ASAN-ın səyyar xidməti davam edir

AZADİNFORM. Səyyar “ASAN xidmət” martın 28-dən aprelin 26-dək Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakən rayonlarında, aprelin 15-dən mayın 4-dək Qazax rayonunda, aprelin 22-dən mayın 21-dək Kürdəmir və Beyləqan rayonlarında, o cümlədən Xırdalan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azadinform-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biləcəklər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

22.04.2019 12:58 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo