Bakı London və Parisdən dəfələrlə təhlükəsiz şəhərdir - Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “Mayın 29-da ölkəmiz növbəti dəfə beynəlxalq medianın diqqət mərkəzində olacaq. Bu dəfə dünyanın futbol aləminin klub turnirləri içərisində ikinci ən mötəbər turnir olan Avropa liqasının finalı Bakıda keçiriləcək. Təbii ki, UEFA-nın bu qərarı verilərkən liqanın finalına hansı komandaların çıxacağı məlum deyildi. Keçən həftə məlum oldu ki, bu, iki ingilis komandası – “Arsenal” və “Çelsidir”.

Bu fikirləri Azadinform-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İngiltərənin Xarici İşlər Nazirliyinin final üçün Bakıya gələcək vətəndaşlarına etdiyi xəbərdarlıq barədə danışarkən deyib.

Politoloqun sözlərinə görə, Britaniya XİN-in Bakı haqqında dedikləri nəinki gülməli, ingilis nəzər nöqtəsindən faciəvidir: “Həmişə olduğu kimi, mötəbər beynəlxalq yarışlardan əvvəl Azərbaycanın bostanına daş atmaq, ölkəmizi mənfi obrazda qələmə vermək lazım idi. Əgər bu, obyektiv şəkildə olsaydı, ingilisləri alqışlamaq olardı. Finalın Bakıda keçirilməsi qərarı UEFA-nın son iki ildə həyata keçirdiyi Avropa qonşuluq siyasəti və futbolun coğrafiyasının yayılması ilə bağlıdır. Təbii ki, Londondan Bakıya məsafənin yaxın olmadığı mənə də məlumdur. Ancaq burada ingilis eqoizmini kənara atmaq lazımdır. Məgər hansısa gürcü, türk və ya rus idman yarışlarının finalının Londonda və ya Osloda keçirildiyi zaman bu qədər gileylənirdimi? Bakıdan fərqli olaraq London və Paris 2000-ci ildən bu tərəfə bir neçə dəfə terrora məruz qalıblar. Ona görə də final oyunu ərəfəsində bu cür bəyanat vermək etik və diplomatik normalara sığmayan mövqedir. 1970-ci ildən bu günə qədər Britaniyada ən azı, 28 terror aktı həyata keçirilib. İngilislərin digər tövsiyəsi lap valideynin yeniyetməyə verdiyi məsləhətə oxşayır. Zaman-zaman dünyanın müxtəlif şəhərlərində cinayətlər törədilə bilər, bundan heç bir şəhər sığortalanmayıb. Son bir neçə ildə London və Paris də ən qatı cinayətkarlığın mərkəzi olub. Ən son yadımızda qalanlardan, elə Parisin küçələrində oğurluğun tüğyan etdiyi, avtomobillərin və mağazaların vitrinlərinin sındırıldığını misal çəkə bilərik. Və ya Londonda bar və klubların ətrafında nələrin tüğyan etdiyi hamıya məlumdur”.

Z.Məmmədov əlavə edib ki, Bakı London və Parisdən dəfələrlə daha təhlükəsiz şəhərdir: “Yaxşı olardı ki, bu kimi bəyanatlar verilərkən statistikaya nəzər yetirilərdi. 2015-ci ildə, BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin hesabatına əsasən, Azərbaycanda zorlama halları 0.33, soyğunçuluq 2.5, oğruluq 60,86, qaçırılma 0,65, Britaniyada zorlama halları 40,08, soyğunçuluq 63.06, oğruluq 1743,95, qaçırılma 114,47 olub. Beləliklə, statistika hər şeyi deyir”.

13.05.2019 13:03 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo