Bu qurum da əlilliklə bağlı göndərişləri rəsmiləşdirəcək

AZADİNFORM. Əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin Agentliyin nəzdindəki “TƏBİB” (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır. 

Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Agentlik arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq ediləcək.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertlərinin və Agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmələri üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da hazırlanacaq.  

Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin və funksionallığın klassifikasiyası” standartları əsasında hazırlanıb. 

24.04.2019 16:20 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo