Həmin illər indiki kimi deyildi

Elnarə Dərziyeva: “Güc strukturları mənim aşkar etdiyim faktlar əsasında cinayət işini açıb, həmin işi öz üzərlərinə götürürdülər".

 

Jurnalistlik fəaliyyətinə 18 yaşından başlayıb. Elə on səkkiz il də “Lider” televiziyasının əməkdaşı olub, bir çox mükafatlara layiq görülüb, Əməkdar jurnalist adını alıb. Sənədli filmlərə imza atıb, saymaqla bitməyən layihələr eləyib.

“5İ Uğur düsturu” kitabının redaktorudur. Azərbaycan Reklamçılar İttifaqının üzvüdür. “Economic.az” saytının baş redaktorudur.

Müsahibim gözəl həmkarım Elnarə Dərziyevadır.


- Jurnalistikaya gəlişindən başlayaq...


- Bunu bir təsadüf də adlandırmaq olar. Uşaq yaşlarımdan hüquqa böyük marağım olub. Azərbaycanın ilk dedektiv yazıçısı Cəmşid Əmirovun kitabları məndə ədalətin bərqərar olması, haqqın öz yerini tapması, hüquq pozucularının, qatı cinayətkarların yaxalanaraq məsuliyyətə cəlb edilməsi və sair kimi hadisələrin tam mərkəzində olmaq istəyi yaratmışdı. Məktəbi bitirib test imtahanına qatıldım. İlk yazdığım hüquq fakültəsi oldu. İkinci isə jurnalistikanı qeyd etdim. Üç bal azlığı ilə sevdiyim ixtisasa düşmək şansını itirdim. Təhsil aldığım vaxtdan da bu sahədəyəm. 

İlk 10 ili kriminal jurnalistika ilə məşğul oldum. Araşdırmalar edirdim. Bəzən əlimdə elə materiallar olurdu ki, (dələduzluq, vəzifədən sui-istifadə, özbaşınalıq və sair) güc strukturları mənim aşkar etdiyim faktlar əsasında cinayət işini açıb, həmin işi öz üzərlərinə götürürdülər. Təbii ki, bu bir jurnalist kimi məni sevindirməyə bilməzdi. Çox qürurverici idi. Mən də öz əməyimlə vətənə, dövlətə xidmət edirdim. Bundan şərəfli nə ola bilərdi.

   

- Televiziya jurnalistikası ilə yazılı jurnalistika arasında fərq nədən ibarətdir?


- Mən 1998-ci ildən jurnalistikadayam. Həmin illər indiki kimi deyildi. İnternetin fəaliyyətindən söhbət belə getmirdi. Kompyuterlərə, kompyuter proqramlarına, yəni bu sistemə hələ yeni-yeni keçid edilən bir dövrdə yaşayıb, yaradırdıq. Mətbuat, qəzetçilik dönəmi idi. İnformasiyaların əsasını ölkədə baş verən siyasi və sosial hadisələr, gündəm, dəvət olunduğumuz tədbirlər təşkil edirdi. Siyasi şərhlər, sosial araşdırmalar, incəsənət, şou adamları ilə müsahibələr və s. O dövrdə televiziyalar barmaqla sayılacaq qədər idi. Ölkənin mətbu nəşrləri bir gün sonra yayıma verildiyinə görə televiziyalar informasiya operativliyi baxımından yazılı jurnalistikanı önləyə bilirdi. Bu çox böyük fərq idi. İnternet əsrinə qədəm qoyuldu. Müxtəlif saytlar, portallar yaradıldı. Bununla da televiziyalar operativlik estafetini yenidən yazılı jurnalistikaya təhvil verməli oldu.


- Ailən, sevdiklərin...


- Çox xoşbəxtəm. Çünki anasını sevən, onun əziyyətini içdən anlayan, duyan bir qızım var. Mənə dəyər verən, sevən, hər an yanımda olan, dəstəyini əsirgəməyən yaxınlarım, illərin sınağından çıxmış mərd, cəfakeş dostlarım var.

   

- Sən həm də “Əməkdar jurnalist”sən... Xəbəri eşidəndə hansı hissləri keçirdin?


- Bu elə bir hissiydi ki, onu yalnız yaşayanlar bilər. Karyeramın 20 illiyi ərəfəsində, möhtərəm Prezidentimiz İlham Əliyevin 2016-cı ildə Televiziya və Radionun yaranmasının 90-60 illiyi ilə bağlı imzaladığı sərəncamla belə bir mötəbər ada layiq görüldüm. Layiq olan hər kəsə bu hissi yaşamağı arzu edirəm. Elə sizə də...


- Televiziyada nə var?


- Televiziya dərin bir dəryadır. Düşən çıxmaq istəməz, hətta istəsə belə, çıxmaqda çətinlik çəkər. Mənim də ömrümün 18 ili məhz Lider Televiziyasındakı jurnalistika fəaliyyətimlə bağlıdır. Jurnalistikada ilk addımlarımı “Bu gün” qəzeti ilə başlasam da, televiziya sahəsi məni özünə cəlb edib. Bakı Dövlət Universitetində təhsil aldığım ixtisas da elə “Radio-Televiziya jurnalistikası” olub. Lider Televiziyasına gələndə 21 yaşım var idi. Universitetin son kursunda oxuyurdum. Lider televiziyasının isə bir yaşı tamam olurdu. Şərait yaradıldı, özümü sınadım. Və uğurlu reportajlarım sayəsində imzamı telejurnalist kimi tanıda bildim. Müxbirlikdən prodüser-redaktor vəzifəsinə qədər yüksəldim. Bu 18 il ərzində doğma kanalımda, doğma Lider ailəsində Elnarə Dərziyeva imzasına daim hörmət etdim. Çalışdığım televiziyanın adına, tutduğu yola sadiq qaldım.

 

 

- Bəs niyə işindən ayrıldın? Səbəb nə oldu?


- Hər yolun bir başlanğıcı olduğu kimi, bir sonu da var. 18 il bir televiziyada qalıb, çalışdığımı eşidənlər həmişə buna təəccüb ediblər. Bir yerdə uzun illər hörmətlə, ehtiramla çalışaraq fəaliyyət göstərmək hər kəsə nəsib olmur. Buna görə özümü xoşbəxt saya bilərəm. Və özümü Lider Televiziyasından çıxmış hesab etmirəm. Ora mənim ailəm, evimdi. Bu həmişə belə olub belə də qalacaq.    


- Hazırda fəaliyyətini hansı istiqamətdə qurmağı planlaşdırırsan?


- İllər öncə, 2010-cu ildə qızım Şəms dünyaya gələndə onun adına “Şəms-Studio” adlı bir hüquqi şirkət yaratdım. Bu sənədli və bədii filmlər, sosial çarxlar və digər sifarişli çəkilişləri həyata keçirən bir istehsal müəssisəsidir. Düşünürəm ki, artıq bu istiqamətdə çalışmağın, müstəqil fəaliyyət göstərməyin zamanı çatıb.


- 20 illik yolun uğurları çətinmi qazanıldı?


- Uğur illərin təcrübəsi, inamı, istəyi, insanın özünü inkişaf etdirməsi nəticəsində əldə olunan ən böyük nailiyyətdir. Mən bunu redaktoru olduğum “5İ Uğur düsturu” kitabına müsahibəmdə də demişəm. Uğur qazanmaq asan deyil. Bunun üçün kifayət qədər səbirli olmalısan. Bu yolda ruhdan düşmək qətiyyən olmaz! Əks halda hansısa məqsədə çatmaqdan söhbət belə gedə bilməz. Qazandığım uğurlara görə isə öncə Tanrıya, daha sonra ətrafımdakı dostlarıma minnətdaram. İnsanın xoşniyyətli, pozitiv, anlayışlı, fikirlərinə önəm verən, hər bir uğuruna sevinən dostlarının olması vacibdir. Çox şükür ki, mənim də ətrafımda həmişə yaxşı insanlar olub.


- Arzularına çatmısanmı? 


- Əgər bu gün jurnalistə, onun peşə fəaliyyətinə, iş təcrübəsinə, dövlət tərəfindən dəstək göstərilib, dəyər verilirsə, illər uzunu çalışdığı xidməti, əməyi qiymətləndirilirsə, demək ki, o bu həyatda arzularına çatıb. Ümumilikdə isə, arzu, uğur nəticədir. Nəticəyə çatmaq üçün zamana ehtiyac var.


- Həmkarlarımıza sözün və tövsiyən...


- Yetişən yeni gəncliyə sözüm çoxdur. Bu başqa bir müsahibənin mövzusu olsun.  Qısaca olaraq, gənc həmkarlara bizim yolumuzu şərəflə, bir jurnalist kimi özünə və imzalarına hörmətlə davam etdirməsini istəyərdim. Çünki bugünkü gündə buna çox ehtiyac var. Sonda bütün həmkarlarıma hər zaman nailiyyətlər, uğurlar əldə etmək diləyi ilə çıxacaqları və ya artıq çıxdıqları uğur yolunda büdrəməməyi, inamla addımlamağı arzulayıram! 


Nigar İSFƏNDİYAR

28.03.2019 17:05 / Baxılıb: 703 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo