Sabunçuda yol infrastrukturu yenidən qurulur

Adəm Abbaslı/AZADİNFORM. Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu üzrə vətəndaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda görülür.

AAYDA-dan Azadinform-a verilən məlumata görə, Sabunçu rayonun Bakıxanov qəsəbəsi General Səməd bəy Mehmandarov prospekti bu cür yollardan biridir. Prospekt qəsəbə üzrə mərkəzi yol hesab olunur və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yoldur. Prospekt boyunca yeni yol infrastrukturunun yaradılması Sabunçu rayonu  Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması layihə çərçivəsində həyata keçirilir.

Sözügedən yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.

Yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.  Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq müəyyən hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Qeyd edək ki, sözügedən yol Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrinin 120 mindən artıq sakininin istifadəsindədir.

Sabunçu rayonunda müasir yol infrastrukturunun yaradıldığı daha bir küçə Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsidir. Uzunluğu 3 km, eni isə 9 metr olan küçənin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. Ramana qəsəbəsinin əsas yollarından biri olan Elşən Məhərrəmli küçəsindən qəsəbənin 15 mindən artıq əhalisi istifadə edir.

Sabunçu rayonu üzrə 10 mindən artıq əhalisi olan “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verildi. Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətəndaşların əsas istifadə etdiyi və sosial obyektlərin yerləşdiyi 3 km uzunluğa malik olan yollarında təmir-bərpa işləri aparıldı, 20 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşəndi.

Rayonda aparılan kompleks tədbirlər çərçivəsində Maştağa qəsəbəsinin 1.4 km uzunluğa və 7 metr enə malik Məhəmməd Şəfai küçəsi də təmir edilib. Təmir işləri zamanı əvvəlcə küçə profilə salınıb, daha sonra küçənin 14 min kv.m-dən çox sahəsinə xırda dənəli asfalt-beton örtüyü döşənib.

Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə star veriləcək.

24.04.2019 13:08 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
    22.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo