Bakıda Pablo Eskobar ləqəbli narkobaron saxlanılıb

AZADİNFORM. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika, qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasiitələr aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakinin əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaraq ona verdiyi əşyaları aşkar edilərək götürülüb.

E.Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxlərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər - paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

15.04.2019 15:31 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo