Onlar olmasaydı, ədəbiyyat da olmazdı... Elçin Mirzəbəyli ilə müsahibə

“Biz Qarabağ işğal olunan gündən çörək yox, namusumuzu yeyirik...”

 

Rastına çıxan hər gülə, çiçəyə sevinmək, Günəşə gülmək, buluda ağlamaqdı, yaradıcı adamın halı. Narahat bir ruh gəzdirir, ürəyinin başında, hərdən yükünü qoymağa yer axtarır. Sözə sığınır, qələmdən imdan diləyir. Bəzən nəfəsi çatmır, söz yükü ağırdı, amma əmanətdi. Tanrının əmanəti...

Onunla hər söhbət yenidən görüşdü, əslində. Narahat ruhların görüşü...

Müsahibim Elçin Mirzəbəylidi. Darıxanların misralarına üz tutduğu, çox sevdiyim qardaşım Elçin Mirzəbəyli....

 

- Elçin Mirzəbəylinin halı necədir?


- Nazim Hikmətin məşhur misrasında olduğu kimi deyil, şübhəsiz... Yəni “halım məmləkətin halı”na bənzəmir. Məmləkət daş, torpaq, ağac, ot, çiçək, dağ, çay, dəniz olmaqdan daha çox insandır mənim üçün... Bu torpaqda doğulan hər kəs hər şeydən öncə Vətənin bir parçasıdır – yaxşısı, pisi, ağıllısı, dəlisi, əxlaqlısı, əxlaqsızı, acgözü, toxu, mərhəmətlisi, qəddarı... Mən isə bu qədər ziddiyyəti, əkslikləri içimdə gəzdirə bilmərəm. Cəhd elədim və paramparça olmazdan əvvəl düşündüm ki, yaradıcılıq məqamları istisna olmaqla elə öz halımda və öz havamda olsam yaxşıdır. Nazim Hikmətlər məmləkətlərin halında yox, məmləkətlər Nazim Hikmətlərin halında olanda hər şey daha gözəl olacaq...


- Yaradıcılığın havası niyə yağmurludu? Bəlkə də hüznlü... 

 

- Yaradıcılığın havası məmləkətin insanlarının müəyyən bir hissəsinin havasıdır... Nə edim? Şeirlərimdə məmləkətin bəzi insanları kimi çırtma çala, “Cıdır düzündə, İsa bulağında yeyib-içmək” arzusunun şərəfinə badə qaldıra bilmirəm. Kim necə qəbul etmək istəyir etsin, Vətənimin bir parçasını qəsb edən düşmənin və onun himayədarlarının atdığı hava rahatlıq vermir mənə... Biz Qarabağ işğal olunan gündən çörək yox, namusumuzu yeyirik... 

Həyatımda hər şey gözəldir. Ailəm, doğmalarım, dostlarım... mənim havamdadılar. 


- Aprel bu il soyuq keçir. Nədənsə mənə elə gəlir ki, havalar da müharibənin soyuq üzünü yenidən xatırladır. Siz nə düşünürsünüz?


- Aprel ötən əsrin 20-ci ilindən bizim üçün soyuq keçir. 2016-cı ilin aprelində bu uğursuzluq zolağının müəyyən bir hissəsini silə bildik... Müharibənin soyuq üzünə gəldikdə isə... nə yaxşı ki, mən belə məsələlərdə hisslərimlə yox, ağlımla danışmağı bacarıram. Müharibə gec-tez olacaq və biz qalib gələcəyik. Buna Tanrıya inandığım qədər inanıram. Amma nə zaman baş verəcəyini regionda və dünyada baş verən proseslərin nəticəsi göstərəcək. Hadisələr bizim gözlədiyimizdən də sürətlə baş verə bilər. Və yaxud əksinə... müəyyən qədər ləngiməsi də mümkündür. Düşünürəm ki, siyasi analitika ilə məşğul olmayan istənilən şəxsin dünyada və regionda hər şeyin əvvəlki kimi olmadığını görmək imkanı var. 

...Və nə yaxşı ki, MAY apreldən sonra gəlir!


- “Xəzər Aktual” həftənin beş günü nəyi gündəmə gətirir? Proqramda müzakirə olunan məsələlər həllini tapırmı?


-  “Xəzər Aktual” həyatımda və yaradıcılığımda çox önəmli bir mərhələdir. Mənə verilən imkana və göstərilən etimada görə bu layihənin ideya olaraq yaranmasında və həyata keçməsində rolu olan hər kəsə minnətdarlığımı bildirirəm. “Xəzər Aktual”ın hər buraxılışı Xəzər TV kollektivinin və təbii ki, proqramın yaradıcı heyətinin ortaq əməyinin nəticəsidir. Kifayət qədər işgüzar və yaradıcı bir mühitdə çalışırıq. Həftənin beş günü gündəmə ən aktual hesab etdiyimiz məsələləri gətiririk. Müzakirə olunan məsələlər məhz ona görə gündəmə gətirilir ki, Azərbaycanda mövcud olan bütün problemlərin həllini istəyən siyasi iradə və niyyət var. Önəmli olan da budur. Niyyət, istək varsa, o zaman bütün problemlər zamanla öz həllini tapacaq. Azərbaycanda çox ciddi və dərin islahatlar həyata keçirilir. Ola bilsin ki, bəzən hadisələrin cərayan etdiyi zaman kəsiyində yaşadığımız üçün baş verənləri yetərincə dəyərləndirə bilmirik. Amma şübhə etmirəm ki, vaxt gələcək, bu gün baş verənlərin mahiyyətini, atılan addımların əhəmiyyətini, islahatların fəlsəfəsini daha dərindən başa düşə biləcəyik.


- Yol hara görünür? Ümidə - yurdamı? Məğlubiyyətə - məzaramı?


- Hanı sevgi qoxuyan,

Hanı çiçək adamlar?

Yarınağıl adamlar,

Yarıgerçək adamlar.


Göylərəmi çəkildi?

Buludamı büküldü?

Xəzan vurdu...

Töküldü 

Ləçək-ləçək adamlar.


Yol göründü...

Yol – umud…

Kimə məzar, kimə yurd…

Yedi bizi yarıqurd-

Yarıböcək adamlar...


Yol ümidədir! Hətta məzarda da ümid var... Başdaşına sığal çəkənlərin ümidi, səni xatırlayanların, sevənlərin ümidi, səndən sonrakıların ümidi...


- Bir şair demişdi, şeir yazmayan, amma eşqli adamlar var, bax, onlar tapıntıdı, qazancdı, şairə ruh verir. Hanı o adamlar, hara yoxa çəkildilər? 


- Biri elə sən – Nigar bacım, bildiyim qədər şeir yazmırsan. Bəlkə də gizlində yazırsan, deyə bilmərəm. Amma nə zaman ki ədəbiyyatdan, poeziyadan əlimi üzmək istəyirəm, o zaman suallarını güllə kimi yağdırırsan üstümə... Artıq neçənci dəfədir. Ay bacı, imkan ver şeir yazmağa qapqara bir nöqtə qoyum. Mənim də canım qurtarsın, poeziyanın da... 

...O adamlar olmasaydı, ədəbiyyat da olmazdı. Amma sayları çox azdı, həddindən artıq və gündən-günə də azalır. Bəlkə də nə zamansa, təbərrik kimi gözümüzə sıxacağıq... 

Dünya dəyişir, bacı, daha amansız, daha qəddar, daha praqmatik olur. Bu ifrat praqmatizm içərisində İlahi Harmoniyanı qoruyan barmaqla sayılacaq qədər adam var. Mən qlobal miqyasda çıxış yolunu bu düzənə qarşı dayana biləcək güclü dayaqlara malik alternativlərdə görürəm. SSRİ şər imperiyası idi, doğrudur, amma dünyada ideoloji balansı təmin edirdi. İndi bütün dünya qlobal imperializmin amansız, praqmatik, şəxsiyyətlərin deyil, fərdi eqoların böyüməsinə xidmət edən layihələrinin girovuna çevrilib. 


- Divarlar. Bəzən görünməyən divarlar adamı sıxır, bir küncə dirəyib vicdan mühakiməsinə çəkir. Bu, sizdə də olurmu?


- İmkanım olsaydı, görünməyən divarları vicdan mühakiməsinə çəkərdim. Görünməyən divarların, qara və ya boz kölgələrin məni vicdan məhkəməsinə çəkmələri üçün hansısa bir əsasın olduğunu düşünmürəm. 


Qəm yağdı…

Nəm yağdı mamır üstümə - 

Sıyrılıb yaralar…

Yenə qan gəlir.

İndi divarlar da damır üstümə - 

Amma damcı səsi tavandan gəlir.


Mən görünməyən divarların yox, görünən tavanların məhkəməsindən daha çox narahatlıq keçirirəm. “Vicdan” sözünü isə bilərəkdən yazmadım... 


- Adam özündən baş götürüb gedə bilərmi? Və hara?


- Başqalarını deyə bilmərəm, amma hər dəfə şeir yazanda özümdən çıxıb gedirəm. Həm də məsələ orasındadır ki, mən yalnız şeir yazanda gedirəm, vəssalam. Amma şeiri birnəfəsə kağıza köçürəndən sonra görürəm ki, elə durduğum yerdəyəm, kənara bir addım da atmamışam. Hər dəfə belə bir şeir yazanda düşünürəm ki, görəsən bu getmək həvəsi hardandı məndə? Və dərhal cavabını verirəm: Getmək etirazın, üsyanın ən kəskin formasıdır, ölmək qədər:


Gecənin birində köçüb gedəsən...

Yox olub gedəsən, uçub gedəsən...

İtəsən gecənin qaranlığında,

İtəsən şəhərin burulğanında

Dünyanın dərdini içib gedəsən,

Nə varsa, 

nə varsa geridə qalan

Bir göz qırpımında biçib gedəsən.


Bir qaya üstündən, bir dağ başından

Tutub göz yaşını çırpasan yerə. 

Sıxasan ömrünü bir qurşun kimi...

Yorğun yaddaşını çırpasan yerə.


Sonra yandırasan bütün ömrünü,

Yana...

Közü keçə, külü keçməyə.

Bircə sətirin də, bircə sözün də, 

Bircə xatirən də ələ keçməyə...


...Pəncərə-pəncərə tükənə ömrün,

Sonra qapı-qapı çıxıb gedəsən.

Durub ucurasan bütün yolları, 

Bütün körpüləri yıxıb gedəsən...


- Bu şeirlər, bu hava... Yaz niyə gəlmir, qardaş?


- Niyə gəlsin? Soyuqluğumuzdan üşümək üçün? İndi sənə bir nümunə gətirim:

Bunu yaz gecikəndə yazmışam:

Yenə bomboz üfiqlər, yenə toran bir səhər...

...Yarpaqların rəngini yuyub aparır yağış.

Ağ-qara xatirəyə bürünür bütün şəhər...

Bu yaz yaman gecikir...

Yaman uzanır bu qış...


Qəfildən qar ələnir bahar çiçəklərinə...

Ovulur ləçəkləri paramparça, buz kimi...

Ağaclar əsir düşür Bakı küləklərinə,

Günəşi gözləyirlər...

Ömürlük məhbus kimi...


Bunu isə yaz erkən gələndə:


Yenə əriyir gecə pəncərəmin önündə,

Damla-damla süzülür saatlar şüşələrdən.

Vaxtın zərrəcikləri...

Bir də solğun fənərlər...

Yanlızlıq addımlayır boş qalmış küçələrdən...


Küçənin ayrıcından...

Gecənin ayrıcından

Qaranquşlar köksünə sıxıb gedir səsini.

...Səssiz gəlib elə bil bu yaz, duya bilmirəm

Çiçəklərin ətrini - baharın nəfəsini.


Xatirə kitabımdan tökülür son ləçəklər,

Nə vaxt ağrısı qalır, nə də zaman qorxusu.

İndi yaman qırmızı gülümsəyir çiçəklər...

İlahi, yaman olur güllərin qan qoxusu...


İndi bu yaz biçarə neyləsin? Gec gəlir, şeir yazıb gileylənirik, tez gəlir, yenə də şeir yazıb şikayət edirik. Yaxşı ki, Tanrı şairlər kimi hərdəmxəyal deyil. Yəni şairlərin poetik ovqat anını nəzərdə tuturam. Sutkanın 24 saatını bu ovqatda görünənlər şair deyil, şairliyi oynayanlardı...


- Ən yeni şeir...


Ən son şeirim “Süküt günü” adlanır. Aprelin 2-də yazmışam, “Gülüş günü”ndən sonra...

 

Bu gün sükut günümdü… 

Səssizliyə qapıldım. 

Ömrün dolanbacında 

itkin düşdüm... 

tapıldım…

Yenə ümid karvanım köçünü çəkdi, getdi, 

Xatirələr xəfifcə içini çəkdi, getdi…

Bir az çiskinli hava, bir az duman, bir az çən, 

Bir az yağış günümdü, bir az bulud günümdü, 

Bu gün sükut günümdü…


Bu gün sükut günümdü… 

Səssizliyi çağırım… 

Sükut - evim, eşiyim, 

Sükut - yolum, cığırım, 

Susaraq getmək - asan, susaraq gəlmək də var, 

Susaraq qəribsəmək, susaraq gülmək də var… 

İlahi, qismətimdə susaraq ölmək də var 

Sonuncu nəfəsin də ağrısı küt…

Günümdü,

Bu gün sükut günümdü.


Bu gün sükut günümdü… 

Nəfəsimlə danışım. 

Öz küncümdə… 

köşəmlə, qəfəsimlə danışım… 

İlahi, sən də çıx get… 

Suallar yordu məni, 

İlahi, sən də çıx get… 

Dualar yordu məni, 

Macal ver, 

Öz içimdə öz səsimlə danışım, 

Bir az kaman, bir az ney, 

bir az da ud günümdü, 

Bu gün sükut günümdü…


Bütün şeirlərim yazdığım anda məni təsirləndirir. 

Yaxşı olar ki, sən hansı şeirimdən daha çox təsirləndiyini deyəsən. Bu daha maraqlı olar.

 

- Bir şair jurnalistin, siyasətçinin sıravi müxbirə arzusu...

 

- QƏLƏBƏ xəbəri! Azərbaycanın üçrəngli bayrağının Xankəndi səmasında ucaldığı barədə ilk xəbəri yazan həmkarımın məndən yaşca böyük olacaqsa, əllərindən, kiçik olacaqsa, gözlərindən öpəcəyəm. 


Nigar İSFƏNDİYAR

29.04.2019 14:59 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo