BSU-da Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir

AZADİNFORM. Aprelin 24-də  Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrası tərəfindən İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Auditoriya+” keçirilib.

Budəfəki “Auditoriya+”un qonaqları AMEA-nın Tarix  İnstitutunun əməkdaşı, professor, qəzəlxan Şahin Fazil və qəzəlxan Arif  Buzovnalı olub. 

Tədbiri giriş sözü açan İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva kafedra tərəfindən keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

Söz alan professor Şahin Fazil İmadəddin Nəsimi poeziyasından bəhs edərək dahi Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini qeyd edib, şairin şeirlərinin estetik zövqündən danışıb. Sonra yazar Arif Buzovnalının “Nəsimi və insan” mövzusunda məruzəsi dinlənilib. O, Nəsimi yaradıcılığında bütövlükdə insan gözəlliyinə və qüdrətinə heyranlığın əks olunduğunu, bu gözəlliyin və qüdrətin dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş insanlara xas olduğunu vurğulayıb.

Tədbirin davamında İbtidai təhsil kafedrasının baş müəllimi Zərifə Məmmədovanın müşayiəti ilə Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri Nəsimi şeirlərindən parçalar səsləndiriblər.

Sonda çıxış edən Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Nacıyeva kafedra tərəfindən tələbələri maarifləndirmək istiqamətində keçirilən tədbirləri yüksək qiymətləndirib, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

25.04.2019 15:55 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo