Azərbaycançılıq ideologiyası birgəyaşayışda stimul kimi II yazı

(əvvəli burda:

http://www.azadinform.az/news/a-198745.html)


Bir az əvvəl dövrün ziyalıları azərbaycançılığın “mədəni hərəkatı”ndan (XIX əsrin əvvəlləri və ikinci yarısı) söhbət açırdılarsa, artıq əsrin sonlarında “Kəşkül”də onlar “ictimai-siyasi şüurun inkişafı”nı dilə gətirirdilər.

1870-ci ildən 1889-cu ilədək Qafqazda nəşr olunan 53 mətbuat orqanının yalnız 3-nün Azərbaycan dilli olmasını nəzərə alsaq dövrün azərbaycanlı aydınlarının işi heç də asan olmayıb.  

1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlamışdır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi yalnız Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər işıq üzü görmüşdür.

Bakıda rus dilində nəşr olunmuş (1881) növbəti qəzet "Kaspi" olmuşdur. Qəzet həftədə 3 dəfə (ilk 28 sayı həftədə iki dəfə) nəşr edilirdi. "Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə çevrildi. Əvvəllər qəzet 400-420 nüsxə ilə çıxırdısa, 1887-ci ildən sonra tirajda artım müşahidə olundu. Artıq, 1887-ci ildən etibarən qəzetin tirajı 1000 nüsxəyə qalxdı. "Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər onun redaktorları milliyyətcə ruslar olmuşlar. 1897-ci ildə - N.Sokolinskinin ölümündən sonra "Kaspi"də dəyişikliklər baş verdi. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürdü və Əlimərdan bəy Topçubaşov qəzetə redaktorluq etməyə başladı. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman Kaspi"si adlandırırlar. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 065 nömrəsi çıxmışdır.

Azərbaycan mətbuat tarixinin araşdırıcısı, professor Şirməmməd Hüseynov “Əli Mərdan bəy Topçubaşi və “Kaspi” qəzeti” məqaləsində yazır ki, “Bakinski listok” (1871-1872), “Bakinskiye izvestiya” (1876-1887) qəzetlərindən sonra Bakıda rus dilində 3-cü mətbuat orqanı sayılan “Kaspi” Azərbaycanın iki əsrin qovşağı və XX əsrin ilk iki onilliyində ən uzun ömürlü gündəlik qəzeti idi. (Əli Mərdan bəy Topçubaşinin anadan olmasının 135 illiyi münasibətilə keçirilmiş konfransın materialları, Diplomat kolleci, Bakı-1999)

Əlbəttə təkcə mətbuatda deyil, digər sahələrdə də dini azərbaycanlı ziyalılar (başda Mirzə Fətəli Axundzadə olmaqla) fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edildi, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Bu səylər nəticəsində yeni tədris metodlarını tətbiq edən (Üsul-i Cədid) milli  məktəblər açıldı, ədəbi Azərbaycan dili və yeni əlifba uğurunda mübarizə başladı, milli kitabxanalar və oxu zalları açıldı, milli qəzet və jurnallar təsis olundu. Mədəni Azərbaycançılıq hərəkatının görkəmli nümayəndələrinin fəaliyyəti nəticəsində  Azərbaycan xalqının milli şüuru formalaşmağa başladı. Bu proses xalqın öz mədəni və etnik birliyini dərk etməsində mühüm əhəmiyyət kəsb edirdi. 

Azərbaycançılıq ideyasının mədəni sahədən siyasi sahəyə keçməsi Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan Topçubaşov, Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri ilə bağlıdır. Siyasi Azərbaycançılığın nümayəndələri ilk dəfə olaraq Azərbaycan xalqının siyasi hüquqlarını müdafiə etməyə başladılar. Bu məqsəd üçün onlar hər bir leqal vasitədən istifadə edirdilər. Məsələn, rus çarına petisiya yazır, yüksək rütbəli hökumət nümayəndələri ilə görüşlər keçirir, Rusiya müsəlmanlarının qurultaylarını keçirir, Dövlət Dumasının işində fəal iştirak edirdilər. Siyasi Azərbaycançılığın   nümayəndələrinin bu fəaliyyətlərinin sırasında onların Dövlət Dumasında iştirakını xüsusi qeyd etmək lazımdır. 1905-ci ilin aprel ayında Dumanın “Rusiyanın müsəlman əhalisinin nümayəndələrindən” adlı petisiyanı Dumaya təqdim etdilər. Petisiyada Rusiya müsəlmanlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması, ölkədə feodal qalıqlarının aradan qaldırılması tələb olunurdu. Düzdür, petisiya çar hökuməti tərəfindən qəbul olunmadı, lakin onun tərtib və təqdim olunması siyasi Azərbaycançılığın yüksək inkişaf səviyyəsindən xəbər verirdi. Siyasi Azərbaycançılıq ideyasının nümayəndələrinin fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarını açıq şəkildə təbliğ edə bilmirdilər, çünki o vaxt Azərbaycan xalqı öz kimliyini dini əsasda müəyyən edirdi. Onların etnik türk kimlikləri qəbul edilmirdi. Siyasi Azərbaycançılıq ideyasının nümayəndələri panislamizmi  Azərbaycan xalqının  milli azadlıq mübarizəsinin qarşısında duran böyük bir maneə edirdilər. Bununla əlaqədar Məmmədəmin Rəsulzadə yazırdı: “Tarixi təcrübə göstərir ki, panislamizm , bir tərəfdən, teokratik və klerikal-mütəce hərəkatın formalaşmasına səbəb olmaqla, digər tərəfdən isə müsəlman dünyasında milli ideologiyanın formalaşmasına mane olmaqla, müsəlman xalqlarının müstəqilliyinə əngəl yaradır. Biz bütün müsəlman dünyasında milli şüurun inkişafı prosesini möhkəmlətməliyik, çünki milli kimliyin formalaşması sosial tərəqqinin real səbəbidir, milli müstəqilliyinin əsasıdır”. (“Azərbaycan multikulturalizmi”, Bakı- 2017, səh 42.)

O zamankı Azərbaycançılıq ideiyasının nəzəri əsasını üç inkişaf istiqamətinin birliyi təşkil edirdi: - türkləşmək, islamlaşmaq və müasirləşmək. Bu ideyanı ilk dəfə olaraq Əli  bəy Hüseynzadə “Həyat” jurnalında 1905-ci ildə irəli sürmüşdür. 

Əhməd bəy Ağaoğlu 1905-ci ildə "Kaspi" qəzetində yazırdı: "Bütün bu toplum (azərbaycanlılar nəzərdə tutulur), yalnız dini toplum olmayıb, eyni zamanda, etnik bir varlıqdır. Çünki bütün Rusiya müsəlmanları, kiçik bir istisna ilə böyük türk-tatar mənsubudurlar. Bir tək ümumi dildə danışır və eyni inancları paylaşırlar". Göründüyü kimi, Əhməd bəy Ağaoğlu burada artıq bir addım qabağa gedərək müsəlman ümmətçiliyi ideyasının təsir dairəsindən çıxa bilmişdi, lakin bu nöqtədən müasir azərbaycançılıq mövqelərinə hələ xeyli fikir məsafəsi vardı. O, Rusiyada yaşayan bütün müsəlmanların eyni bir milli birliyə - türk-tatar millətinə ("irqinə") mənsub olduğunu iqrar edir və həmin görüşlərini ilk öncə rus dilində buraxdığı "Kaspi" qəzetində, sonra isə Əli bəy Hüseynzadə ilə birgə məşhur Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin  maddi yardımı sayəsində 1905-ci ilin yayından nəşr etməyə başladığı "Həyat" qəzetində təbliğ edirdi. (Vəliyeva S. “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi”, Bakı-2002,  səh. 21)

Azərbaycanın ictimai-siyasi fikir tarixində, maarifçilik hərəkatının genişlənməsində "Şərqi-Rus" qəzetinin mühüm xidmətləri var. O, XX əsrin ilk, həm də gündəlik Azərbaycan qəzetidir. Müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi bu mətbu orqanı Şərqdə Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin sərgisi adlandırırdılar.

Azərbaycanda qadınlara məxsus ilk mətbu orqan - "İşıq" adlanan qəzetin ilk sayı isə 1911-ci ilin yanvar ayının 22-də çapdan çıxıb. "İşıq"ın bir səhifəsində rus dilində məqalələr də çap olunurdu. Məcmuənin 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64, bəzi mənbələrə görə isə 68 sayı işıq üzü görüb.

Sonradan bu ideya Azərbaycan Demokratik Respublikasının rəsmi doktrinasina çevrildi və öz əksini onun üçrəngli bayrağında tapdı. Belə ki, 1918-ci ilədək bu ideyanın tərəfdarları federativizm mövqeyində durur və Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin federativizm prinsiplərinə əsaslanmasını istəyirdilər. Lakin 1918-ci il mart qırğınlarından sonra onlar federativizm mövqeyindən imtina etdilər: Azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinin əldə olunmasına yönəltdilər.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması siyasi Azərbaycançılıq ideyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ idi. Bu mərhələ Azərbaycançılıq  ideyasının iqtisadi mərhələyə keçməsi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başladı.

Qədim dövrlərdən başlayaraq bu günümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranmış və formalaşmışdır.

 

(ardı var)


N.Niftiyev


Bu yazı "Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB-in AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsi”  layihəsi çərçivəsində çap olunur.

14.05.2019 14:37 / Baxılıb: 337 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo