Fast food bəlası: uşaqları ondan necə qoruyaq? Mütəxəssis danışır

Aygün Nəbiyeva / AZADİNFORM. Müasir dövrdə insan sağlamlığına mənfi təsir göstərən amillərdən biri də “fast food” kimi tanıdığımız hazır qidalardır.

Tez-tez bu qidaların orqanizmdə yaratdığı fəsadlar barədə KİV-lərdə, sosial mediada həyəcan təbili çalınsa da, təəssüf ki, belə xəbərdarlıqlara çoxları əhəmiyyət vermir. İş yerlərində, təhsil ocaqlarında, istirahət mərkəzlərində, restoranlarda qarşımıza çıxan bu qidaların sayı isə durmadan artmaqdadır. Addımbaşı qarşımıza çıxan belə qidalar nəinki böyüklərin, hətta uşaqların da sevimli yeməklərinə çevrilib. Hətta uşaqların diqqətini cəlb etmək üçün xüsusi menyular da yaradılır... 

 

Uşaqları necə qoruyaq?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran pediatr Günay Rəsulova bildirib ki, bu tip qidaları uşaqlara vermək tövsiyə olunmur: “Çünki onların tərkibində asan həzm olunan, asan mənimsənilən karbohidrat, şəkər var ki, bu da uşaqlarda həm kökəlmə, həm də şəkər xəstəliyi riskini yaradır. Bu səbəbdən də belə qidalar məsləhət görülmür. Bundan başqa, yaxşı bişməmiş ət uşaqlarda parazital xəstəliklər təhlükəsini yaradır, eyni zamanda mədə-bağırsaq xəstəlikləri riskini də gətirir.

Digər tərəfdən, burada gigiyenik qaydalara nə dərəcədə riayət olunmasından da söhbət gedir. Məsələn, istər açıq havada hazırlanan dönərlər olsun, istərsə də yaxşı bişməmiş ətin təsirindən infeksialaşma – toksiko-infeksiya, həm də zəhərlənmə riskləri var. Təbii olaraq, tez-tez “fast food” qidalarından istifadə edən, azhərəkətli uşaqlarda piylənmə riski də artmış olur”.

 

“Uşaqları yalnız maarifləndirmə yolu ilə “fast food”lardan uzaqlaşdırmaq olar”, - deyən Azərbaycan Milli Kulinariya Mərkəzinin üzvü, qida texnoloqu Ağa Salamov isə qeyd edib ki, valideynlər uşaqlara belə qidaların zərərli olduğunu başa salmalıdırlar: “Bütün “fast food”larda geniş istifadə olunan E621 kodu ilə tanınan “Çin duzu” vardır. Bu qidaları boşqabda gördükdə sanki böyük bir ət kütləsini görürmüş kimi təsəvvür yaradır. Yedikdən sonra sanki doymuşluq hissi yaranır, halbuki belə deyil. Bundan başqa, hazır qidaların tərkibində palma yağından da istifadə olunur. İstehsal zamanı rəngi qırmızı olur. Emal zamanı 200 dərəcəyə qədər onu qızdırırlar ki, bu zaman rəngini, dadını dəyişir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, “fast food”ların başında “Çin duzu” (E621 maddəsi) və palma yağı durur. Palma yağı isə dünyanın ən ucuz yağıdır. Dəfələrlə istifadə edilərək, sintetik bir yağa çevrilir. İnsan orqanizminin bədən istiliyi 36 dərəcədir. Bədən istiliyində palma yağı həzm olunmur. Bir şey ki, 200 dərəcədə emal olunsun, o 36 dərəcədə necə həzm oluna bilər? Bu zaman isə həzm sistemi pozulur, mədəaltı vəzi və qaraciyərə yük düşür, ürəyə mənfi təsirini göstərir. Ona görə də uşaqlarda kökəlmə, Altsheymer xəstəliyi, yorğunluq və bu kimi narahatlıq halları baş verir. Bütün bu səbəblərdən də uşaqları belə qidalardan uzaq tutmaq lazımdır”. 

A.Salamov vurğulayıb ki, “fast food” restoranlarında yeyilən qidaların tərkibində “A”, “C” vitaminləri və kalsium çox azdır: “Halbuki insan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. “Fast food”la birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır”. 

A. Salamov əlavə edib ki, valideynlər özləri də evdə maraqlı “fast food”lar hazırlaya bilərlər: “Misal olaraq, kəpək unundan hazırlanmış hazır lavaş alaraq, ondan istifadə etmək mümkündür. Yaxud da analar lavaşı evdə özləri hazırlaya bilərlər. Onun içərisinə mayonez, ketçup kimi dadlandırıcılar vurulmamalıdır. Toyuğu çox qızartmamaq şərti ilə lavaşa qoyub, bükərək uşaqlara hazır “fast food”lar hazırlamaq zənnimcə, çətin iş deyil. Eyni zamanda, salatlar, pomidor, xiyar və bu kimi tərəvəzlərdən istifadə edərək uşaqları hazır qidalardan uzaq tutmaq olar”.

22.04.2019 12:38 / Baxılıb: 328 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo