Sonra anladım ki, səhv etməmişəm...

Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi Aztv-ni seçdım. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğurdan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər bir sözlə hər şey göz oxşayırdı. Qonaqla söhbət üçün seçilmiş mövzu da aktual idi. 15 may beynəlxalq "Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim.

Ardınca "Gün başladı" proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi.

Sözün doğrusu çox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsl məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram.


Bahar Muradova

Milli Məclis sədrinin müavini

15.05.2019 12:30 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo