Prezident İlham Əliyev İqor Lyaşenkonu qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Belarusun Baş nazirinin müavini İqor Lyaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azadinform xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu dedi və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir. İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olundu və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

15.05.2019 12:22 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo