Yanan zibil qutuları maşınlarla birgə hərəkət edəcək... - Bakı küçələrində problem

Aygün Nəbiyeva / AZADİNFORM. Bakıya yeni gətirilmiş zibil qutularının çoxu demək olar ki, şəhərin mərkəzi küçələrində avtomobil yollarına yerləşdirilib. Bu da yolu daraldır və sıxlığa səbəb olur.

Maraqlıdır, avtomobil yoluna heç bir nişan, qutuların əhatələnməsi olmadan zibil qutuları yerləşdirmək nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Azadinform-a danışıb: “Dəmir qutuları yığışdıraraq, əvəzində “bəzəkli” plastik qutular gətiriblər. Plastik qutuların nə üstünlüyü var, bilmirəm. Əksinə, bu qutular yanmaya daha çox meyillidir. Hələ bəzi məsuliyyətsiz vətəndaşlarımızın siqaret kötüyünü yana-yana zibil qutusuna atmalarını demirəm... Dəfələrlə görmüşük ki, zibil qutuları yolun ortasında od tutub yanır. Bu, əlbəttə, təhlükəlidir. Lakin bu qutuların yolun hərəkət istiqamətində yerləşdirilməsi daha da təhlükəlidir. Baxmayaraq ki, dəmir zibil qutuları plastiklərdən ağırdır, külək əsən kimi yolun ortasında peyda olurdu. İndi bu plastik qutular daha yüngüldür. Yəqin ki, paytaxtda möhkəm külək əsəndə, yolda maşınlarla bərabər, zibil qutularının da hərəkət etdiyini görəcəyik. Bəzən də yanan zibil qutuları... Bu isə vətəndaşlara xəsarət yetirəcək, maşınlara ziyan vuracaq. Bilirsiz, bizdə sanki gözləyirlər bir pis hadisə baş versin, sonra tədbir görsünlər...

O vaxt dəmir zibil qutuları “28 may” küçəsində yerləşdiriləndə, dəfələrlə aidiyyəti qurumlara müraciət etdim. Qutuları götürdülər, bir müddət sonra isə yenidən gətirib yerinə qoydular...

Bakının mərkəzinə zibil qablarını qoymaqla, 4 zolaqlı yol dönüb olur 3 zolaqlı. Konkret olaraq, “28 may” küçələrində tıxaca səbəb olan amillərdən biri də o zibil qutularıdır.

Belə hallar şəhərsalmanın ən böyük nöqsanlarından biri olmaqla bərabər, yol təhlükəsizliyi baxımından da ciddi məsələdir. Təəssüf ki, belə hallarla bağlı dəfələrlə məsələ qaldırsaq da ortada nəticə yoxdur”. 

23.04.2019 17:15 / Baxılıb: 374 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo