Gözdə yaranan çəpləşməyə səbəb nədir və necə aradan qaldırmaq olar?

Eşqin Nuruşov/AZADİNFORM. Göz insanın həssas orqanlarından biridir. Həssas olduğu qədər də vacib olan bu orqanda təzahür edən müxtəlif növ xəstəliklərdən çoxları əziyyət çəkir. Bu xəstəliklərdən biri də çəpgözlük, yəni gözlərin paralelliyinin itməsidir. Belə olduğu halda, bir göz düz baxdığı halda, digəri müxtəlif istiqamətlərə baxır.

Bu xəstəliyə daha çox azyaşlılarda rast gəlinir. Əksər vaxtlarda mütəxəssislər çəpgözlüyün müalicəsində erkən diaqnozun çox vacib olduğunu qeyd edirlər. İnsanlar ya eynək, ya da əməliyyat vasitəsi ilə bu xəstəlikdən qurtulmağa çalışırlar. 

 

Bəs çəpgözlük nə zaman və necə yarana bilər?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran oftalmoloq İlham Zərgərli sözügedən xəstəliyin yaranma səbəblərindən danışıb.

Oftalmoloqun sözlərinə görə, çəpgözlük xəstəliyi adətən uşaqlarda olur: “Gözün zədəsi zamanı, cərrahi müalicə olunmamış mirvari suyu, kəllə-beyin zədələri və beyin qan dövranının pozulması zamanı paralitik çəpgözlük əmələ gələ bilər. Bu, bir çox hallarda, çəpləşən gözün zəif görməsi ilə əlaqədar olur. Uşaq yaşlarında olunan müayinə ilə gözün zəif görməsi korreksiya ediləndən sonra çəplik azala və ya tam itə bilər. Görməni çox vaxt və əsasən eynəklərlə korreksiya edirlər”.

Mütəxəssis qeyd edib ki, əgər inkişafda olan uşağın çəpgözlüyü itmirsə və bu, həm də kosmetik deffekt yaradırsa, cərrahi yola müraciət olunur: “Belə olduqda çəpgözlüyün cərrahi korreksiyası mümkün qədər tez bir zamanda icra edilməlidir ki, çəpləşən göz "tənbəlləşməsin", gözdə gələcəkdə heç bir müalicə ilə bərpa oluna bilməyən zəif görmə (ambliopiya) inkişaf etməsin. Cərrahi əməliyyat mümkün qədər tez – 6 yaşa qədər icra edilməlidir. Əks təqdirdə, o gözdə bu və ya digər dərəcədə ambliopiya dərinləşəcək. Bundan sonra isə cərrahi əməliyyatın müalicəvi effekti olmayacaq, bu əməliyyat sırf kosmetik xarakter daşıyacaq”.

15.04.2019 15:20 / Baxılıb: 242 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo