Dağlıq Qarabağın azərbaycanlı icmasını qurum kimi qeydiyyata almaq ATƏT MQ üçün zərurətə çevrilir

Aygün Nəbiyeva / AZADİNFORM. “ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın Ermənistana səfəri erməni tərəfinin mövqeyinin aşkarlanması ilə bağlı çox vacib mənbə oldu. M.Mailyan Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin nöqsanlı tərəfini ən yaxşı bilən ekspertdir.

M. Layçakla görüşdə aktuallaşdırdığı bir məsələ hər şeyi aydın göstərir. Masis Mailyan son 27 ildə təqdim olunmuş prinsip və səslənmiş təklifləri köhnəlmiş adlandırdı. Onlara yenidən baxmağı təklif etdi. M.Mailyanın dediyi 27 il sovet dönəminə -1991-ci ilə gedib çıxır. 1991-ci ildə SSRİ Ali Sovetinin və Volski komitəsinin qəbul etdiyi qərarlar qüvvədə idi. M.Mailyan bununla da sübut etdi ki, SSRİ dövründə Dağlıq Qarabağla bağlı qəbul edilmiş qərarlar ermənilərin mövqeyinə uyğun deyildi. Bu ən prinsipial məsələlərdən biridir. Çünki ermənilər Dağlıq Qarabağın SSRİ-dən bu dövlətin qərar və qanunlarına uyğun çıxdığını iddia edirlər”.  

Bunu bu gün keçirdiyi “Qarabağ saatı” konfransında politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq vurğulayıb ki, 1992-ci ildə ATƏT-in yaranması ilə bağlı ortalığa qoyulan tənzimlənmə paradiqması da Ermənistanın maraqlarına cavab vermir: “ M.Mailyan 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının bəyanatını və 4 qətnaməsinin də ləğvini istəyir. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 1997-99-cu illərdə Ermənistan və Azərbaycana təqdim etdikləri 3 variantı (paket, mərhələli həll, ümumi dövlət) inkar edir. M.Mailyan 2007-ci ilin “Madrid Prinsipləri” və 2009-cu ilin “Yenilənmiş Madrid Prinsipləri”ni sıfıra endirib. Mailyanı, N.Paşinyanı və digər erməniləri hazırda ən çox narahat edən məsələ Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətə başlamasıdır. N.Paşinyan eləcə də M.Mailyan Dağlıq Qarabağın azərbaycanlı icmasının Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olduğu və Azərbaycanda qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçdiyini ön plana çıxarırlar. De-yure Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan Respublikasının vətəndaşıdır”.

M. Əhmədoğlu əlavə edib ki, ermənilərin imitasiya resursunu neytrallaşdırmaq, erməniləri tənzimlənməyə daha yaxınlaşdırmaqdan ötrü ATƏT MQ-nin əlində kifayət qədər ciddi diplomatik vasitə yaranır: “Bu Dağlıq Qarabağ azərbaycanlılarının beynəlxalq statusunun tanınması və onun beynəlxalq statusunun ATƏT-in Minsk Qrupunda qeydiyyata alınmasıdır. Bu məsələ indiki dövrdə tənzimlənməyə təkan verəcək. Həm də ona görə ki, Dağlıq Qarabağ ermənilərinə veriləcək aralıq statusda nəzərdə tutulan məsələlərdən biri həmin aralıq icmanın ATƏT-in Minsk Qrupunda qeydiyyata alınmasıdır. Ermənilərin özlərinin yaratdığı ajiotaj fonunda ATƏT-in Minsk Qrupu ilk olaraq Dağlıq Qarabağın azərbaycanlı icmasını qeydə alırsa, ermənilər artıq başa düşəcəklər ki, “Yenilənmiş Madrid Prinsipləri”ndən geriyə çəkilmək mümkün deyil. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini sözdə yox, həqiqətən qəbul etməlidirlər. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi yalnız ermənilər üçün konsensus mexanizminə görə cəlbedici idi. Belə görünür ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti erməniləri daha çox narazı salıb. Dağlıq Qarabağın Azərbaycanlı icması ATƏT-in Minsk Qrupunda qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq öz fəaliyyətini kifayət qədər genişləndirmək imkanına malikdir. Bu, həm Dağlıq Qarabağ erməniləri ilə fərdi təmaslar, sosial şəbəkələr vasitəsilə qurulan əlaqələr, həm də xaricdə keçirilən konfranslar formasında ola bilər.  Bu aktivlik Ermənistan tərəfinin mövqeyini daha da çətinləşdirəcəkdir. Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi həm də ATƏT-in Minsk Qrupu üçün əlavə gərginlik yarada bilər. Bu olmasın deyə ən yaxşısı Dağlıq Qarabağın azərbaycanlı icmasının ATƏT-in Minsk Qrupunda qeydiyyatdan keçməsidir”.

19.03.2019 14:00 / Baxılıb: 364 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo