Azər Həsrət: Erməni əsilli futbolçunun Azərbaycana gəlməsində heç bir problem yoxdur

Artlq bir müddətdir ki Qərbdəki ənənəvi Anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar.

Bu dəfə qarayaxma kampaniyasına əsas səbəb mayın 29 da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunudur. Böyük Britaniya XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Azərbaycan ictimaiyyəti müəyyən xarici Anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihəlırinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, “Eurovision”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan süni şəkildə təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub. İddia olunur ki viza rejimi problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır. Finalda oynayacaq “Arsenal” klubunun oyunçusu erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Gənclər və İdman Nazirliyi də “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, deyilənlər heç bir reallığı əks etdirmir. Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

 

Məsələni dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, ekspert Azər Həsrət bildirdi ki, Azərbaycanda böyük yarışlar keçiriləndə Qərbdə, xüsusən də Böyük Britaniyada müəyyən dairələr fəallığa başlayırlar: “Azərbaycan müstəqil dövlətdir və öz siyasətini özü müəyyənləşdirir. Azərbaycan kiminsə təzyiqi altında addım atmır. Həmin dairələr əllərinə düşən fürsətdən istifadə etmək istəyirlər. Guya ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirak edəcək “Arsenal” klubunun erməni əsilli futbolçusunun Bakıya gəlməsinə əngəl var. Halbuki Azərbaycan dövləti rəsmi şəkildə bəyan edib ki, milliyətindən asılı olmayaraq hər bir idmançı Bakıya gələrək burada keçiriləcək idman yarışında iştirak edə bilər. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında erməni idmançılar heç bir problem olmadan iştirak ediblər. Hətta Azərbaycan Prezidenti onlara şəxsən mükafat təqdim edib və heç bir insident qeydə alınmayıb. Yəni, erməni əsilli idmançının Bakıya gəlməsində guya hansısa problem olması ilə bağlı iddialar bəhanədir. Erməni əsilli futbolçunun Azərbaycana gəlməsində heç bir problem yoxdur. Viza məsələsi ilə bağlı irəli sürülən iddialar da əsassızdır. Çünki Azərbaycan dünyada ən asan viza təqdim edən ölkələrdən biridir. Xüsusilə elektron viza sistemi tətbiq ediləndən sonra hər kəs evində əyləşərək Azərbaycana asanlıqla viza eldə edə bilər. Düşünürəm ki, Azərbaycanla bağlı bu cür iddiaları ortaya atanlar, uyduranlar ölkəmizdəki real vəziyyətin nə qədər rahat olmasından xəbərsizdirlər. Ona görə də bu iddiaları ilə özlərini gülünc vəziyyətə qoyurlar. Çünki Bakıya gələndən sonra irəli sürdükləri iddiaların hamısının yalan olduğunu görəcəklər. Ona görə də həmin dairələr, Britaniyanın bəzi media orqanları və onların arxasında dayanan qüvvələr bütün dünya qarşısında xar olacaqlar”. 

“Həmin dairələr bilirlər ki, Azərbaycan bu dəfə də yüksək standart tətbiq edərək Avropa Liqasının finalını ən yüksək səviyyədə keçirəcək və buna görə də narahatdırlar”

 

Ekspert qeyd etdi ki, Azərbaycan dünyanın diqqətində olan Avropa Liqasının final oyununu ən yüksək səviyyədə keçirəcək və ingilis azarkeşlər üçündə hər cür şərait yaradılacaq ki, gəlib sevimli komandalarına azarkeşlik etsinlər: “Azərbaycana qarşı kampaniya aparan həmin dairələr öz məqsədlərinə çatmayacaqlar. Xatırlayıram ki, ilk Avropa Oyunları ərəfəsində Britaniyanın “Quardian” nəşri həmin yarışı gözdən salmaq üçün əlindən gələni edirdi. Azərbaycanı hədəfə alaraq gündə bir neçə tənqidi məqalələr yazırdılar. Hətta tənqid üçün normal bir şey tapa bilmədiklərindən Bakı ətrafında bir it ölüsü tapmışdılar və ondan istifadə edərək guya kampaniya aparmaq istəyirdilər ki, Azərbaycanda itləri öldürürlər. Təbii ki, onlar istəklərinə çata bilmədilər və Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirdi. Həmin dairələr bilirlər ki, Azərbaycan bu dəfə də yüksək standart tətbiq edərək Avropa Liqasının finalını ən yüksək səviyyədə keçirəcək və buna görə də narahatdırlar”. (palitranews.az)

12.05.2019 18:06 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo