Tanınmış ekspertdən problemli kreditlərlə bağlı Açıqlama

Aygün Nəbiyeva / AZADİNFORM. “Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılmalıdır. Bununla yanaşı, bizə ünvanlanan müraciətlər göstərir ki, hələ də bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac var”.

Azadinform xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov bildirib. İqtisadçı qeyd edib ki, bəzi vətəndaşlarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Lakin aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur: “Bu hal ilə rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsinin üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraciətə baxıb cavablandırmalıdır. Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız da eyni ilə apellyasiya komissiyasına müraciət etməlidirlər. Əgər apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman vətəndaşlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məhkəməyə müraciət etməklə, iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür”. 

V. Bayramov əlavə edib ki, qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır: “Amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla, 2 min manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4 min 800 manat kompensasiya məbləğindən azaldılır. Təsəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4 min 800 manat kompenasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2 min manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır. Bu, o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınmır. Bu baxımdan da bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənzimlənməsi məqsədəuyğundur. Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvəllərində hökumətə təqdim etdik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik”.

Ekspert onu da vurğulayıb ki, bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır, amma borcu digəri, yəni avtomobili alan ödəyib – belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir: “Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər. Kompensasiyaların verilməsi iyunun əvvəlinədək nəzərdə tutulub. Buna görə də məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız, o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi prosedurları keçməyə çalışmalıdırlar”.

 

22.04.2019 10:56 / Baxılıb: 316 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo