Dünya şöhrətli azərbaycanlıya həsr olunmuş sərgi-konfrans FOTO

Oxu Akademiyası tanınmış rəssam İbrahim Səfi haqqında sənədli filmin çəkilişinə start verib

 

AZADİNFORM. Azərbaycan Atatürk Mərkəzi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Oxu Akademiyasının təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan və Türkiyə incəsənətinin ortaq dəyəri dünya şöhrətli rəssam İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans və rəsm sərgisi keçirilib.

Azadinform-un məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov dünya şöhrətli Azərbaycan əsilli rəssam İbrahim Səfiyə həsr edilmiş  tədbirin zəruriliyini vurğulayaraq Azərbaycan ictimaiyyətinin bu rəssamı daha yaxından tanımasına ehtiyac olduğunu bildirib. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın sənətin müxtəlif janrlarında yüksək nümunələr yaradaraq türk xalqlarının ortaq dəyərinə çevirməsindən danışıb. Vurğulayıb ki, İbrahim Səfi yaradıcılığına həsr edilmiş konfransın keçirilməsi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əlamətdar hadisəsidir. İbrahim Səfi yaradıcılığının Azərbaycan ictimaiyyətinə təqdim edilməsi təqdirəlayiq addımdır. Çünki bu tədbir İbrahim Səfi haqqında cəmiyyətimizə ilk məlumatı çatdırmaq baxımından xüsusi önəm kəsb edir.

Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili İbrahim Səfi irsinin araşdırıcısı, Ülviyyə Həmzəyeva “Görkəmli rəssam İbrahim Səfinin həyat və yaradıcılığı” mövzusunda məruzə edib. Görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verən Ü.Həmzəyeva eyni zamanda “İbrahim Səfinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri mövzusunda dissertasiya işləməsi barədə də məlumat verib. Ü.Həmzəyeva İbrahim Səfinin Qazi Mustafa Kamal Atatürkün naturadan çəkdiyi unikal şəkilini Atatürk Mərkəzinə hədiyyə edib.

Bundan sonra əməkdar incəsənət xadimi Ziyadxan Əliyev İbrahim Səfi yardacılığı – Azərbaycan mühacirət rəssamlığı tarixi konteksdə adlı məruzə ilə çıxış edib. Z.Əliyev mühacirətdə yaşayan görkəmli rəssamın yaradıcılığının daha da dərindən öyrənilməsi zərurətini vurğulayıb.

Tədbir İctimai Televiziyanın Yayım Şurasının üzvü, jurnalist Sevil Yusifova da tədbirin zəruriliyindən və türk dünyasının ortaq dəyərinə çevrilmiş bu cür şəxslərin Azərbaycan ictimaiyyətinə tanıdılmasının vacib olduğunu bildirib. 

 Sonra çıxış edən Oxu Akademiyasının rəhbəri, hüquqşünas Səməd Vəkilov Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyəri olan, dünya şöhrətli rəssam İbrahim Səfinin parlaq şəxsiyyəti həm də ona görə örnək olmalıdır ki,  o, yaradıcı insan olmaqla bərabər  hər iki xalqın azadlığı uğrunda həm də döyüşçü kimi əlində silah vuruşub. S.Vəkilov Oxu Akademiyasının İbrahim Səfi haqqında sənədli film çəkəcəkləri barədə də məlumat verib.

Həmçinin tədbirdə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə,  Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovda çıxış edib.

Tədbirin sonunda İbrahim Səfinin ailəsi adından qardaşı nəvəsi Elşad Səfiyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.    

Qeyd edək ki, yaratdığı əsərlərlə dünya rəssamlıq sənətinin bir parçasına çevrilmiş Türkiyə və Azərbaycan xalqının ortaq dəyəri, dünya şöhrətli rəssam İbrahim Səfi -  Səfiyev Rəhman Qafar bəy oğlu 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olub. Cəlilkənd orta məktəbini, İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbinə qəbul olunub. Rusiyada baş verən inqilab, onun təhsilini yarımçıq qoyaraq vətənə geri qayıtmasına səbəb olub. 1918-ci ildə Azərbaycanın bütün coğrafiyasında, o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar Rəhman Səfiyev Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak edib.  Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdaraq, 1919-1920-ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923-cü ildə İstanbul İncəsənət Akademiyasından məzun olub.

O, Qazi Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkib. Türkiyədə 1934-cü ildə soyad qanunundan sonra İbrahim Səfi kimi tanınıb. İlk yaradıcılığı dönəmində Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında  “Misafir Talebe” olaraq çalışıb.  Müharibənin ağrı-acısını görmüş rəssam sonralar 1938-ci ildə çəkdiyi “Müharibənin nəticəsi” tablosunda yaşadıqlarını, gördüklərini insanların simasında əks etdirib. 1953-cü ildə 55 yaşındaykən Zaharina adlı yunan qadınla evlənib.

Məşhur rəssamın  Türkiyədə 100 fərdi rəsm sərgisi keçirilib. İbrahim Səfi sonuncu – yüzüncü sərgisi günü - 4 yanvar 1983-cü ildə İstanbulda “Oda Kule” iş mərkəzinin sənət salonunda keçirildikdən sonra axşam saatlarında vəfat edib.

1.05.2019 14:30 / Baxılıb: 195 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo