İslamda tolerantlıq - BSU-da mühazirə

AZADİNFORM. Aprelin 23-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə Filologiya və xarici dil müəllimliyi,  Azərbaycan filologiyası və jurnalistika fakültələrində təhsil alan tələbələr üçün “İslamda tolerantlıq” mövzusunda  mühazirə keçirilib. 

Universitetdən Azadinform-a verilən məlumata görə, mühazirənin əvvəlində çıxış edən Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev  islam dinində tolerantlığın əsas ünsür kimi qəbul edildiyini bildirib. İ.Quliyev qeyd edib ki, bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dözümsüzlük göstərmədən qarşımızdakı insanı olduğu kimi qəbul etmək tolerantlığın əsas meyar və prinsipidir. Mühazirənin mövzusunun aktuallığından danışan  İbrahim Quliyev tələbələri maarifləndirici mövzu ətrafında müzakirələrdə fəal olmağa dəvət edib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) dekanı, f.ü.f.d. Fuad Nurullayev “İslamda tolerantlıq” mövzusunda ətraflı çıxış edib. Fuad Nurullayev çıxışında bildirib ki, islama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür.  O deyib ki,  insanların bir-birini tanıması, qarşılıqlı münasibətlərin formalaşmasının əsası tolerantlıqdan keçir. F.Nurullayev islam dininin bütünlükdə multikutural dəyərlərdən ibarət olduğunu, son zamanlar dünyada, xüsusən Yaxın Şərqdə, eləcə də Avropada baş verən terror aktlarında islam xəttinin axtarılmasının heç bir əsası olmadığını diqətə çatdırıb. F.Nurullayev  qeyd edib ki, islam dininin terror, radikalizm və separatizm dini kimi qələmə verilməsi qarşıdurma yaratmaq istəyən qüvvələrin əməlidir. İslam dininin multukultural din olmasını təsdiqləyən ayələrdən söz açan F.Nurullayev bütün dinləri, peyğəmbərləri, müqəddəs kitabların islamda qəbul edildiyini bildirib.

Mühazirə diskussiya şəklində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Diskussiyada Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı dosent Gültəkin Əliyeva, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Səbinə Məmmədova  və digər iştirakçılar “İslamda tolerantlıq” mövzusu ətrafında müzakirə aparıblar.

23.04.2019 17:00 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo