Bir dəfə görülüb, hər dəfə xatırlanan Hacı Mirəziz

Günlərin bir günü getdiyim tədbir haqqında redaktoruma qısa arayış verərkən gözlərim onunla qabaq-qənşər oturan bir ağsaqqalın gözlərinə sataşdı. Haradasa otağa nə üçün girdiyimi unudub, dediyim sözlərin hamısını redaktorumun deyil, həmin bu ağsaqqalın üzünə baxa-baxa danışdım. Onun üzündəki NUR məni maqnit kimi özünə çəkmişdi, qönçəsindəki təbəssüm sanki ruhuma işləmişdi, məni işimdən də, məndən də almışdı bu ağsaqqal.

O qədər nurlu idi ki otaqda tamamilə başqa bir abı-hava yaranmışdı. O qədər gözlənilən biri idi ki, hər zaman zəhmli gördüyüm redaktorumun da üzündə sevinc, gülüş zühur etmişdi. Otaqdan çıxmaq istəmirdim, amma işimin məsuliyyəti və rəhbərliklə davranış etikası məni buna vadar etdi. 

İş otağına keçib sanki işləmək istəmədim, o nurlu simanı görüb, o axıcı danışığı, söhbəti eşitmək, dinləmək istədim. Çox təəssüf ki, buna nail ola bilmədim. İlk və son dəfə gördüm o şəxsi. Məlum oldu ki, artıq redaksiyamızı tərk edib. Digər otağa keçib onun həmsöhbəti Niyaz müəllimdən, - kim idi o?, - deyə soruşdum. 

Sən demə bu şəxs haqqında dəfələrlə eşitdiyim, elmi məqalələrini oxuduğum, baş redaktorumun da dəfələrlə söhbət açdığı din alimi, ziyalı, sözün əsl mənasında dolu olan Hacı Mirəziz Seyidzadə imiş. Adı eşidilib, üzü görünməyən çoxları olub. Amma mənə bu kişinin üzünü görmək də qismət oldu. 

2013-ün yayında görmüşdüm 2014-ün mayında dünyasını dəyişdi. Ətim ətindən, qanım qanından olmasa da məni çox sarsıtdı onun ölümü, onun dünyadan köç etməsi. Aralarındakı möhkəm dostluq, ibadətlərindəki eynilik və belə bir dostu itirmək Niyaz müəllimi də çox üzmüşdü. Və mən heç vaxt redaktorumu həmin gün olduğu kimi qəmli görməyəcəkdim. Heç vaxt... 

Bu gün Hacı Mirəziz Seyidzadəni xatırlayanlar arasında kövrəlməyən, gözlərində nəm görünməyən birini tapmaq çox çətindir. İstər onun haqqında fəxrlə danış, istərsə də ölümünə pis ol, fərqi yoxdur, əgər onu tanıyırdınsa gözlərin nəmlənəcək, hətta yaş axacaq. 

Bu gün onun moizələri, dini və fəlsəfi söhbətləri üçün onlarla darıxan dost, tanış, el-oba adamları, elmi məqalələrinə həsrət qalmış yüzlərlə oxucu var. 

Bəli, bu gün görkəmli ilahiyyatçı alim Qazi Hacı Mirəziz Seyidzadənin ölümündən 5 il keçir. İnsult diaqnozu ilə xəstəxanaya yerləşdirilən və 4 gün koma vəziyyətində qalan Miəziz Seyidzadə 2014-cü il mayın 11-də 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Gəlin onun həyat və yaradıcılığına bir də nəzər salaq.

Mirəziz Seyidzadə 1949-cu ildə Masallının Türkoba kəndində anadan olub. İlahiyyatçı alim 1968-1974-cü illərdə Özbəkistanın Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. Oxuduğu mədrəsədə mükəmməl təhsil alan M.Seyidzadə 1978-1982-ci illərdə Astara şəhər “Cümə” məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 1996-cı ildə Bakı İslam Məktəbini təsis edib.

Hacı Mirəziz Seyidzadə əldə etdiyi dini savadı ancaq özününkü kimi saxlamaq deyil, onu böyük oxucu kütləsinə çatdırmağı ən böyük savab işlərdən biri sayıb və jurnalist dostları Vasif Hüseynov və Niyaz Niftiyevlə birgə mətbu orqan təsis etməyə qərar verib. Və beləliklə 2002-ci ildə onlar aylıq “Kəlam” elmi-ədəbi, publisistik jurnalını ərsəyə gətirir. Yüzlərlə oxucu bu gün də məhz “Kəlam” jurnalından dəyərli məqalələr oxuyur, hikmətli kəlamlar öyrənir.

Bundan başqa o, 2011-ci ildən etibarən Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri işləyib.

1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun “Ərəb dili” şöbəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 

2004-cü ildə (12 sentyabr) “İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu” adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “İlahiyyat üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi alıb. 

1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı, 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurası, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. “Qızıl Qələm” jurnalist mükafatına layiq görülüb. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edib.

1970-ci ildən başlayaraq mətbuatda ərəb və fars dillərindən tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 14 kitabın, 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir:

1. "İmam Əlinin qısa kəlamları" (Tərcümə. 30 səh.), Bakı-1991.

2. "İslami söhbətlər" (Dərslik, 448 səh.), I hissə. Bakı-1996.

3. "Allahımı belə tanıdım" (141 səh.), Bakı - 1998.

4. "İslami söhbətlər" (Dərslik. 524 səh.), II hissə. Bakı - 2002.

5. "İslami söhbətlər" (Dərslik. 688 səh. Yeni nəşr), Bakı - 2003.

6. "Bulud ağlamasa" (209 səh.), Bakı - 2006

7. "Elmin qapısı" (650 səh.), Bakı - 2008

8. "Divan" (472 səh.), Bakı-2008.

9. "İslami söhbətlər" (Rus dilində, "İslamskie besedı" 502 səh.), Bakı-2009

10. "Elmin qapısı" (İngilis dilində, "Door of knowledge", 619 səh.), Bakı-2009

11. "İmam Əlinin (ə) qısa kəlamları", (Tərcümə və şərhi ilə, 223 səh.), Bakı-2010

12. "İslam olduğu kimi", (447 səh.), Bakı-2011

13. "Yaradan axtarışında", (230 səh.), Bakı-2013

14. "Dilsuz duyğular", (304 səh.), Bakı-2015, (ölümündən sonra)

Qafqaz Müsəlmanları İdarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvü olub. 1991, 1993, 1996, 1998, 2004 və 2011-ci illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. 

Bəli, Hacı Mirəziz Seyidzadənin həyat və elmi yaradıcılığı ilə tanış olanda onun həqiqi alim, əsl haqq yolunun yolçusu olduğu aydın görünür. Ömür boyu haqq yolunda yeridi, haqqın carçısı oldu, Haqqa tapındı. Heç nəyi nahaq demədi, nə dedisə haqq dedi. O Haqqı istədi, Haqq da onu. Nəhayətdə Haqq Dərgahına getdi. 

Beş ildir yeri görünür Hacı Mirəziz Seyidzadənin. Övladları, dost-tanışları, məsləkdaşları onun yarımçıq qalan arzularını həyata keçirmək üçün çalışır. 

Bir insanın ruhu o zaman şad olur ki, ölümündən sonra xatırlana, yad edilə. Hacı Mirəziz Seyidzadənin isə ruhu hər an, hər gün şaddır. Çünki edib getdiyi söhbətlərlə, qoyub getdiyi elmi irslə, aşıladığı mənəvi dəyərlərlə hər an, hər gün yad edilir, xatırlanır!

Ruhun şad olsun, Ruhlar aləminin NURlu sakini!!!


Adəm ABBASLI

11.05.2019 10:23 / Baxılıb: 1213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo