Elmar Məmmədyarov Argentina parlamentində görüşlər keçirib

AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentina Deputatlar Palatasının prezidenti, deputat Emilio Monzo və Argentina Senatının müvəqqəti prezidenti, senator Federiko Pinedo ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, E. Məmmədyarovla E. Monzo arasında keçirilən görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Elmar Məmmədyarov səfərinin iqtisadi əlaqə və mübadilənin gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, Palatanın Xarici İşlər və Etiqad Komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə əsasən iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.

F. Pinedo E. Məmmədyarovla görüşdə Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb.

22.03.2019 14:07 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo