Müzakirə ortaq məxrəcə gəlmək vasitəsidir, uzaqlaşmaq yox!

Və ya fikrin müəllifini deyil, fikrin özünü müzakirə etməliyik... 

 

Sosial şəbəkələrdə bir çox hallarda fikrin özünün deyil, müəllifinin müzakirə olunması normal məntiqə sığmır. Yəni öz fikrini haqlı saymaqla bir başqasını tənqid, təhdid və hətta təhqir həddinə gəliriksə, deməli nəsə doğru yolda deyilik. Müzakirə ortaq məxrəcə gəlmək vasitəsi olduğu halda, bəzən “müzakirə”ni mövqelərin və yanaşmaların daha da kəskin fərqlənməsi üçün aparırıq sanki...

Müşahidə edirəm ki, bir sıra insanlar daxildəki təmin olunmayan emosiyalarını sosial şəbəkələrdə özlərinə aid olmayan, mahiyyətini bilmədikləri ixtiyari mövzuda kimisə acılamaqla və ya aşağılamaqla çıxarmaq istəyirlər. Bu isə bumeranq effekti verərək sonda hər hansı formada özünə qarşı çevrilir və ümumilikdə sosial şəbəkələrdə bir barışmazlıq, mənəm-mənəmlik, qarşılıqlı ittihametmə mühiti yaradır... Yəni "XXI əsrin məşğuliyyəti" yekunda həyatımıza zəhər qatır, rahat yaşamalı olduğumuz ömür payına zərbə vurur. Düşünək, BU, BİZƏ LAZIMDIRMI?!

Sosial şəbəkələr vasitəsilə neqativ məlumatların tirajlanmasının ümumilikdə cəmiyyətə vurduğu zərbə də narahatçılıq yaradır. Artıq insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş sosial şəbəkələr istifadəçilərə əlavə stress və narahatlıq mənbəyinə çevrilib. İstənilən sosial şəbəkə istifadəçisi istər-istəməz bu kimi məlumatlarla qarşılaşır və neqativ ruha köklənir. Belə xoşagəlməz mənzərə sosial şəbəkələrin təsirinin təəssüf ki, hələ də düzgün dəyərləndirilmədiyini, bu sferanın tam oturuşmadığını, formalaşma mərhələsində olduğunu deməyə əsas verir.



Sosial şəbəkələrdə bəzən qızışdırıcı meyillərin hiss olunuğu və bəzi hallarda istənilən bir hadisə və ya faciə üzərində daha böyük ölçüdə məqsədyönlü neqativ mənzərə yaratmaq cəhdlərinin müşahidə edilməsi də narahatlıq yaradır. Yəni sosial şəbəkələrdəki yanaşmalarda sanki reallıq hissinin itirildiyi müşahidə olunur ki, bu da özlüyündə real həyata da realıqdan uzaq, göstəri xarakerli davranışları təlqin edir.

Düşünürəm ki, istənilən normal və xeyirxah İNSAN hər hansı məsələyə daha çox bildiyi istiqamətdən yanaşmalı, fikirlərinin müzakirə olunan məsələnin həllində nə dərəcədə əhəmiyyətli ola biləcəyini düşünməlidir. Peşəkarların öz sahələri üzrə müzakirələrdə  obyektiv və peşəkar  münasibət bildirməsi isə zəruri və faydalıdır.

Belə olmadıqca, naşı, hoqqabaz və populist insanlar meydan sulayacaq, abırına qısılmış, ağıllı, işi bilən, vicdanlı insanlar isə təəssüflə mənzərəni seyr edəcəklər. Odur ki, "abırsızdan abrını gözləyib" əsəb keçirincə, sadəcə doğru olanı demək də hər bir insanın ictimai mühitimizə verə biləcəyi fayda və qınaqla yanaşılan mənzərəni dəyişmək üçün atdığı addım ola bilər...

 

Bəşarət Məmmədov, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

14.04.2019 10:34 / Baxılıb: 571 / Çap
 
    Bu bölmədə
    17.04.2019
    Axına qarşı
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo