Gözəl olur şəhid olan...

Dəyişməyən tabloların seyrinə durmuşuq biz.

Bərkdən qəhqəhə çəkib güldüyümüz, sevindiyimiz o anda qəfil güllə kimi bayraqlı bir rəsm sərilir gözlərimizin önünə.

“Filankəs oğlu filankəs Qarabağ uğrunda döyüşlərdə şəhid olub”. 

Dünya bir anlıq qara geyinir. 

Kimiləri orda qalır, zaman durur, vaxt anlayışı itir. 

Bəziləri yəni sən, mən, o ağ və qaranın ortasındakı boza davam edirik. 

Kəskin rənglərin qoxusu tünd olur. 

Çox ağrımırıq. Ağrımadığımıza görə də yel qayadan heç nə aparmır. 

Yanıq Kərəmiyə oynamaq yanmaq deyil.

Hər tabut gələn ailədə çalınan toy eynidi. Havalanan Ana, dizləri qırılan Ata, başını əyən qardaş, varsa da saçlarını küləyə verən bacı.

Bir ömür ovudacaq...

Tanrının da qəribə işləri var, gözəl olur şəhid olan, ya da şəhid olmaq gözəldi. Qismət olsa, görərik!

Ölülərin üstünə daş qoyulur. Ağrısı daş ağrısıdı... 

Mərdin daşı düşsün dərdin başına! 

Burnuma yovşan qoxusu gəlir.

İzdihamın dağılıb yerində yovşan bitirəcəyini bilən adamam mən. Türkün behişti ona əmanətdi.

Bayraqdakı qırmızı rəng, uğrunda ölənlərin qanını təmsil edir, demişdilər. 

Hər baxanda gözümə qan damlayır. 

Yaraların qaysağı incə...

Yaşıl da İslamın yox, ömrü yarıda bitənlərin rəngidi. 

Yarpaqlar saralmadan düşür ağacdan. 

Göy... O da bizik! Göy bağlamışıq, bərk durmuşuq!

Qanımıza çətin toxunalar... 

Üzümüz daş üzüdü! 

Ağrımın çığırtısını dinləyirəm, Boğazın kənarında. 

Dünyanın ən sevdiyim yerində, ən sevdiyim mənzərədə ən sevmədiyim halıma ağı deyirəm. 

Dərd qırmızı,  

Dəniz mavi, 

Gözlərimin suyu yaşıldı...

İçimdən bir üçrəngli bayraq köçür, torpağa doğru!

Adı Əlləzdi...


Nigar İSFƏNDİYAR

28.03.2019 14:57 / Baxılıb: 382 / Çap
 
    Bu bölmədə
    17.04.2019
    Axına qarşı
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo