Mnatsakanyanın demokratik sistem və qaydalardan bəhs etməsi gülünc olduğu qədər saxtadır

Samir Soltanov/AZADİNFORM. “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir”. 

Azadinform xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib. XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır: “Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın onillərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar”.

13.05.2019 11:05 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo