Azərbaycançılıq ideologiyası birgəyaşayışda stimul kimi I yazı

Hər bir cəmiyyətin idarə olunmasında ideologiya mütləqdir. Bu tarixin müəyyən mərhələlərində yarana da bilər, yeni dövrün tələblərinə uyğun formalaşa da... Azərbaycançılıq ideyası kimi... Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır.

Bu ideyanın əsasında ilk əvvəl Azərbaycan xalqının milli azadlıq uğurunda mübarizəsi durur. Azərbaycan xalqının milli azadlıq uğurunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə daha çox bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında başlamışdır. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların ruslaşdırılması, diskriminasiyası və istismarına əsaslanırdı. Və yaxud da ki, hamıya “bütün ölkələrin proletariatı birləşin” prizmasından yanaşırdılar. Baxmayaraq ki, hər bir xalq ayrı-ayrılıqda öyrənilir, tədqiq edilir, onlar haqqında cild-cild hesabatlar hazırlanırdı. Bu hesabatların mədəni və təsərrüfat həyatı ictimailəşdirilsə də sosial və iqtisadi göstəriciləri haqqında informasiya əlçatımlığı zəif idi.   

Yaxşı bəs belə bir ictimai-siyasi formasiyanın hakim olduğu dövrdə azərbaycançılığın ideya olaraq formalaşması necə mümkün ola bilərdi?  Əlbəttə, mədəni hərəkat formasında. Azərbaycançılıq özünü ilkin olaraq məhz mədəni hərəkat formasında təqdim etməyə başladı. 

XIX əsrin ikinci yarısından başlayaraq maarifçilik hərəkatı genişləndi və dövrün görkəmli azərbaycanlıları “mədəni Azərbaycançılığın” əsasını qoydular. Bu hərəkat bir neçə yolla inkişaf etməyə başladı. Onlardan da bir ziyalı azərbaycanlıların ara-sıra yazdıqları, fikirlərinin ehtiva etdikləri dövrün azsaylı qəzetləri idi. Xüsusən də XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər olan dövrdə biz, yalnız, zamanın tələbinə uyğun olaraq, daha çox rus dilində çıxan mətbu nəşrlərə təsadüf edirik. Həmin nəşrlərin bəziləri ilk dövrlər Tiflisdə (indiki Tbilisi), sonrakı zamanlarda isə Gəncədə, Bakıda, Şuşada nəşr olunaraq azərbaycanlılarla yanaşı, digər xalqların da müxtəlif tərəflərinin işıqlandırılmasına yer ayırıblar. Əslində, yuxarıda qeyd etdiyimiz dövrlərdə bu coğrafiyada milli məsələ indiki kimi aktual deyildi, yalnız, 1905-ci ildən sonra ermənilərin fəallaşması və soyqırımları törətməsi sözügedən məsələni aktuallaşdırmışdı.

Araşdırma zamanı aydın olur ki, artıq, XX əsrin əvvəllərində, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Azərbaycandilli mətbu nəşrlərlə yanaşı, gürcülərin, ermənilərin, polşalıların da KİV orqanlarına rast gəlirik. Rusdilli qəzetlər isə Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasına qədər - yəni bütün dövrlərdə öz hakim mövqeyini qoruyub saxlamışdır.    

Baxmayaraq ki, biz bunu işartılarını XIX əsrin əvvəllərində müşahidə edirdik. Bu dövrdə nəşr olunan qəzetlərdə ("Tiflisskiye vedomosti" Qafqazda rus dilində çıxan ilk qəzet olub) Rus-Azərbaycan ədəbi-mədəni əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər var idi. Əlbəttə, bu alimlər təkcə ruslardan ibarət deyildi. Bu qəzet 1829-cu ildə gürcü, 1830-cu ildə fars, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdı. Azərbaycanca qəzetin adı "Tiflis əxbarı" idi.

1845-ci ildən "Zakavkazski vestnik" adlı qəzetdə Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxmağa başladı. Bu qəzet sonralar qeyd etdiyimiz kimi gürcü və Azərbaycan dillərində də buraxılmışdır. 

Əlbəttə “Əkinçi”nin nəşri ilə (1875, 22 iyul) bu coğrafiyada vəziyyət tamamilə dəyişdi. “Əkinçi” qəzetində, təkcə dövrün Azərbaycan gerçəklikləri, problemləri işıq üzü görürdü. "Əkinçi"nin bir sıra saylarında həmin dövrdə çıxan, qatı millətçi mövqeyində dayanan erməni qəzeti "Mşak" və onun redaktoru Arsruni ilə kəskin polemikaya təsadüf olunur. H.Zərdabinin mənəvi birliyin vacibliyi haqqındakı fikirlərinə torpaq iddiaları ilə cavab verən Arsruni yazırdı: "Verin bizə elə yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadu-islami o səhralarda eləyin ki, orada islam bina olub".

Arsruninin bu açıqlamasına səbr göstərən Zərdabi yüksək mədəniyyətlə erməni iddialarına cavab vermişdi: "Ey cənab Arsruni, əgər ki, cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm-təhsil etməyə raqibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?" (Aşırlı A. “Azərbaycan mətbuat tarixi” (1875-1920), Bakı-2009, səh. 18

Əslində Zərdabinin bu mövqeyi azərbaycançılığın hərəkat olaraq inkişafından xəbər verirdi.  

Zərdabi “Əkinçi” təkcə insanların təsərrüfat həyatını işıqlandırmırdı. O qeyd edirdi ki, qohum və qeyri-qohum xalqlar arasındakı çoxsaylı əlaqələrdə dillərin daha çox lüğət tərkibi, bəzən də qrammatik quruluşuna da öz təsirini göstərir. Bu cəhətdən, Həsən bəy dilimizin Qafqaz və digər azsaylı xalqların dilləri ilə əlaqələrinə toxunur, hətta, qonşu dillərin sərhədlərində ikidilli mühitlərin formalaşmasını qeyd edir: “... Bu səbəblərə görə, indi o tayfaların dilləri ilə ətrafda olan tayfaların dilləri arasında dil davası (dil əlaqələri - M.M) şiddət edib. Dağıstanın bizim tərəflərdə olan tayfaları ki, Samur, Tabasaran, Qumuq və Kürə okruqlarında sakin olurlar, bizim ilə gediş-gəlişləri artıq olduğuna mirur ilə bizim türk dilini öyrənib türkləşirlər”. (Məmmədov M.Ə. “Əkinçi” qəzetində dil məsələləri”, Bakı Universitetinin Xəbərləri, N1, 2013

Xalqımızın və dilimizin tarixinə müxtəlif baxışlar uzun illər davam etsə də, Həsən bəy Azərbaycanın qədim zamanlardan əzəli türk yurdu olmasını tarixi faktlarla təsdiqləyir. O, gəlmə İran tayfalarının ümumünsiyyət vasitəsi kimi türk (Azərbaycan) dilindən istifadə etməsi nəticəsində onların dilinin türkləşməsini təbii proses kimi dəyərləndirir: “Dağıstan tayfalarından sonra bir qeyri tayfalar da bizim Qafqaza İran tərəfindən gəlib düz yerlərdə sakin olurlar. Onların bəziləri ərəb, bəziləri fars və bəziləri türkmən olub. O ərəb və türkmən tayfalarının indi bircə adları qalıb. Məsələn: “Ərəb Şahverdi”, “Ərəb Baloğlan”, Göyçayın yanında olan türkmənlər və qeyri dil davasında onlar məğlub olub lap türkləşiblər...”. (Zərdabi H. Seçilmiş əsərləri, Bakı, Azərnəşr-1960, səh. 247)

"Əkinçi"nin bağlanmasından iki il sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə bu boşluğu aradan qaldırdı. “Ziya” Həsən bəy Zərdabinin "Əkinçi"sindən sonra Azərbaycan milli mətbuatı tarixinə öz möhürünü vurdu. “Ziya” qəzetinin bağlanmasından sonra - 1882-ci il oktyabrın 20-də “Kəşkül” jurnalının nəşrinə icazə verilmişdi. Jurnal ərəb, fars və Azərbaycan dillərində nəşr ediləcəkdi. "Kəşkül"ün ilk sayı 1883-cü ilin yanvarında çıxmış və 11-ci saydan sonra radaktor Cəlal Ünsizadə (S.Ünsizadənin qardaşı – N.N) bu mətbu nəşri eyni adlı qəzetə çevirmişdir.

Ziyalıların şüurunda “Azərbaycan milləti” (əslində azərbaycançılıq ideyasının qayəsi həm də bu idi – N.N.) məfhumunun oyanması “Kəşkül” mətbu nəşrinin dövrünə təsadüf edirdi. Onlar başa düşürdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. (Şahverdiyev A.B. “Azərbaycan mətbuatı tarixi”. Bakı- 2006, səh - 53)


(ardı var)


N.Niftiyev

Bu yazı "Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB-in AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsi”  layihəsi çərçivəsində çap olunur.

6.05.2019 12:07 / Baxılıb: 409 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo