Ukraynada yeni mərhələ: siyasi vəziyyət necə olacaq? Politoloq şərhi

Ləman Hüseynzadə / AZADİNFORM. “Ötən gün Ukraynada çox vacib seçkilər keçirildi. Seçkidə kimin qalib gəlməsi əvvəlcədən bəlli olmasa da, son zamanlar Zelenskinin şansı daha çox idi və yeni Prezident də o seçildi”.

Bu fikri Azadinform-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ukraynada yeni - Zelenski dövründən danışarkən deyib. 

Politoloqun sözlərinə görə, artıq Zelenskinin qarşısında milli təhlükəsizlik, ərazi bütövlüyünün qorunması, sosial məsələlər və Ukraynanın daxili problemlərini həll etmək dayanır: “Çünki Ukrayna bu gün daxildə qütbləşmiş bir ölkədir. Amma güclü dövlət üçün qütbləşməyə son vermək lazımdır. Eyni zamanda Ukraynada oturuşmuş oliqarxik sistem var ki, onun da üzərində qələbə çalmaq lazımdır. Lakin düşünmürəm ki, Zelenski bu sistem üzərində qələbə çala bilər. Hər halda bu, onun komandasından da asılıdır”. 

Ukraynanın bundan sonra yürüdəcəyi siyasət barədə danışan Z.Məmmədov hesab edir ki, Rusiya və Ukrayna arasında Donbass, həmçinin Şərqi Ukrayna ilə bağlı məsələlər dialoq şəklində müzakirə ediləcək: “Bu dialoqların hansı nəticələrin verəcəyini indidən demək təbii ki, çətindir. Çünki yeni prezidentin necə bir siyasət yürüdəcəyi hələ ki, bəlli deyil. Amma düşünürəm ki, ümumilikdə avrointeqrasiya prosesi durdurulmayacaq. Düzdür, NATO ilə münasibətlərdə bir qədər durğunluq müşahidə olunacaq və Poroşenkodan fərqli olaraq Zelenski NATO-dan imtina edə də bilər. Amma Avropa İttifaqına üzvlük və avrointeqrasiya siyasətinin Zelenski tərəfindən də davam etdiriləcəyini gözləyirəm”. 

Politoloq əlavə edib ki, payızda Ukraynada keçiriləcək parlament seçkilərində də kimin qalib gələcəyi çox önəmlidir: “Artıq indidən siyasi partiyalar arasında bu seçkilər üçün mübarizə başlayıb. Əgər Zelenski siyasi partiya formalaşdıraraq qalib gəlməzsə, o zaman işi çətin olacaq. Hər halda Ukrayna siyasi sistemində parlamentin fikirləri, eyni zamanda baş nazirin kim olacağı da vacibdir”.

22.04.2019 14:33 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo