Nübar Novruzova: Mənə pislik edənlərə yaxşılıqla cavab verirəm

Onun kimliyi hər kəsi maraqlandırır. Onun aktrisa kimi istəyi nədir ? Güclü görünüb, amma əslində zərif olan qadın... “Müsahibəmizdə sən”in budəfəki qonağı Respublikanın xalq artisti, “Əsrin ana”sı Nübar xanım Novruzovadır.

 

- Zənnimcə incəsənətdə elə bir aktyor və yaxud aktrisa yoxdur ki, çətinliklərlə qarşılaşmasın. 44 illik sənət fəaliyyətinizdə çoxmu çətinliklərlə rastlaşmısınız ?


- Çətinliklər deməzdim, riskli obrazları canlandırmaqla özümü çətin durumlarla qarşı qarşıya qoymaq deyərdim. Rəngarəng rollar içərisində mən o dövr üçün ilklərə imza atırdım və bu gün də atıram. Sizə bir cümlə deyim, Kleopatra kimi böyük bir obrazın öhdəsindən uğurla gəlmək hər aktrisanın payına düşmür. O zaman həmin obrazın mənə həvalə edilməsi mənim üçün böyük bir qürur idi. Tamaşada mən canlı ilanla Kleopatranın ölüm səhnəsini canlandırmışam. Kleopatra və onun kimi digər obrazların fonunda həmişə mən özümü çətinliklərə sürükləyib fərəh hissi ilə onları canlandırmışam.

 

 

- Teatrda müxtəlif ana obrazlarını canlandıran Nübar xanım daha çox özünə hansı “ana” obrazını yaxın bilir?


- Mən bütün obrazlarımı sevirəm. Ələlxüsus da, söhbət “ana” obrazlarından gedirsə, mən onları müqayisə edə bilmirəm. Sualın cavabını düşünməliyəm. Bəlkə də, dahi klassik Hüseyn Cavidin “Ana” dramındakı Səlma ana obrazı. Çünki, Nübar xanım da Səlma ana kimi bağışlayandır. Bağışlamaq böyüklük əlamətidir. Bethoven deyirdi ki, məsələ böyük görünməkdə deyil, həqiqətən də daxilən böyük olmaqdadır. Xarakterimdə hansısa bir insana nifrət etmək hissi yoxdur, hətta mənə pislik edənlərə belə yaxşılıqlarla cavab verirəm. Bu nədəndən də Səlma ana məni tamamlayır.

 

- Nübar xanım hansı şəraitdə və hansı məqamda insanı həyatından tamamilə silə bilər?


- Çox çətin sualdır. Nübar Novruzova o halda insanı həyatından silir ki, həmin şəxsdən hansısa pislik görür. Əslində buna silmək də deməzdim, uzaqlaşmaq deyərdim. Çünki, o insana hansısa bir köməklik lazım olarsa, edərəm. Silmək o deməkdir ki, sən onu birdəfəlik həyatından çıxarırsan. Mənim isə xarakterimdə yardıma ehtiyacı olan insandan üz döndərmək olmadığına görə pislik edənlərdən sadəcə uzaqlaşıram, onları silmirəm. Birdən nə zamansa, onun mənə ehtiyacı olar. Don Heroldun belə bir fikri var: “Heç bir zaman çıxdığın qapını hirslə bağlama. Birdən nə zamansa geri dönmək istəyərsən”.


- Həyatınızda dramatik anlar olubmu?


- İnsan həyat yolunu keşməkeşlərdən keçərək gedir. Bu keşməkeşli məqamlara mən dramatik anlar demirəm. Mənim üçün rastlaşdığımız çətinliklər dramatika məfhumunu ifadə etmir. Bir cümlə ilə desəm, fikrimcə, dramatik anlar yaxınlarını itirmək deməkdir ki, Allah bunu mənə və heç kimə yaşatmasın.

 

- Düşünmürəm ki, bu həyatda yaşadıqlarınız obrazlarına yansımasın...


- Xeyr, mənim həyatımda baş verənlər mənim obrazlarımda özünü büruzə vermir. Nəyə görə? Gəlin, indi ətraflı izah edim. Mən televiziya tamaşalarında və teatrda elə rolları ifa etmişəm ki, bunların heç biri mənim həyatımda olmayıb. Ola bilər ki, roldan hansısa bir hissə məni ifadə edib, amma bütövlükdə o obrazı həyatımda yaşamışam deyə bir şey yoxdur. Mən aktrisayam və mən təqdim edilən obrazı özümünküləşdirib uğurlu şəkildə öhdəsindən gəlməliyəm. Ona görə də canlandırdığım rollarla yaşadığım həyat arasında bənzərlik olduğunu, nədə ki, həyatımda olanların obrazlarıma təsir etdiyini düşünmürəm.


- Nübar xanımı səhnədən, teatrdan nə küsdürə bilər? Ümumiyyətlə, teatrdan küsə bilərmi, Nübar xanım?


- Məni bu səhnədən heç bir şey və heç nə küsdürə bilməz. Çoxsaylı tamaşalarım var ki, onlar bitdikdən sonra tamaşaçı alqışını və sevgisini görürəm. Elə anlar olur ki, tamaşa bitdikdən sonra görürəm ki, tamaşaçılar mənimlə görüşmək üçün gözləyirlər. Bunların qarşılığında mən səhnəni necə qoyub gedə bilərəm ?

 

 

- Səhnə yaxud sevdiyiniz şəxsin yanında olmaq sualı ilə qarşı-qarşıya qalsaydınız hansını seçərdiniz?


- Bu suala cavab vermək istəmirəm. Çünki, bunların hər ikisi mənim üçün önəmlidir. Birini digəri ilə müqayisə edib üstün saya bilmirəm. Ona görə də bu suala cavab vermirəm.


- Tutaq ki, bu gün həyatınızın son günüdür. Hansı rolu canlandırmaq istəyərdiniz?


- O obraz bu vaxta qədər heç bir filmdə və ya tamaşada yer almayıb. Mən həmişə o obrazın xəyalı ilə yaşamışam. Bilirsiniz, mən bir neçə il bundan öncə üzündə qırışları olan yaşlı, lakin gözəl bir qadın görmüşdüm. O qadının başında şlyapası, əllərində isə qara əlcəkləri vardı, geyimi ilə sanki başqa ölkənin vətəndaşını xatırladırdı. Amma o qadın zibillikdə nəsə axtarırdı. Mən ona yaxınlaşıb taleyi ilə maraqlandım. Nə qədər etdimsə, qadın mənə taleyini danışmadı. Məhz həmin taleyi və qadının yaşadıqlarını bilib dediyim obrazı canlandırmaq istəyərdim.


R.Tahir

12.04.2019 09:50 / Baxılıb: 363 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo