Mollaların konkret məbləğ istəmələri düzgündürmü?

Aygün Nəbiyeva / AZADİNFORM. Bayram yaxınlaşdıqca bir çox insanlar qəbir üstünə gedər, itirdikləri insanları yad edərlər. Onlar müəyyən məbləğdə pul verərək mollalara dua oxudarlar. Bəzən isə yas mərasimlərində mollaların konkret məbləğ qoyması və hətta, verilən pula qane olmayıb narazılıq edənlərini də görürük.

 

 

 

 

 

Bəs bu nə dərəcədə düzgündür? Mollaların şəriət qanunlarını yerinə yetirərkən məbləğ istəməsi nə dərəcədə doğrudur?

 

“Yeni Müsavat” qəzetinin dini yazarı Kənan Rövşənoğlu Azadinform-a bildirib ki, bu işlər - yəni Azərbaycanda yas mərasimlərinin aparılması üçün xidmətlər hansısa qanuna görə müəyyən olunmur: “Bir qayda olaraq, bir sıra ölkələrdə bu işləri bələdiyyə və dövlət təşkil edir. Məsələn, Türkiyədə dövlət dini xadimlərinə maaş verir. Və ya İran, İraq kimi ölkələrdə isə dini vəqflər din xadimlərinə maaş verir. Amma Azərbaycanda bunlar yoxdur, xüsusilə də Sovet dövründə din qadağan olunduğu üçün bu cür dini xidmətləri xalq özü maliyyələşdirib, yəni bu xidmətlərə görə müəyyən zəhmət haqqı verib. Ancaq təbii ki, din xadimi də insanlara etdiyi xidmətə görə məbləğ təyin etməməlidir. Çünki bu DİN adına görülən işdir. Yəni buna qədər bu iş bir mənada qarşılıqlı anlaşma ilə olub. Amma indi bəzən bu işlərə görə haqq tələb edilməsi halları da olur. Bu cür insanlar zəhmət haqqı istəməkdən haqları olsa da, dini-mənəvi baxımdan məbləğ tələb etmələri doğru deyil”.

 

Mövzu ilə bağlı Azadinform-a danışan sosioloq Asif Bayramov isə qeyd edib ki, əslində yas mərasimlərində mollaların xidməti daha çox şəriət qanunları ilə tənzim olunur: “Şəriət qanunları isə bilavasitə “Quran”ın sosial məzmunundan hasil olan qaydalardır. Əslində isə hər bir molla haqq dünyasına getmiş insan qarşısında özünün Allah qarşısındakı borcunu yerinə yetirir. Allah qarşısında olan borc heç bir şəriət qanununda və “Quran”ın heç bir ayəsində hansısa bir məbləğlə qeyd olunmur. Əksinə, istər “Quran”da, istərsə də şəriət qanunlarında mollaların haqq dünyasına qovuşmuş insanın ruhu qarşısında xidmətləri onların ən savab əməli hesab olunur. Amma çox təəssüf ki, İslam dininin klassik dövründən sonrakı mərhələdə onlar İslamı özünün həm “siyasi”, həm də “biznes” alətinə çeviriblər. O ənənə, şüur, psixologiya zaman-zaman təkmilləşərək, daha yeni-yeni formalar alıb. İçimizdə gerçək, səmimi hacılar da var, amma cəmiyyətdə öz eybəcər adını gizlətmək üçün Həccə gedib, o adı daşıyan insanlar da... Artıq “Hacı” adına sinonim olan neqativ adlar deyilir. Yəni ki, İslam özünün klassik qabından çıxaraq, artıq yeni eybəcər formalara keçdiyindən, bu gün din özünün əvvəlki gücündə, mövqeyində qalmır. O cümlədən, sosial baxımdan dinin qaydalarına xələl gətirən həmin mollaların davranışlarıdır”.

Sosioloq əlavə edib ki, mollaların yas mərasimlərində məbləğ qoyması, pul tələb etməsi onların birbaşa İslama, “Quran”ın özünə və Allah-Təaladan gələn qaydalara təhqirləridir: “İnsanlar bayramqabağı öz yaxınlarının qəbir üstünə gedib, yasin oxutmaq istəyir. Dua oxuyanların nitqinə fikir verin, onların “Quran”ın dilindən yerli-dibli xəbərləri yoxdur. Şəxsən mən dəfələrlə şahidi olmuşam, onlara başa salmaq istəmişəm ki, bu dili bilən, “Quran”dan xəbərləri olan şəxslər üçün siz onların ölülərinin, doğmalarının ruhunu “təhqir edirsiniz”. Hazırda ölkədə molla zümrəsi demək olar ki, savadsız kütlələrdir. Çünki savadlı din rəhbəri heç vaxt hüzrə görə məbləğ istəməz, məzənnə qoymaz. Təəssüflər olsun ki, son zamanlar ölkəmizdə böyük sürətlə yayılan mərasim evləri artıq şadlıq evlərini bu vüslətdə geridə qoyub. Düşünürəm ki, dövlətimizdə bilavasitə dinlə bağlı bu sferaya ciddi diqqət yetirilməlidir. Çünki dinin bu qədər geniş yayılması və mərasim evlərinin böyük sürətlə şadlıq evlərini belə arxada qoyması, hətta şadlıq evlərindəki kimi orada da xüsusi menyular tətbiq olunması xalqın indiki maddi və sosial durumuna uyğun deyil”.

A.Bayramov vurğulayıb ki, bu gün mollaların fəaliyyətini tənzimləyən heç bir normativ hüququ baza yoxdur: “Onlar bu boşluqdan geniş faydalanırlar. Bu bilavasitə cəmiyyətin sosial fəaliyyət sferasına aid olduğundan, bilavasitə normativ hüquqi baza yaradılmalıdır. Ona görə də təklif edirəm ki, bu boşluğu doldurmaq üçün Parlamentdə Xüsusi komissiya yaradılsın və Azərbaycanda din xadimlərini, xüsusən hüzur mərasimlərini tənzimləyən xüsusi normativ hüquqi baza təchiz olunsun”.

18.03.2019 12:00 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo