Marneulidə azərbaycanlı namizədin irəli sürülməsi uğurlu addımdır

Zaur Darğallı: “Dövlətimizin başlıca prinsiplərindən biri əhali ilə birgə çalışmaq və onlar üçün əlçatan olmaqdır”

 

Mayın 19-da Gürcüstanın bir neçə bölgəsində, mer və icra hakimiyyəti başçısı, eləcə də parlamentdə boş qalmış deputat yerlərinə seçkilər keçiriləcək. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda seçicilər yeni icra başçısını seçəcəklər. Bu vəzifə uğrunda mübarizə aparacaq namizədlərin sayı 15-ə çatıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 15 iddiaçının namizədliyini təsdiqləyib. MSK-nın Marneuli dairə seçki komissiyasının rəhbəri Koba Asanidze bildirib ki, namizədlərin 14-ü siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 4-ü azərbaycanlı, 11-i gürcüdür. Azərbaycanlı namizədlər - hakim "Gürcü arzusu - demokratik Gürcüstan” Partiyasından Zaur Darğallı, "Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, əsas ana müxalifət "Vahid Milli Hərəkat” Partiyasından Aqil Mustafayev və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. 

Rayon rəhbəri vəzifəsi uğrunda mübarizə aparacaq gürcü namizədlər - "Xalq üçün dövlət hərəkatı”ndan Yelene Qabinaşvili, "Xristian Demokrat Hərəkatı”ndan Beka Svanidze, "Azad Gürcüstan” partiyasından Nino Curxadze, "Sakartvelo” partiyasından Leila Xaraişvili, "Azad Gürcüstan uğrunda hərəkat”dan İrena Sturua, "Yeni Xristian Demokratlar” partiyasından Lisa Sixarulidze, "Yeni Gürcüstan siyasi platforması”ndan Niniko Çxetia, "Azadlıq - Zviad Qamsaxurdiya yolu” partiyasından Malxaz Qorqaslidze, "Gürcüstanın veteranlar və vətənpərvərlər siyasi hərəkatı”ndan Eliso Kartvelişvili, Milli Demokrat Partiyasından Cano Jvania, "Xristian Mühafizəkarlar” Partiyasından İlya Patarayadır. "Kaspi” qəzetinin müsahibi Gürcüstanın Marneuli rayonunda keçiriləcək mer seçkilərində "Gürcü arzusu"nun irəli sürdüyü namizəd Zaur Darğallıdır. 

 

- Zaur bəy, oxucularımız Sizi daha yaxından tanısın deyə, əvvəlcə özünüz barəsində məlumat vermənizi istərdik.

 

- Mən 1988-ci ildə Marneuli şəhərində anadan olmuşam. Ali təhsilimi İlya Çavçavadze adına Dövlət Universitetində alaraq, həmin təhsil ocağını müvəffəqiyyətlə bitirmişəm. Tələbəliyimin ilk illərindən fəal ictimai fəaliyyət göstərərək bir sıra təşkilatlarda çalışmışam. Gənclərlə bağlı həyata keçirilən çoxsaylı regional və ölkə miqyaslı layihələrdə iştirak etmişəm. Bir sıra təşəbbüslərlə çıxış edib müxtəlif layihələr həyata keçirmişəm. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi də fəaliyyət göstərmişəm. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışmışam.

2014-2017-ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olmuşam. 2017-ci ildən indiyə qədər isə Kvemo-Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıram. Çalışdığım müddət ərzində Gürcüstanda yaşayan  azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gənclərin inkişafı, sağlam həyat tərzinin təbliği, ekologiya, sosial, humanitar və digər sahələrdə çoxsaylı layihələrim olub. Ailəliyəm, 2 övladım var. Bütün fəaliyyətim boyu ölkəmin layiqli vətəndaşı olmaq, təmsil olunduğum cəmiyyətə fayda vermək əsas məqsədim olub. Bu, indi də belədir.

 

- Şəxsi məlumatlarınızdan da göründüyü kimi, Siz uzun müddət ictimai fəaliyyətlə məşğul olmuşsunuz. Bildiyim qədəri ilə həyata keçirdiyiniz layihələrin əksəriyyəti gənclərlə bağlı olub. Bu baxımdan ilk öncə belə bir sualla müraciət etmək istərdik: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin inkişafını necə qiymətləndirirsiniz?

 

- Gürcüstanda yaşayan azərbaycanlı gənclərin son illərdə keçdiyi inkişaf yolu göz önündədir. Bu gün gənclərimiz ölkənin ən prestijli dövlət universitetlərində gürcü dilində təhsil alır, ali məktəbi müvəffəqiyyətlə bitirir, ixtisasları üzrə işlə təmin olunurlar. Onlar rəqabətə dayanıqlıdılar və savad bacarıqlarına görə özlərinə layiqli karyera imkanları qurmağa qadirdirlər. Lakin illər öncə biz bu və digər təhsil problemləri ilə üzləşərdik, ali təhsil ocaqlarında təhsil alan gənclərimizin sayı olduqca az idi və sair. Bu və digər təhsil problemlərinin həlli istiqamətində dövlətin çoxsaylı proqramları, səyləri nəticəsində zamanla biz bu problemlərin həllinə nail ola bildik. Təbii ki, bu gün bir sıra başqa problemlər yenə var. Hazırda onların həlli istiqamətində də müvafiq iş aparılır.

 

- Dövlət məmuru kimi fəaliyyət göstərdiyiniz zaman ən çox işlədiyiniz sahə ölkədə yaşayan etnik azlıqlar və onların problemləri olub. Kvemo-Kartli bölgəsinə daxil olan rayonlarda yaşayan əhalinin əksər hissəsinin azərbaycanlılardan ibarət olduğunu nəzərə alaraq, məhz onların problemləri barədə danışmanız yaxşı olardı. Həmin azərbaycanlıların problemləri əsasən nədən ibarətdir və orada çalışdığınız illərdə bu problemlərin həlli üçün hansı işlər görülüb?

 

- Hər bir cəmiyyətdə və ölkədə problemlər olur. Həyat varsa təbii ki, problemlər də olmalıdır. Bizim də bölgələrdə, kəndlərdə bir sıra problemlər mövcuddur. Bunları müəyyən etmək məqsədilə biz müntəzəm şəkildə əhali ilə  görüşlər keçirir, onları dinləyirik. Onların qaldırdıqları məsələləri üstün tutaraq, müxtəlif layihələr həyata keçirir, bir sıra işlər görürük. Qaldırılan problemlərin əksəriyyəti infrastrukturla, təhsil və sosial məsələlərlə əlaqəli olur. Bu istiqamətdə dövlətimiz son illər çoxsaylı işlər həyata keçirib.

Demək olar ki, hər bir şəhər və kəndin mərkəzi və daxili yolları asfaltlanıb, içməli su və suvarma sistemləri düzəlir, mərkəzi və daxili yolların işıqlandırılması, ekoloji layihələrin həyata keçirilmə prosesi sürətlə davam etdirilir. Bölgədə məktəb və uşaq bağçalarının əsaslı təmiri və yenilərinin tikilmə prosesi sürətlə davam etməkdədir. Bu və digər işlər təbii ki, əhalinin qarşımıza qoyduğu problem və təkliflərdən qaynaqlanır. Dövlətimizin də əsas prinsiplərindən biri əhali ilə birgə çalışmaq və onlar üçün əlçatan olmaqdır ki, daha keyfiyyətli işlər görə bilək.

 

- Hakim partiya Marneuliyə mer kimi Sizin namizədliyinizi irəli sürüb. Çox maraqlıdır, mer seçildiyiniz halda görəcəyiniz işlər hansılardır? Qarşınıza qoyduğunuz əsas prioritetlər nədən ibarətdir? Marneuli üçün nə kimi yeniliklər və işlər görəcəksiniz?

 

- Əsas məqsədimiz xalqa xidmətdir. Bizi seçən xalqdır və maksimum şəkildə çalışacam ki, hər bir Marneuli sakininin meri olum. Əsas prioritetlərimiz infrastruktur layihələrinin artırılması, kənd təsərrüfatının inkişafı, turizm imkanlarının yaradılması, təhsil ocaqlarının tikintisi və təmirə ehtiyacı olanlarının əsaslı təmiri və digər kimi istiqamətlərə bölünür. Sosial-inkişaf istiqamətində yeni layihələrin həyata keçirilməsi istiqamətində bir sıra yeniliklərin tətbiq edilməsi də əsas iş planlarımıza daxildir.

Bununla yanaşı, şəhərimizin abadlaşdırılması, yeni istirahət məkanlarının - uşaq meydançalarının, parkların salınması, ekoloji mühitin yaradılması və şəhərin abadlaşdırılması da görüləcək işlərə daxildir. Məqsədim təmiz Marneuli, sağlam mühitdir. Düşünürəm ki, Marneuli şəhər və kənd sakinləri də bizə bu və digər işləri həyata keçirməkdə dəstək olsalar, biz birlikdə daha yaxşı işlər görəcəyik. Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, əsas məqsədim – təmiz şəhər, inkişaf etmiş infrastrukturdur. Mer seçiləcəyim təqdirdə heç bir məktəb və uşaq bağçası təmirsiz qalmayacaqdır. Hesab edirəm ki, kəndlərimiz şəhər inkişafından geridə qalmamalı və fərqlənməməli, gənclərimiz sağlam  ruhda böyüyərək inkişaf etməli, Marneuli Avropa şəhərləri ilə eyni səviyyəyə gəlməli, inkişaf etməlidir.

 

- Əgər yanılmıramsa, Gürcüstan müstəqillik əldə etdikdən indiyə qədər əslən azərbaycanlı və Marneulili mer vəzifəsində çalışmayıb. Siz həm gənc, həm də Marneuli sakini olan azərbaycanlısınız. Sizcə, seçkilərdə bu amil rol oynayacaqmı?

 

- Ölkə rəhbərliyinin Marneuliyə məhz azərbaycanlı namizəd irəli sürməsi olduqca önəmli və uğurlu addımdır. İlk sualınıza cavabımda da vurğuladığım kimi, mən şəxsən özüm Marneuliliyəm, burada anadan olub burada yaşayıram. Marneuli mənim evimdir. Mənim keçmişim, bu günüm və gələcəyim Marneuli ilə bağlıdır. Marneuli sakinlərinin hər birini özümə doğmam və ailəm hesab edirəm. Ailənin problemlərini o ailənin içində yaşayanlar daha yaxşı bilir. Hər gün bu küçələrdən keçirəm, ictimai məkanlarda oluram, nəqliyyatdan istifadə edirəm, ailə üzvlərim də həmçinin. Hamı kimi mən də gündəlik həyatda müəyyən maneələr, problemlər, əskikliklərlə rastlaşıram.

Övladım dövlət təhsil müəssisəsinə gedir, təmirsiz bağçada təhsil alır. Ona görə də düşünürəm ki, bu və ya digər nüanslar problemləri daha dərindən araşdırıb aradan qaldırmamıza yardım edəcəkdir. Fikrimcə, gələcək işlərimizdə bu faktorun çox ciddi təsiri olacaqdır. Xalqın seçiminə gəlincə, hesab edirəm ki, sualınızda qeyd etdiyiniz faktor da müsbət rol oynaya bilər. Çünki ömrümün tamamını eyni şəhərdə yaşadığım seçicilərim məni və ailəmi çox yaxşı tanıyır. Marneuli şəhər sakinləri indiyə qədər gördüyüm işlərdən maksimum xəbərdardırlar. İnanıram ki, onlar bu günə qədər olan fəaliyyətimi müsbət qiymətləndirərək məni mer vəzifəsinə layiq görəcəklər.


Rufik İSMAYILOV

25.04.2019 15:15 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo