çox da əhəmiyyət vermirlər. Amma bütün hallarda, sualları əzbər bilənlər də, heç kitab üzü açmayanlar da həyəcan keçirirlər.

Tələbə adını qazanmaq istəyənlər bu sınaqdan uğurlu çıxmaqla yanaşı, həm də böyük stresi aradan qaldırmağı bacarmalıdırlar.

 

Bəs imtahanların iki mərhələli keçirilməsi abituriyentlərə hansı psixoloji təsirlər göstərir? Valideynlər nələrə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı Azadinform-a danışan psixoloq Aydan Nəzərova imtahanın iki mərhələli olmasının stresə davamsız, sosial adaptasiya, özgüvən əskikliyi və bu kimi digər psixoloji narahatlığı olan abituriyentlər üçün önəmli olduğunu düşünür:

“Çünki narahatlığı olan abituriyentlər üçün ilk turu vermək, həmin narahatlıqları müəyyən qədər aradan qaldırır. Artıq mühitə adaptasiya olub, ikinci turu verdikdə, bu qədər gərginlik yaşamırlar. Belə desək, situasiyaya öyrəşirlər. İlk turda həyəcan, stres, gərginlikdən dolayı yaza bilmədikləri mövzular ola bilər. Yaxud da axsaqlıqları olduğu mövzuları ikinci dəfə daha da möhkəmləndirə bilərlər. Bu baxımdan, imtahanın iki mərhələli olması daha sərfəli bir metoddur.

Amma elə abituriyentlər var ki, istəyirlər hər şey bir anlıq olub-bitsin. Əslində, abituriyentlər ilboyu hazırlığa getdikləri üçün ilin sonunda artıq çox yorğun olurlar. İmtahanların iki turdan ibarət olması ona görə yaxşıdır ki, birinci turda onlar özlərini sınaya bilir, zaman ayarlamasını öyrənirlər. Ona görə də ikinci mərhələyə hazırlıqlı girirlər. İlk mərhələdə hansı mövzuda çətinlik çəkdiklərini bilib, o mövzular üzərində daha da özlərini təkminləşdirirlər”.

Psixoloqun sözlərinə görə, bəzi abituriyentlər ilk turda az bal yığdıqdan sonra xəyal qırıqlığı yaşayır, motivasiyaları aşağı düşür: “Bu, əsasən özgüvən əskikliyi olan abituriyentlərdə özünü göstərir. Birinci tur onlar üçün sanki sınaq mərhələsidir. Valideynlər ilk turda övladının həyəcan, stress keçirdiyini, yaxud az bal topladığının fərqinə varmalıdırlar. Onları qısa müddətli də olsa, ikinci tura qədər psixoloq seanslarına aparmalıdırlar ki, artıq özgüvənləri bərpa olsun, bildiklərini də unutmasınlar”.

15.05.2019 13:03 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo