Dillər Universitetində Çin dili günü keçirilib

AZADİNFORM. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədi və BMT-nin İctimai İnformasiya Departamentinin təklifi ilə 2010-cu ildə yaradılan Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, bayramda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar, tədris ədəbiyyatı və materialların sərgisi keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. R.Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

Qeyd edək ki, azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağın artdığını qeyd edən R. Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib.  Rafiq Abbasov həmçinin müasir Çin dilli dünyası haqqında danışaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.

Xatırladaq ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru  xanım Li Jihua Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. Xanım Li həmçinin ADU-da Çin dilin tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı,  kağız kəsimi, Çin şahmatı, düyün vurulması sənəti mövzusunda master-klass keçiriblər. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin mahnıları və rəqsləri ilə çıxış ediblər. Tələbələr həmçinin məşhur Çin “Tai Chi” gimnastikasının əsas elementlərini nümayiş etdiriblər. Sonda qonaqlar məşhur Çin çayının dəmlənməsi mərasimində də iştirak edib, dünyanın məşhur yaşıl çayının aroması və dadından zövq alıblar.

24.04.2019 09:55 / Baxılıb: 221 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2019
26.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo