AzMİU-da dəyirmi masada

Müzakirələrdə Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər


AZADİNFORM. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texnik Universitetindən (İTU) gələn nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa  keçirilib. 

Universitetdən Azadinform-a verilən məlumata görə, dəyirmi masada İTU rektoru, professor Mehmet Karacanın “İTU nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsi ətrafında maraqlı müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb.  

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizin ali məktəb rektorlarını və türkiyəli qonaqları salamlayıb. G.Məmmədova bu gün universitetdə keçirilən görüşün mühüm əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə səsləyib.  

İTU rektoru Mehmet Karacanın geniş məruzəsi maraqla qarşılanıb. O, müasir dünyanın tələblərinə uyğun olaraq bu gün təhsilin forma və məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsil alanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin önəmini vurğulayıb. Rektor İTU-da yaradılan texnoparkın fəaliyyətindən də danışıb, universitet-sənaye işbirliyinin əməkdaşlığının faydalı nəticələrinə diqqət çəkib. 

Mehmet Karacanın çıxışından sonra müzakirələr başlayıb, masada iştirak edən universitet təmsilçiləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov,  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor  Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildiriblər, ali təhsil ocaqlarında texnoparkların yaradılmasnda ortaya çətinliklərdən danışıblar.

Müzakirələr zamanı İTU-nun rektoru texnopark ənənəsinin öyrənilməsində Azərbaycan universitetlərinə dəstək götərməyə hazır olduğunu bildirib, universitet rəhbərlərini və təmsilçilərini İTU Texnoparkının fəaliyyətini izləmək və təcrübəsini öyrənmək üçün Türkiyəyə dəvət edib. 

23.04.2019 17:32 / Baxılıb: 195 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo